24783399-6dde-40b6-bf3e-544440c4b079..jpg

Şahmar Ələkbərovun məşhur qohumu: “Mənə rol təklif etdi, razı olmadım”

Baxış sayı: 552 dəfə baxılıb.

Şahmar Ələkbərovun məşhur qohumu: “Mənə rol təklif etdi, razı olmadım”

23 avqust tarixi mərhum aktyor, Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür.
20 illik yaradıcılığı dövründə müxtəlif rollarla tamaşaçıların yaddaşında
silinməz iz qoyan Şahmar Ələkbərov daim xoş xatirələrlə yad olunur.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da həyatdan erkən
getmiş Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüb. O, mərhum sənətkarla
qohum olduğunu bildirib.

Modern.az saytı Məlahət Abbasovanın Şahmar Ələkbərovla bağlı xatirəsini təqdim
edir:

“Şahmar müəllimin atası Zülfüqar dayı mənim nənəmlə doğma bibioğlu-dayıqızı
olublar. Nənəm və Şahmar müəllimin anası İzulət xala rəhmətə gedənə qədər
həmişə görüşürdülər. Yadımdadır ki, hər həftəsonu nənəmgil onlara gedirdilər.
Xeyirdə-şərdə həmişə bir-birilərinə dayaq olublar.
Yadımdadır, nənəmgilin Şahmar müəllimin qardaşları Müzəffər, Qəzənfər, Arif,
Fikrət, Əkrəm dayı ilə hər zaman münasibətləri vardı. Mən isə ən çox Əkrəm
dayını sevərdim. Demək olar ki, hər həftə bizə gələrdi.

Şahmar müəllimlə mən “Sən həmişə mənimləsən” tamaşasından sonra institutun
dəhlizində qarşılaşarkən tanış olmuşdum. Bir gecədə tamaşamız böyük “partlayış”
etmişdi. Hamı məni tanımağa başlamışdı. Şahmar müəllimlə də qarşılaşanda üzümə
baxıb gülümsədi və yanıma gəldi. Salamlaşdıq. Mən ona ”bilirsiniz, Şahmar
müəllim, biz qohumuq” dedim. O da maraqlı baxışlarla “necə qohumuq?
Kimlərdənsiniz?”, – deyə soruşdu. Mən “Səlfinaz nənənin nəvəsiyəm” dedim. O da
gülərək “mən də deyirəm axı bu istedad haradan gəlir“ söylədi. Bir az söhbət
edib ayrıldıq…

Sonralar məni özünün çəkdiyi iki filmə dəvət etdi. “İmtahan“ filmində balaca
bir rol verdi. Digər filmdə isə baş rolu təklif etdi. Amma o filmdə təcavüz
səhnəsi olduğuna görə qəbul edə bilmədim.

Hər dəfə kinostudiyaya yolum düşəndə otağına gedirdim. Gözəl söhbətlərimiz
olurdu. Sonra mən Türkiyəyə köçdüm. Onun rəhmətə getdiyini eşidəndə elə bil
dünya başıma yıxıldı. Sənətə gəlməyimin əsas səbəbi ona uşaqlıqdan olan
heyranlığım idi. Allah rəhmət eləsin. Həmişə qəlbimdədir”.

Qeyd edək ki, Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

Source link