Şamaxıda İkinci Üzüm və Şərab Festivalına start verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 25-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab
Festivalının açılışı baş tutub.
Cixisyolu.com xəbər verir ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının
təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda
üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işləri geniş
ictimaiyyətə çatdırmaqdır.
Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı
zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla
bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və
beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub. Qonaqlara
“Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli
təqdimatlar nümayiş etdirilir.
Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük
İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası, eləcə də turizm sənayesi
nümayəndələrinin iştirakı ilə “Azərbaycanda şərab turizminin perspektivləri”
mövzusunda dəyirmi masa keçiriləcək.
Dəyirmi masada “Ölkə imicinin formalaşması mexanizmində enoturizm” və
“Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası” mövzularında
müzakirələr gözlənilir.
Həmçinin, festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil
olunması nəzərdə tutulub. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq
Qarabağda – Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu
hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksəkkeyfiyyətli qırmızı süfrə
şərablarının təqdimatı da planlaşdırılıb.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival
ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını
dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.
Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri,
rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən
çox insanın iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin
festivala 25-26 noyabr tarixlərində saat 11:00-da Heydər Əliyev Mərkəzinin
qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunur. Festival qeyd
olunan tarixlərdə 13:00-19:00 zaman aralığını əhatə edir.
Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan
yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq
şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb,
şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ
qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli
istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası
və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq
turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini
yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun
üzvüdür.
Daha çox şəkil burada: PhotoStock.az
Aysel Aslan