67737c3f-04c2-4a24-a861-30481ed3e5e1..jpg

Şamaxıda “Tiktok”da qızla tanış oldu, anası ilə görüşdü – MƏHKƏMƏ İŞİ

Baxış sayı: 505 dəfə baxılıb.

Şamaxıda “Tiktok”da qızla tanış oldu, anası ilə görüşdü – MƏHKƏMƏ İŞİ

Şamaxı şəhərində 2005-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası
Nəzakəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsal 9 oktyabr 2022-ci ildə, saat
20 radələrində anası Nəzakətin mobil telefonuna yüklənmiş “WhatsApp” mobil
tətbiqdə tanımadığı kişi ilə sevgi məzmunlu yazışmalarının olduğunu görüb.
Vüsal anasına öz iradını bildirib.

Bu zaman Vüsal anasının kobud tərzdə bunun şəxsi işi olduğunu bildirməsindən
əsəbiləşib. O, evdən çıxaraq nənəsi Almazın evinə gedib və orada gecələyib.

Növbəti gün Vüsal anasının əxlaqsız hərəkətlər etdiyini, bunu qəbul edə
bilməyəcəyini, həmin hərəkətlərin onu ətrafdakı şəxslər arasında nüfuzdan
salması qənaətinə gəlib. O, anasını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

Vüsal bu niyyətini həyata keçirmək məqsədilə həmin gün saat 19 radələrində
yaşadıqları Şamaxı şəhərində olan evlərinə gəlib və yazışmanı oxumaq üçün
anasından ona mobil telefonunu verməsini tələb edib.

Bu vaxt Nəzakət mobil telefonunu verməkdən imtina etdiyi üçün Vüsal mətbəxdən
götürdüyü bıçaqla anasını hədələyib və mobil telefonunu alıb. Vüsal həmin
şəxslə yazışmanın artıq “WhatsApp” mobil tətbiqdən silindiyini görüb. O, mobil
telefonu qonaq otağındakı masanın üzərinə qoyaraq anasını qisas niyyəti ilə
öldürmək məqsədilə yataq otağına daxil olub.

Həmin otaqdakı çarpayıda arxası üstə uzanıqlı vəziyyətdə olan anasına
yaxınlaşıb və hər iki əli ilə boğaz nahiyəsindən tutmaqla anasını boğmağa
başlayıb.

Həmin vaxt bacısı Gülnarın 2016-cı il təvəllüdlü oğlunun otaqda olmasına və
qorxaraq ağlamasına məhəl qoymayıb. Vüsal azyaşlının gözü qarşısında ona xüsusi
əzab və iztirablar verməklə anasına qarşı cinayətini davam etdirib.

Vüsal bir neçə dəqiqə ərzində anasını boğduqdan sonra onun artıq müqavimət
göstərmədiyini və hərəkətsiz olduğunu görüb. Bu səbəbdən anasını öldürdüyünü,
yəni öz məqsədinə nail olduğunu düşünüb. O, hadisə yerini tərk edib və təslim
olmaq üçün könüllü surətdə Şamaxı Rayon Polis Şöbəsinə gəlib. Vüsal polisə
anasını boğaraq öldürməsi barədə məlumat verib.

Lakin Nəzakət sağ qalıb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin
29.120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd)
maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 9
mart 2022-ci ildə onun atası rəhmətə getdikdən sonra psixologiyası çox pozulub,
əsəblərini idarə edə bilməyib. Onun sözlərinə görə, hadisəni ani əsəb halında
törədib, törətdiyi əməldən peşman olub.

İş üzrə zərərçəkmiş Nəzakət qeyd edib ki, hadisə günü oğlu Vüsal evə gəlib:

“Vüsaldan yemək istəyib-istəmədiyi soruşdum. O, istəmədiyini söylədi. Daha
sonra başım ağrıdığı üçün yatmağa getdim. Sonra Vüsal yanıma gələrək
“Instagram” sosial şəbəkəsinə baxmaq üçün telefonumu istədi. Mən də telefonumu
ona verdim. Telefon Vüsalın əlində olarkən mənə sevgi mesajı gəldi. Vüsal həmin
mesajı gördü. Həmin hadisənin təsirindən Vüsal mənim boğazımı sıxdı. Bu zaman
huşumu itirdim. Özümə gəldikdə isə Vüsal artıq evdən getmişdi”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin azyaşlı bacısı oğlu
deyib ki, anası və atası Bakı şəhərində işlədikləri üçün üç ildir nənəsi
Nəzakət və dayısı Vüsalla birlikdə yaşayır:

“Nənəm Nəzakəti və dayım Vüsalı çox sevirəm. Dayımı nənəmdən də çox istəyirəm.
Dayım mənə nənəmi sevmədiyini dedi. Mən balaca olanda dayım mənimlə çox
oynayıb, lakin böyüyəndən sonra dayım mənimlə oynamayıb. Daha sonra dayım
işləmək üçün Bakı şəhərinə getdi. Bir müddət əvvəl dayım nənəmin “WhatsApp”da
Ceyhunla danışdığını gördü. Buna görə çox hirsləndi və nənəmlə mübahisə etdi.
Dayım yaşadığımız evdə əlləri ilə nənəmin boğazını sıxdı və onu boğmağa
başladı. Dayım nənəmi boğanda həmin otaqda olmuşam, onları görmüşəm və çox
qorxduğum üçün ağlamışam. Dayım iki dəfə nənəmi boğub. Dayım nənəmi boğduqdan
sonra nənəm tərpənmədi. Buna görə də dayım polisin onu tutmaması üçün qaçdı.
Dayım qaçandan sonra nənəmin yanında uzandım. Beş dəqiqədən sonra nənəm oyandı.
Biz birlikdə böyük nənəmin evinə getdik”.

İş üzrə şahid qismində ifadə verən Ceyhunun sözlərinə görə, zərərçəkmiş
Nəzakətlə 2022-ci ilin avqustunda tanış olub:

“Hadisədən təxminən 2 il əvvəl zərərçəkmiş Nəzakətin qızı Vüsalə ilə “Tiktok”
sosial şəbəkəsi vasitəsi ilə tanış olub. Vüsalə ilə sosial şəbəkələr vasitəsilə
danışsam da, onunla heç vaxt görüşməmişəm, aramızda heç bir münasibət olmayıb.
Bir müddət Vüsalə ilə danışdıqdan sonra anasının əvvəllər sevgilisi olduğunu,
həmin şəxsin anası ilə görüşmədiyini, anasının həmin şəxslə əlaqə yarada
bilmədiyini dedi. Mən Vüsaləyə dedim ki, anasının sevgilisi yoxdursa, özüm
anası ilə danışaraq sevgilisi ola bilərəm. Vüsalə anasının mobil nömrəsini mənə
verdi və dedi ki, tanış ola bilirsənsə, get tanış ol. Mən də Nəzakətin
nömrəsinə zəng etdim, onunla tanış olmaq istədiyimi dedim. İlk əvvəl tanış
olmağa razılıq verməsə də, daha sonra Nəzakət ilə tanış oldum. Bir müddət
Nəzakətlə adi zəng və “WhatsApp” sosial şəbəkəsi vasitəsilə görüntülü zəng,
səsli zəng və mesaj vasitəsilə danışdıqdan sonra ona vuruldum”.

Ceyhun qeyd edib ki, adını xoşlamadığı üçün sonradan tanış olduğum insanlara
öz adını yox, başqa ad deyib. O qeyd edib ki, 2022-ci ilin avqustun sonundan
hadisənin baş verdiyi vaxtadək bir neçə dəfə Nəzakətlə görüşüb və onunla yaxın
münasibətləri yaranıb:

“2022-ci ilin avqust ayının sonunda dəqiq xatırlamadığım tarixdə Nəzakətlə
görüşərək cinsi əlaqədə olmaq qərarına gəldik. Həmin gündən hazırkı vaxta qədər
Nəzakətin yaşadığı evə müxtəlif tarixlərdə 4 və ya 5 dəfə gecə saatlarında onun
nəvəsi yatdıqdan sonra gəlmişəm. Cinsi əlaqədə olduqdan sonra səhərə yaxın hava
işıqlanmamış oradan getmişəm”.

Ceyhun bildirib ki, növbəti günlərdə tanımadığı mobil nömrədən bir kişi ona
zəng edib və Nəzakətin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə nə üçün sevgi
məzmunlu mesaj yazdığını, Nəzakəti tanıyıb-tanımadığını soruşub:

“Həmin şəxsin kim olduğunu bilmədiyim üçün Nəzakəti tanımadığımı, mesaj
göndərdiyim nömrədə rəqəm səhvliyinə yol verə biləcəyimi və ya mobil
telefonumun bibim oğlunda olarkən həmin mesajı yaza biləcəyini, Nəzakətə mesaj
yazmadığımı bildirdim. Növbəti gün, səhər saatlarında Nəzakət mənə zəng etdi,
oğlu Vüsalın telefonunu əlindən almasını, bu səbəbdən zəng edə bilmədiyini dedi
və sevgi məzmununda bir qədər danışdıqdan sonra zəngi sonlandırdıq. Bundan
sonra mənə zəng edən şəxsin Nəzakətin oğlu Vüsalın olmasını bildim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin
hökmü ilə Vüsal 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Source link