Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası
çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri
Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və
vasitəçiliyi ilə təşkil olunub.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda
iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi
barədə məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən
keçirmək barədə razılığa gəliblər.
Görüş konstruktiv mühitdə baş tutub.
18:27
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası
çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri
Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.
Cixisyolu.com xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi
ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh
danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək
göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.
17:00
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə
heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini BMT-nin Cenevrə
bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi
nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci
Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında
və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak edəcək.
Tədbirlərdə Milli Məclisin sədrinin çıxışları, bir sıra ölkələrin parlament
sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan
Məmmədov, Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Şahin İsmayılov,
Səbinə Xasayeva, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi
şəxslər daxildirlər.