6e95fb33-70cb-40af-bfe4-4d8d2b4df242..jpg

Salyanda gənc oğlan yeniyetmə ilə evləndi, siqaretlə ona damğa basdı… – TƏFƏRRÜAT

Baxış sayı: 698 dəfə baxılıb.

Salyanda gənc oğlan yeniyetmə ilə evləndi, siqaretlə ona damğa basdı… –
TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda 2003-cü il təvəllüdlü Nəsimi qeyri-rəsmi ər-arvad kimi
yaşadığı, yetkinlik yaşına çatmamış Vəfaya (adlar şərti verilib – red.) işgəncə
verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi 2022-ci il iyulun 19-da evliliklə bağlı
təşkil olunmuş məclisdən sonra Salyan rayonunun kəndində yaşadığı fərdi yaşayış
evində on altı yaşına çatmadığını bildiyi həmkəndlisi Vəfa ilə onun öz razılığı
əsasında cinsi əlaqədə olub.

Həmin il sentyabr ayının 20-dək müddətdə yaşadıqları evdə Nəsimi on altı
yaşına çatmamış Vəfa ilə dəfələrlə cinsi əlaqəyə girib. Bundan başqa, o,
2022-ci il iyulun 19-da evləndikdən sonrakı günlərdən başlayaraq sentyabrın
20-dək birgə yaşadıqları evdə Vəfanı heç bir əsaslı səbəb olmadan mütəmadi
olaraq döyüb, zorakı hərəkətlər tətbiq etməklə güclü fiziki ağrı və psixi
iztirab verib.

2022-ci il avqustun sonlarında, saat 22 radələrində Vəfaya əzab verdiyini dərk
edərək bu məqsədlə siqaret kötüyünü onun sağ əlinə basıb. Bu yanıqdan qadında
xəsarət izi qalıb. Həmin ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində
isə Vəfanı yerə yıxaraq təpiklə döyüb.

İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 133.2.4
(təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz
vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 152.1-ci (on dörd yaşına çatmış,
lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vəfa ilə 19
iyul 2022-ci ildə evlənib və onun yetkinlik yaşına çatmadığını bilib:

“2022-ci ilin avqustun sonunadək aramızda münasibətlər yaxşı olub. Tələbə
yoldaşım olan qızlarla danışanda məni Vəfa gördü. Buna görə aramızda mübahisə
oldu. Vəfa anasını, nənəsini çağırdı, onlarla evlərinə getdi. Sonradan atası
zəng edərək məni söydü, qarşılıqlı olaraq cavab mesajları yazdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2022-ci ildə bilet alaraq
Türkiyəyə getmək istəyərkən aeroportda onun çıxışana qadağa qoyulduğunu bilib:
“Aeroportdan məni polisə gətirdilər. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları
məni Salyana apardılar.

Heç vaxt Vəfanın əlinə siqaret basmamışam və onu döyməmişəm. Evdə anam,
qardaşım və biz yaşamışıq. Vəfanın bud nahiyəsinə xəsarətləri yetirməmişəm. Ola
bilsin ki, evdə budu harasa dəyib və xəsarət alıb. Vəfa ilə barışmaq istəyirəm.

Vəfanın atası məni söyəndən sonra sentyabrın sonunda həyətdə özümə qəsd etmək
istəmişəm. Üstümə tibbi spirt tökərək yandırmağa cəhd eləmişəm. Əllərim, ayağım
və bədənim yanıb. Yanğını qohumlarım söndürüblər”.

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, iyulun 19-da Nəsimi ilə evlənib və
sentyabrın 20-dək onun anasının evində yaşayıblar: “Bu müddət ərzində ər-arvad
münasibətində olmuşuq. Avqust ayının sonunda Nəsimi anası ilə mübahisə etdi və
hirsini mənə tökdü. Saat təqribən 22 radələrində siqaret çəkdiyi vaxt mənə
bezdiyini deyərək, yanan siqareti sağ əlimin arxa səthinə basaraq saxladı”.

Zərərçəkmiş qeyd edib ki, sentyabrın əvvəllərində Nəsimi qızlarla yazışdığına
görə ata evinə getmək istəyib: “Lakin Nəsimi qoymadı. Məni vurdu və qızlarla
yazışmasını boynuna almadı. Sentyabrın 20-də Nəsimi yenə qızlarla yazışdığı
üçün anama zəng etdim və məni aparmasını istədim. Saat təqribən 23 radələrində
anam gələrək məni apardı. Sonra Nəsimi bizə telefonda söyüşlər yazmağa başladı.
Təqribən oktyabrın 10-14 aralarında polisə şikayət elədim və narahat olduğumu
dedim. Polislər gələrək tədbir gördülər”.

Nəsimi hərbi xidmətə getmək istəmədiyi üçün özünü yandırmaq istəyib. O,
evləndiyimiz zaman mənim yetkinlik yaşıma çatmadığını bilib. Avqust ayının
sonundan sentyabr ayının sonuna kimi üç-dörd dəfə məni vurub. Nənəsi və anası
da mənim bud nahiyəmdə xəsarətləri görüblər. Döyülməm barədə məlumatları
valideynlərimə deməmişəm.

Nəsimi mesajlarda bizi təhdid və təhqir edib. Nəsimi ilə beş-altı ay sevgili
olmuşuq”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə
Nəsimi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməsini müəyyən edib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror
təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə
məhkum olunmasına dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 3 may 2023-cü
il tarixli hökmü ilə ona təyin olunmuş cəzadan daha yuxarı həddə azadlıqdan
məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.

Apellyasiya protesti onunla əsaslandırlıb ki, təqsirləndirilən şəxs on altı
yaşına çatmayan şəxsin cinsi toxunulmazlığına qəsd edərək həmin şəxsə əzab
verməklə az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törədib.

Prokuror qeyd edib ki, bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı,
təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyəti və əsasən də həmin
maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrumetmə
cəzasının təyin edilməsini şərtləndirən amillərdir: “Lakin məhkəmə hazırkı iş
üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmayıb, yuxarıda göstərilən
hallar təqsirləndirilən şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyinin və
cinayətin xarakterinin məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı
olan hallar olmasına baxmayaraq, bu halları cəza təyini zamanı nəzərə almayıb.

Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək
müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Göründüyü kimi, cəzanın
minimum həddi 2 ildən başlayır. Məhkəmə isə ittiham sübuta yetirildiyi halda
hansı səbəbdən Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə minimum həddə cəza
təyin etməsi anlaşılmaz olub.

Cinayətin xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxsin
hazırkı durumu, təqsirləndirilən şəxsdən şikayətçi olması və bu kimi
təkzibolunmaz hallar təqsirləndirilən şəxsə daha ağır həddə azadlıqdan məhrum
etmə cəzasının verilməsini şərtləndirir. Məhkəmə isə sadalanan halları, zərər
çəkmiş şəxsin mövqeyini nəzərə almadan minimum həddə cəza təyin edib”.

Prokuror əlavə edib ki, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəzalar
ilə sosial ədalət bərpa olunmayıb, yüngül olması ilə əlaqədar islah təsirinin
yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm onun, həm də başqa şəxslər
tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının
alınmasına, bir sözlə, qeyd olunan cəza ədalətli olmadığından cəzanın
məqsədinin təmin olunmasına xidmət etməyib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya
şikayəti verilib. Müdafiəçi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin
133.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə onun barəsində təqsiri sübuta
yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını və özünü təqsirli bildiyi
Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə ilə
əlaqədar olmayan cəza verilməsini xahiş edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə
göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin
133.2.4 və 152.1-ci maddələri ilə düzgün ittiham verilib, həmçinin ona birinci
instansiya məhkəməsi tərəfindən ədaləti cəza təyin olunub.

Bu səbəbdən həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin
müdafiəçisinin şikayəti təmin edilməyib.

Source link