Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Məmmədova (Laçın), Əli Ağami, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, prosesdə şahid qismində ifadə verən Ağstafa RPŞ-nin əməkdaşı Fərhad Quliyev bildirib ki, sözügedən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində qurulan postlardan birində xidmət aparıb.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin olduğu “Opel” markalı maşın posta yaxınlaşarkən qəflətən istiqamətinə dəyişib. Buna görə onlar şübhəli avtomobili təqib ediblər:
“Kəndin girəcəyində maşın dayandı, biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən düşən bir nəfər qaçdı. Arxa oturacaqda bir xanım əyləşmişdi. Biz hər iki şəxsi bölməyə apardıq”.
Daha sonra şahid qismində təqsirləndirilən şəxs Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşı Ədalət Zeynalov ifadə verib:
“Telli xanım vaqon rəis idi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Açarı tapdım, Fədayə xanıma verməli idim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Başqa bir adam gəldi. Gecə dəmir yolunda açarı həmin şəxsə verdim. Lakin həmin adamın üzünü xatırlamıram”.
Növbəti proses sentyabrın 5-nə təyin edilib.
Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, üç nəfər isə vəzifəsindən azad edilib.
Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla, istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.