Sakin: “Laçındakı çal-çağır yaralarımıza məlhəm oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Laçındakı çal-çağır laçınsız günlərimizin yaralarına məlhəm oldu”.
Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Laçın şəhər sakini Xəyyam
Cəfərov bildirib.
O, Laçın işğal olunanda doqquz yaşı olduğunu söyləyib:
“Ermənilərın evlərimizi yandırmaları hələ də gözümün önündən getmir. Yaşım az
olsa da, bu dəhşətli səhnəni həzm edə bilmirdim. Düşünürdüm ki, axı bu necə ola
bilər, kimsə sənin evini yandırsın, sən də heç nə edə bilməyəsən. Laçına
çəkilən “dağ”, o alovlar gözümün qarşısından heç vaxt getmədi”.
X.Cəfərov bu gün doğma ata yurdunda yenidən inşa edilən evinin sevincini belə
ifadə edib:
“Bu günümüzə min şükür olsun deyirəm. İllərdir etdiyimiz dualar qəbul oldu.
Elimizdə, obamızdayıq, ən əsası uşaqlıq illərimin doqquz ilini yaddaşımda
silinməyəcək şəkildə qalan doğma evimizdə ocağımızı yandırırıq. Ölkə başçısına
nə qədər təşəkkür etsək də azdır. Əsgərlərimizə nə qədər minnətdar olsam
yetməz, şəhidlərimizin ruhu qarşısında səcdə edirəm. 30 ildə kimsə yanımda
vətən deyib danışanda, el-oba deyib söhbət açanda içimdə bir sızıltı hiss
edirdim. O adamlara yaxşı mənada paxıllıq edirdim. Axı bizim də bu vətəndə
evimiz olub”.
Keçmiş məcburi köçkün yaşadığı həsrət dolu günlərin bitdiyinə sevinir,
övladına doğma Laçını sevdirə bildiyi üçün özünü xoşbəxt sayır:
“Bir övladım var, o da səkkizinci sinifdə oxuyur. Bu gün həm də ona görə çox
sevinirəm ki, Laçını görməyən övladıma bu torpaqları sevdirə bilmişəm. Artıq o
burada məktəbə gedir. Onun Laçını görmədən ona bu qədər vurğun olduğunu görəndə
çox sevinirəm. Deməli, vətən sevgisini öz övladıma aşılaya bilmişəm. Laçına
köçməyimiz barədə xəbər veriləndə çox sevindim. O sevinc hisslərini sözlə
təsvir etmək mümkün deyil. İndi gələn hər insan səsi, Laçında olan çal-çağır
laçınsız günlərimizin yaralarına məlhəm olur.
Məskunlaşdığımız yerdən bura gələnə qədər həyəcan hissləri məni rahat
buraxmadı. Burada dövlət hər cür şərait yaradıb. Əsas məşğuliyyətdir, kim hansı
sahə ilə məşğuldursa, o sahədə köməklik edirlər. Hər şeydən razıyıq”.