42effa99-e0c0-4215-95c0-8b2d6f27f24f..jpg

Sahibkarlıq subyektləri üçün KOBİA-dan yenilik

Baxış sayı: 491 dəfə baxılıb.

Sahibkarlıq subyektləri üçün KOBİA-dan yenilik
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan
Respublikasının Qanununda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid
reyestrinin yaradılması nəzərdə tutulub.

Bu barədə Cixisyolu.com-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)
bildirilib.

Vurğulanıb ki, bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 13
may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq olunub. Sözügedən
əsasnamə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o
cümlədən reyestrin aparılması qaydasını və buraya daxil edilməli olan
məlumatların siyahısını müəyyən edir.

Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət
qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin
qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə
edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və
ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri
barədə zəruri məlumatların operativ əldə olunmasına, istifadəçilər üçün
rahatlığın təmin edilməsinə, həyata keçirilən prosedurlar və onların
nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcəkdir.

KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən subyektin adı,
ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə
vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət
sahəsi, keçirilmiş yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən
həyata keçirilən qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini tapacaq.

KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət
qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən
reyestrdən istifadə edə biləcəklər.

Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir
(KOBİA).

Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.

Source link