c35607ec-761b-4856-945f-934477c134b2..jpg

Sahibə Qafarova Misir Nümayəndələr Palatasının sədri ilə görüşüb – FOTO

Baxış sayı: 812 dəfə baxılıb.

Sahibə Qafarova Misir Nümayəndələr Palatasının sədri ilə görüşüb – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri
çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə
görüşüb.

APA xəbər verir ki, Azərbaycan parlament rəhbərinin Misirə səfərindən
məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin
parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə
inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik
dövrünə diqqət yetirən Hanafi Gibali ötən dövr ərzində əldə olunmuş
nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib. O, Misir
Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında
Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə
olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da
genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri
təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar
dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.

İki ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olmasına diqqət
çəkən Hanafi Gibali bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı
imkanların mövcud olduğunu deyib. Palata sədri bildirib ki, hər iki
parlamentdəki dostluq qruplarının əməkdaşlığı bu baxımdan xüsusən faydalı
olacaq.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə toxunan Hanafi Gibali
Azərbaycanın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü və bu çərçivədə
gördüyü işləri yüksək qiymətləndirib. O, Misir parlamentinin özünü Parlament
Şəbəkəsinin bir hissəsi kimi gördüyünü və Şəbəkə çərçivəsində işbirliyini daha
da gücləndirməyə tam hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə
minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki,
Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq
doğurur. Onun sözlərinə görə, münasibətlərimizin inkişafında dövlət başçıları
səviyyəsində qarşılıqlı səfərlər və görüşlər vacib əhəmiyyətə malikdir. Bu
mənada, Azərbaycan Prezidentiİlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi
səfəri, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin
27-28 yanvar tarixlərində Azərbaycana işgüzar səfəri Misir-Azərbaycan
münasibətləri tarixində mühüm rola malikdir.

Bu gün ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən
spiker Sahibə Qafarova, həmçinin bildirib ki, Azərbaycanla Misirin beynəlxalq
təşkilatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı
çərçivəsində birgə fəaliyyəti, qarşılıqlı dəstəyi də məmnunluq doğurur.

Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında olan
münasibətlərdə parlamentlərin öz yeri var. Bu gün parlamentlərimiz arasında
səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı
imkanlar mövcuddur. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri,
görüşləri bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Onun sözlərinə görə,
dostluq qrupları öz fəaliyyətləri ilə parlamentlərimiz arasında körpü rolunu
oynayırlar.

Həmçinin qeyd olunub ki, parlamentlərimiz arasında beynəlxalq parlament
təşkilatları – Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqı çərçivəsində də yaxşı əməkdaşlıq təcrübəsi var. Yeni
yaranmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi də birgə səylərlə
parlamentlərarası əməkdaşlığın səmərəli platformasına çevriləcək. Sahibə
Qafarova qeyd edib ki, dostluq qruplarının qarşılıqlı səfərləri, müvafiq
komitələrin təcrübə mübadiləsi, əməkdaşlığı parlamentlər arasında əlaqələri
daha da gücləndirə bilər.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi
bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat
verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş
ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Artıq keçmiş məcburi
köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasına başlanılıb. Təəssüf ki,
həmin ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəni, dini
abidələrimiz yerlə yeksan edilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu da
Ermənistanın islamofob mahiyyətinin göstəricisidir. Onun sözlərinə görə,
Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarının məhz
Azərbaycan olmasına və beş əsas prinsip əsasında sülh sazişinin imzalanmasını
təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş
etdirir və Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Spiker Sahibə Qafarova deyib ki, Ermənistan sülhə maneə yaradan destruktiv
davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar
atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının
yeganə yoludur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi
aparılıb.

Source link