6dfd2c87-59aa-4370-a66d-dd4a8a94c95e..jpg

Şahin Diniyev: “Rəhbərliklə görüşdə bizdən nə istədiklərini dedilər” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 565 dəfə baxılıb.

Şahin Diniyev: “Rəhbərliklə görüşdə bizdən nə istədiklərini dedilər” –
MÜSAHİBƏ + FOTO

ASCO İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev ötən
gün klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.

Görüşün təfərrüatını öyrənmək və komandanın hazırkı durumu barədə məlumat
almaq üçün Bakı klubunun baş məşqçisi Şahin Diniyevlə əlaqə saxladıq.

57 yaşlı mütəxəssis “Report”a müsahibəsində, həmçinin Azərbaycan millisinin
oyunu barədə fikirlərini bölüşüb.

– ASCO İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyevin
dünən komanda ilə görüşü olub. Görüş zamanı nələr müzakirə olunub?

– Mövsümün ilk 5 turundan sonra rəhbərlik klubla görüşmək istədi. Görüşdə
klubun bizdən və komandanın sponsordan gözləntiləri müzakirə olundu. Bizdən nə
istədiklərini bildirdilər.

– İstəkləri nədir, qarşınıza konkret hədəf qoyulub?

– Konkret hansısa yeri tutmaq yox, dayanıqlı, sabit, yaxşı futbol oynayan
komandanın formalaşması qarşıya qoyulan əsas məqsəddir.

– Müşahidə Şurasının sədri ilk 5 turun nəticələrindən məmnundur?

– Açığı, nəticə baxımından mövsümə pis başlamışdıq. İlk üç turda bir xal
toplamışdıq. Belə vəziyyətdə heç kim səfərdə “Turan Tovuz”u, evdə isə
“Qarabağ”ı məğlub edəcəyimizi gözləmirdi. Əsas odur ki, oyun baxımından
komandadan razıdırlar. Çünki bütün matçlarda əsl futbol ortaya qoydular. Adi
səhvlər nəticəsində xallar itirmişdik. Son görüşləri sabit keçirdik. Təsadüfi
qələbələr olmadı. Rəhbərliyin razı olması o demək deyil ki, 5 turdan sonra
dayanmaq olar. Xeyr, artırmalı, inkişaf etməliyik. Potensiallı futbolçularımız
var.

– Startda uğursuz nəticələrdən sonra gözlənilmədən ardıcıl iki qələbə
qazandınız. Baş məşqçi kimi özünüz razısınız?

– Açığı, mən bunu gözləyirdim. Öncədən demişdim ki, 6-7 turdan sonra “Səbail”
normal futbol oynamağa çalışacaq. Türkiyədə keçirdiyimiz təlim-məşq
toplanışında bunları görürdüm. Yay fasiləsində əsas heyətin 9 oyunçusu
komandadan ayrıldı. Belə vəziyyətdə ilk vaxtlar futbolçular arasında anlaşmada,
uyğunlaşmada problem olacağı gözlənilən idi. Yeni qurulan kollektiv bir yerdə
çox oyun keçirdikcə daha yaxşı nəticələr qazanacaqdı. Üstəlik, 8 yeni
legionerimiz var idi. Burada psixoloji amil də var. Ola bilsin ki, ilk vaxtlar
kimlərsə çempionatı düzgün qiymətləndirməyib. Ən vacibi uyğunlaşma idi ki, bu
da zamanla həllini tapır. Hətta düşünürəm ki, futbolçular tez uyğunlaşa
bildilər.

– Ardıcıl iki qələbədən sonra milli komandaların oyunları ilə əlaqədar Premyer
Liqada fasilə yarandı. Razısınız ki, bu fasilə sizin üçün yerinə düşmədi?

– Tamamilə razıyam. Ritmə düşmüşdük, oyunumuzu tapmışdıq. Uğursuz nəticələr
göstərən komanda üçün fasilə faydalıdır. Amma uğurlu periodda olan komandanın
dayanması ziyanına işləyə bilər.

– VI tur çərçivəsində sentyabrın 16-da Gəncə səfərinə yollanacaqsınız.
“Kəpəz”lə matçdan nə gözləyirsiniz?

– Bizi Gəncədə çətin oyun gözləyir. Orada çıxış etmək hamıya çətindir. Azər
Məmmədov yaxşı kollektiv yaradıb. “Kəpəz” evdə “Neftçi”ni məğlub edib, səfərdə
“Qarabağ”la heç-heçə edib. Yəni elə-belə rəqiblə oynamayacağıq.

– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə
məğlub olub, sonra yoldaşlıq görüşündə İordaniyaya (2:1) qalib gəlib. Yığmanın
çıxışı barədə nə deyə bilərsiniz?

– Düşünürəm ki, Belçika ilə oyun hamımızı təəccübləndirdi. İsveç, Avstriya və
Estoniya ilə matçların nəticələrindən sonra hər kəs Belçika kimi böyük yığma
önündə böyükhesablı məğlubiyyət gözləyirdi. Nə qədər milliyə dəstək olsaq da,
reallıq bundan xəbər verirdi. Ancaq yığmamız seçmə mərhələdə ən yaxşı oyununu
məhz Belçikaya qarşı keçirdi. Təkcə müdafiə olunmadı, hücumlara da atıldı, qol
vəziyyətləri yaratdı. Komandamız həm müdafiədə, həm də hücumda yaxşı oyun
sərgilədi. Belçika ilə heç-heçə təsadüf sayılmazdı. O ki qaldı İordaniya ilə
görüşə, rəsmi oyunla yoldaşlıq matçına motivasiya olunmaq baxımından fərq var.
Belçika ilə qarşılaşmanın davamı olmasa da, komandamız inamlı çıxış etdi və
qalib gəldi.

– Oğlunuz Coşqun Diniyev xüsusən Belçika ilə matçı pis keçirməsə də, qol
zamanı etdiyi səhvə görə çox tənqid olundu. Onun çıxışına necə qiymət
verərdiniz?

– Bir mütəxəssis kimi deyə bilərəm ki, Coşqun məni təəccübləndirdi. Ötən
mövsümdəki Coşqun deyildi. Daha inamlı, atletik, sərt futbol oynayan, tez
düşünən Coşqun izlədim. Faydalı iş əmsalı daha çox idi. Belçika kimi komandanın
orta sahədə dominantlıq edə bilməməsinin əsas səbəbkarları yığmamızın
yarımmüdafiəçiləri idilər. Oyunun taleyini həll etmək üçün də orta sahəni ələ
keçirmək ilk şərtdir. Belçika yarımmüdafiədə rahat oynamadısa, onlara qarşı
çıxış edən orta sahə oyunçularımızın əməyini yerə vurmaq olmaz. Düşünürəm ki,
Coşqun İordaniya ilə görüşü daha yaxşı keçirdi. Ümumi ansambldan heç də geri
qalmadı, milliyə kömək etdi.

Source link