Şamaxıda əmioğlanlarından dəhşətli əməl: Məktəbli qızı kimsəsiz evə gətirdilər
– TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şamaxıda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlunun yetkinlik yaşına çatmayan
Vəfa (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmasını videoya çəkib və
daha sonra qızı hədələyib.
Teleqraf.com-un məlumatına görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində
həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual
xarakterli hərəkətlər etdiyini görüb.
O, bunu mobil telefonla videoya çəkdikdən sonra həmin gün “Instagram” sosial
şəbəkəsində Vəfaya yazıb və onunla da seksual xarakterli hərəkətlər etməsini
təklif edib. Vəfa İlkinin bu təklifini rədd edib.
İlkin həmin videonu mobil telefonunda saxladığını bildirib və Vəfanı
hədələyib. Təklifini qəbul etməyəcəyi təqdirdə sözügedən videonu Vəfanın
valideynlərinə göndərəcəyini və kənd sakinləri arasında onu rüsvay edəcəyini
bildirib.
Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib.
“Cinsi əlaqədə olacağını dedi”
İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə
məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə
özünü qismən təqsirli bilib. O qeyd edib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat
tərzi sürdüyünü eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını
bilməyib:
“Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “Instagram”
sosial şəbəkəsində mesajlaşdığını dedi. Əlidən yaşca böyük olduğumdan ona Vəfa
ilə əlaqə saxlamamasını və gələcəkdə bunun problemlər yarada biləcəyini dedim.
Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13
radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi
əlaqədə olacağını dedi”.
“İntim hərəkətlər etməyə başladı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində,
günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman
Vəfanın hasardan aşaraq həyətə daxil olduğunu görüb:
“Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum. Həyətdə yerləşən
sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini
eşitdim. Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm.
Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı. Vəfanın Əli
ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm. Vəfadan niyə burada olduğunu və
Əli ilə sanitar qovşağında nə etdiyini soruşdum. Vəfa həmin yerə gəlmələrinin
səbəbini Əlidən soruşmağımı istədi”.
“Məqsədim cinsi əlaqədə olmaq idi”
İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını
mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib:
“Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi. Mən də
çəkilişi dayandırdım. Həmin videonu çəkməkdə məqsədim Vəfanı hədələyib, onunla
cinsi əlaqədə olmaq idi”.
“Videonu yaymaq məqsədim olmayıb”
İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi
alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub:
“Həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma,
başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”.
İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, o, atası, anası, bacısı və qardaşı
ilə birlikdə yaşayır:
“Orta məktəbin doqquzuncu sinif şagirdiyəm. 2022-ci ilin noyabrın əvvəllərində
məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda
yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi. Əlinin sözlərinə
görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayırlar.
Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum. Giriş
darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ
hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı.
Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi. Girişdən sağ tərəfdə
yerləşən tualetə daxil olduq. Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli
forması var idi. Əli ilə tualetə daxil olduqdan sonra mənə əxlaqsız, iyrənc
hərəkətlər etməyi təklif etdi. Daha sonra tualetin qapısı döyüldü. Əli qapını
açdı. Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayanmışdı, həmin
şəxsi əvvəllər görməmişdim. Əlidən onun kim olduğunu soruşdum. Əli həmin şəxsin
kənd sakini Səid olduğunu, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını
dedi”.
“Bizi videoya çəkdi”
Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin
şəxsin adının əslində İlkin olduğunu, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib:
“Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim
həmin evdə görüşdüyümüzə görə iradını bildirdi. Daha sonra İlkin mobil
telefonunu çıxarıb bizi videoya çəkməyə başladı. Buna etiraz etsəm də, Əli mənə
narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi. Bundan
sonra Əli məni bir daha hədələdi. Məcbur olub Əlinin iyrənc hərəkətlər etməsinə
razılıq verdim. İlkin təxminən iki-üç dəqiqə bizi videoya çəkdi. O, videonu heç
kimə göndərməyəcəyini dedi. Daha sonra üçümüz də həmin evi tərk etdik. Əli mənə
həmin videonu sildirəcəyinə söz verdi”.
“Cinsi əlaqədə olacağımı dedim”
İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını
əmisi oğlu İlkinə bildirib:
“Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim.
Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin video
ilə Vəfanı şantaj etmək olub. Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər
etdiyini bilsəm də, əlimdə ona aid hər hansı foto və ya video olmayıb.
Sözügedən hadisədən təxminən 20 gün sonra Vəfaya hədə-qorxu gələrək mənimlə
cinsi əlaqədə olması üçün məcbur etmişəm”.
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin
bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində
cinayət işi ayrıca icraata götürülüb. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on
dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və
ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə
çatdırma) maddəsi ilə ittiham elan edilib.