Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.
Bu barədə Cixisyolu.com-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində aprelin 15-də Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) sədri Talant Mamıtovla görüşüb.
S.Qafarova qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır.
Bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərin hüquqi bazasını təşkil edir.
Görüşdə məlumat verilib ki, bu gün Azərbaycanda müxtəlif siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir.
“Böyük transmilli layihələr, neft və qaz boru kəmərlərinin inşası ölkəmizin, o cümlədən, tərəfdaş dövlətlərin inkişafına mühüm imkanlar yaradır. Eyni zamanda, Böyük İpək Yolunun bərpası həm Azərbaycan, həm də bu strateji yolun üzərində yerləşən ölkələr üçün çox böyük əhəmiyyətə malikdir”.
Spiker iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qruplarının rolunu qeyd edib, beynəlxalq parlament təşkilatlarında uğurla həyata keçirilən əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, Joqorku Keneş Milli Məclisin Əməkdaşlıq Memorandumu imzaladığı parlamentlərdən biridir.
S.Qafarova 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın BMT-nin qətnamələrini icra edərək öz torpaqlarını işğaldan azad etdiyini söyləyib. Hazırda münaqişənin geridə qaldığını və ölkəmiz üçün yeni bir mərhələnin – quruculuq və yenidənqurma dövrünün başladığını qeyd edib.
Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu münasibətlərin dərinləşməsi üçün yaxşı şərait olduğunu söyləyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Deputatlarımızın mütəmadi görüşləri, müxtəlif beynəlxalq platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir.
O, Azərbaycanın qlobal pandemiya – koronavirusa qarşı mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Talant Mamıtov daha sonra Qırğızıstanda keçirilən referendumun nəticələri haqqında məlumat verərək, bu səsvermənin ölkəsinin gələcək inkişaf tarixində mühüm rol oynayacağını vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.