5305a3b0-dc77-408b-8b54-14704dbb65de..jpg

Şahin Diniyev: “Bizim bəlamız “Turan Tovuz”la oyundan sonra başladı” – MÜSAHİBƏ

Baxış sayı: 587 dəfə baxılıb.

Şahin Diniyev: “Bizim bəlamız “Turan Tovuz”la oyundan sonra başladı” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heyətimizi keniyalı Ayub Masika və qvineya-bisaulu Madi Queta ilə
gücləndirdik. Onların kollektivə uyğunlaşma dönəmi də vacib olacaq”.

Bunu “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev “Report”a müsahibəsində
deyib.

Müsahibəni təqdim edirik:

– Premyer Liqada qış fasiləsi artıq başa çatır. İlk yarını necə dəyərləndirmək
olar?

– Mövsümə yaxşı başlamadıq, ilk üç turda 1 xal topladıq. Daha sonra 12-ci tura
qədər yaxşı futbol sərgilədik və uğurlu nəticələr qazandıq. Bizim bəlamız 12-ci
turda “Turan Tovuz” üzərində qələbə qazandığımız matçdan sonra başladı. Həmin
görüşdə 4 futbolçumuz zədələndi. Hamısı da görünməyən zədələr idi. Ardından
Cabir Əmirli əməliyyat olundu. Ağabala Ramazanov, David Qomis və Aleksandr
Ramalinqomun sıradan çıxmaları hücum xəttində böyük problemlərə yol açdı. Bu
səbəbdən sonrakı 6 oyunu yaxşı keçirə bilmədik. Yalnız qış fasiləsi ərəfəsində
toparlandıq, sonradan oyuna qoşulanları da sistemə sala bildik. Ancaq 5-6
futbolçunun olmaması bizə böyük zərbə vurdu. Həm oyunumuzu itirdik, həm də
istədiyimiz xalları toplaya bilmədik. Bir sözlə, mövsümün ilk yarısını üç
hissəyə bölmək olar.

– Sadaladığınız amilləri nəzərə alsaq, ilk yarını ürəyiniz istəyən mövqedə
bitirmədiyiniz qənaətinə gəlmək olar?

– Səmimi cavab verim. Əvvəlcədən desəydilər ki, qış fasiləsinə ikinci
pillədəki komandadan 3 xal geridə, turnir cədvəlinin isə ilk beşliyində
yollanacaqsınız, razılaşardım. Ancaq göstərdiyimiz oyuna əsasən bildirməliyəm
ki, “Turan Tovuz”la qarşılaşmada dediyim problemləri yaşamasaydıq, daha çox xal
toplayardıq. Bir tərəfdən üzülür, digər tərəfdən sevinirəm.

– Türkiyədəki təlim-məşq toplanışı zamanı iki yoxlama görüşü keçirdiniz.
Rumıniya təmsilçisi “Universitatya Kluj”a (0:0) və Rusiya “Fakel”inə (0:1)
qalib gələ bilmədiniz. Mövsümün ikinci yarısına hazırsınız?

– Bununla bağlı fikirlər müxtəlif ola bilər. Yəni məşqçinin düşündükləri
alınmaya da bilər. İlk oyunlarda uyğunlaşma prosesi getməlidir. Ancaq yenə də
səmərəli toplanış keçirdik. Fikrimcə, komandam ikinci yarıya tam hazırdır.

– İki yeni hücumçunu heyətinizə qatdınız. Planda başqa transferlər də var?

– Heyətimizi keniyalı Ayub Masika və qvineya-bisaulu Madi Queta ilə
gücləndirdik. Onların kollektivə uyğunlaşma dönəmi də vacib olacaq. İndi yaxşı
futbolçu transfer etmək çox çətindir. Masika və Quetanı da çətinliklə heyətə
qatdıq. Əslində güclənmədik, hücumdakı boşluqları doldurduq. David Qomis,
Ağabala Ramazanov və Süleyman Əhmədovun yoxluğunda ön xətdəki problemi həll
etdik.

– Premyer Liqa və ölkə kubokunu nəzərə alsaq, qarşıdakı 5 oyunun 3-nü “Zirə”yə
qarşı keçirəcəksiniz. Eyni rəqiblə tez-tez qarşılaşmaq bezdirici olmur?

– Qısa zaman ərzində eyni rəqiblə tez-tez üz-üzə gəlmək hər iki komanda üçün
çətindir. Həm çempionat, həm də kubok görüşü bizim üçün vacibdir. Hər iki
“cəbhə”də vuruşacağıq. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır və futbolçu
seçimi yaxşı olan məşqçiləri var. Hər iki komanda liderlər qrupunda qərarlaşıb.
Başa düşürük ki, çempionatın qarşıdakı görüşü 6 xala bərabər olacaq.

– Aranızda cəmi 3 xal fərq var. Hədəf müəyyənləşdirmək baxımından bunu
həlledici matç hesab etmək olar?

– Həlledici olacağını düşünmürəm. Ondan sonra çempionatda hələ 17 görüş
olacaq. 2-3 tur ərzində çox şey dəyişir.

– Mövsümü neçənci pillədə başa vurmaq sizin üçün uğur sayılacaq?

– Çox çətin sualdır. Mövsümün əvvəlindən qarşıya qoyulan vəzifə ilk altılıqda
yer almaqdır. Burada nə qədər irəli addım atsaq, bizim üçün uğur olacaq.

Source link