297a1d34-0d31-43c6-b978-14e13f77da71..jpg

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında Ermənistan spikeri ilə görüşündən danışıb – FOTO

Baxış sayı: 697 dəfə baxılıb.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında Ermənistan spikeri
ilə görüşündən danışıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə
heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində
keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında “Parlament
diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması” mövzusunda
çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Milli Məclisin spikeri Parlamentlərarası
İttifaqın 148-ci Assambleyasının işinə uğurlar arzulayıb. O, sülh,
təhlükəsizlik və qarşılıqlı anlaşma məsələsinin qurumun 2024-cü il üçün
strateji siyasət istiqaməti və müzakirələrin mövzusu kimi seçilməsinin önəmini
vurğulayaraq, bildirib ki, sülh və qarşılıqlı anlaşma məsələsi böyük əhəmiyyət
qazanaraq həlledici bir amilə çevrilib. Daha yaxşı bir dünyaya olan ümidlərimiz
sülh və qarşılıqlı anlaşma ilə sıx bağlıdır.

Sahibə Qafarova bu gün dünyanın daha parçalanmış və daha təhlükəli hala
gəlməsindən söz açaraq bildirib ki, bunun beynəlxalq qaydalara əməl
olunmamasının, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük
təşkil etməsinin nəticəsi kimi çoxtərəfli mexanizmlərin səmərəsizliyi ilə
əlaqələndirildiyi barədə müzakirələr var.

Spiker diqqətə çatdırıb ki, bu məsələlər bir neçə gün əvvəl Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 68 ölkədən 400-dən artıq
yüksək səviyyəli qonağın iştirak etdiyi 11-ci Qlobal Bakı Forumu çərçivəsində
“Parçalanmış dünyanın bərpası” mövzusunda geniş müzakirə olunub.

Birləşmiş Millətlər Təşkilatının mərkəzində dayanan daha güclü, daha səmərəli
və çoxtərəfli inklüziv sistemin yaradılması zərurəti ilə bağlı ümumi
konsensusun mövcudluğuna diqqət çəkən spiker bildirib ki, bu sistem beynəlxalq
hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ciddi şəkildə,
ayrı-seçkilik qoymadan tətbiqinə, dövlətlərin suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsinə, ədalətin qorunmasına əsaslanmalıdır. Vurğulanıb
ki, bu, hamımızın nail olmağa çalışdığı sülhü və anlaşmanı bərpa etmək və
qorumaq üçün bir ön şərtdir.

Milli Məclisin sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq,
parlamentlərin sülh və qarşılıqlı anlaşmaya nail olmaqda rolu barədə
fikirlərini bölüşüb. O, deyib ki, parlament diplomatiyası qlobal problemlərin
həllində çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın qorunub saxlanılmasının hər
zamankından daha vacib olduğu mövcud beynəlxalq çətinliklər kontekstində
ölkələrarası əlaqələrdə mühüm amilə çevrilib. Onun sözlərinə görə, daha geniş
bir perspektivdən baxılmalı olan sülh və təhlükəsizlik problemlərinə qarşı
parlamentləri təkbaşına bir vasitə kimi görmək həddindən artıq nikbinlik
olardı. Lakin dialoqun sülh üçün əsas tələb olması konsepsiyasını nəzərə alsaq,
parlamentlər sülhə və qarşılıqlı anlaşmaya körpü salmaq üçün effektiv əlavə
mənbəyə çevrilirlər. Xalqın nümayəndələri olaraq parlamentlər etimad,
təhlükəsizlik və sülh içində dinc birgə yaşamaq kimi məsələlərin həllinə mühüm
töhfələr verə bilərlər.

Milli Məclisin sədri bu kontekstdə PAİ rəhbərliyinin, xüsusən də baş katib
Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin spikerlərinin ilk
görüşü üçün platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib. O,
bildirib ki, bu gün hər iki ölkə sülhə əvvəlkindən daha yaxındır. İki ölkənin
parlamentləri arasında bu cür görüşlər konstruktiv müzakirələr üçün faydalı
mexanizm olacaq.

Spiker Sahibə Qafarova xüsusilə söyləyib ki, bəyan edilmiş hədəflərindən
yayınan digər bəzi parlamentlərarası təşkilatlardan fərqli olaraq, PAİ dialoq
baxışına sadiq qalır və tərəflər arasında təmaslara körpü yaratmaq kimi mühüm
rol oynayır.

Sülh və qarşılıqlı anlaşmanın bu gün qarşılaşdığımız qlobal problemlərin həlli
üçün ilk və ən vacib şərt olduğunu ifadə edən Sahibə Qafarova sülh və
qarşılıqlı anlaşma olmadan qlobal və təcili cavab tədbirləri tələb edən
problemlərin birgə həlli üçün lazım olan həmrəyliyi və səmimi dialoqu təmin
etməyin çətinliyini diqqətə çatdırıb. Kollektiv səy tələb edən ən böyük
problemlərdən birinin iqlim dəyişikliyi olduğunu bildirən spiker deyib ki,
gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının iyirmi doqquzuncu sessiyasının ev sahibi olaraq seçilməsini və
tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsinin nəzərdə tutulmasını
Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə İqlim
Dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirən Milli
Məclisin sədri bizim bundan böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti
də dərk etdiyimizi deyib. Sahibə Qafarova bildirib ki, ümumi iş naminə
toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan
beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı
gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.

İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərimizə
çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə
Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız
konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində
həyata keçirə biləcəyik.

Parlamentlərarası İttifaqın iqlim dəyişikliyini təcili müdaxilə tələb edən
dörd prioritet sahədən biri olaraq təyin etməsinə diqqət çəkən Sahibə Qafarova
Parlamentlərarası İttifaqın parlamentlərin iqlim dəyişikliyi ilə mübarizə və
iqlim dəyişikliyi fəaliyyətlərini səfərbər etmək səylərini dəstəkləmək
istiqamətində böyük yol qət etdiyini bildirib.

Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın
fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası
İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının
Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində
parlament görüşü təşkil etməyi planlaşdırır.

Bildirilib ki, bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə
fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı
təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.

Source link