Sahil Babayev: “Son beş ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son beş il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat
proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median
əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.
“Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin
edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz.
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif
tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin
rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən
məşğulluğun genişləndirilməsinə yönəlib”, – deyə S. Babayev qeyd edib.