e298218e-f69a-4b7e-b3bf-dde3f28cb849..jpg

Şahin Bağırov: “Sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərclər minimuma endiriləcək”

Baxış sayı: 577 dəfə baxılıb.

Şahin Bağırov: “Sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət
və xərclər minimuma endiriləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın zamanlarda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi
sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri
minimuma endirəcək.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin
Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf
impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti
risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın
öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində
işlər görmüş və mühüm uğurlar əldə edilib:

“Belə ki, yaxın zamanda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz
Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və
xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz
müsbət töhfəsini verəcək”.

O bildirib ki, Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində ölkə
ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar
yaranıb:

“Xüsusən, tarixi İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal
perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların
optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda
duran ən əhəmiyyətli məsələlərdəndir. Dövlətimizin iqtisadi sütunlarından olan
gömrük xidməti respublikamızın ərazisindən keçən beynəlxalq dəhlizlərin
təşviqində və qonşu dövlətlərlə sıx əməkdaşlıq etməklə bu dəhlizləri
cəlbediciliyinin artırılmasında aktiv fəaliyyət göstərir”.

DGK-nın sədri qeyd edib ki, komitənin əsas vəzifələrdən biri, həmçinin ölkənin
tranzit potensialının gücləndirilməsinə töhfə verməkdir və bu istiqamətdə mühüm
addımlar atılır.

“Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin
ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında
multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər
üzərində rəqəmsal qovşaq mexanizmi olacaqdır. Eyni zamanda, Şimal-Cənub dəhlizi
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda Azərbaycan, Rusiya və İranın
gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq
işlər aparılır.

Ölkəmizin tranzit potensialının inkişaf etdirilməsi məqsədilə Avropa
İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi də Dövlət
Gömrük Komitəsinin Gömrük İnkişaf Modelinin planlaşdırılan layihələrinə daxil
edilir. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi Azərbaycan
iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni
imkanlar yaradacaq, tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin edəcək
və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək”, – deyə Ş.Bağırov əlavə
edib.

Source link