6eeb9815-7927-4da5-b688-50c39552d140..jpg

Samirə Yusifqızı: “Söyüş məsələsi deyil, kişilərlə xanımların deyişməsi çox vaxt alınmır” – MÜSAHİBƏ

Baxış sayı: 450 dəfə baxılıb.

Samirə Yusifqızı: “Söyüş məsələsi deyil, kişilərlə xanımların deyişməsi çox
vaxt alınmır” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meyxananı çoxdan deyirdim. Lakin efirdə işıqlandırmağa icazə vermirdim. Həmin
vaxtlar Faiq Sücəddinov ilə mahnılar üzərində işləyirdik. Ehtiyat edirdim ki,
meyxana ilə efirə çağırsalar, Faiq Sücəddinov məndən üz döndərər”.

Bu sözləri Cixisyolu.com-a müsahibəsində müğənni, meyxanaçı Samirə Yusifqızı deyib.
Onunla müsahibəni təqdim edirik:

– Samirə xanım, müsahibələrinizin birində demisiniz ki, efirlərdə sizə ögey
münasibət bəsləyirlər. Sanki televiziyalardan incik düşmüsünüz. Bu səbəbdənmi
uzun müddət uzaqlaşdınız?

– Son həftədə mənim qədər efirə çıxan olmayıb. Kimsə televizora baxmırsa, bu
mənim günahım deyil. Bütün gün efirlərdə yatan müğənniləri sevmirəm. Bir qədər
izləyici nigaran qalmalı, darıxmalıdır. Hər dəfə eyni adamlar olmaz. Bu,
pərəstişkarlara qarşı da hörmətsizlikdir.

– İzləyiciləriniz sizin meyxanalarınız üçün darıxıblar. Hər kəsə geri dönüşün
nə zaman olacağı maraqlıdır.

– Meyxana mənim sənətim deyil ki, geri də dönüm. Meyxananı bacarıram. Lazım
olan zaman deyişirəm. Demək olar ki, yalnız məclislərdə. İstənilən vaxtda da
deməyə hazıram. Çünki istedad var. Mən müğənniyəm. Məni meyxanaçı kimi
adlandırmağı qadağan edirəm. Mən meyxanaçı deyiləm. Ali savadlı müğənniyəm.
Yeri gələndə bir çoxları mənim savadımdan bəhrələniblər. Və bəhrələnəcəklər də.
Mən sırf meyxana ilə məşğul olmaq istəmirəm.

– Gəlin bir qədər əvvələ qayıdaq. Meyxana demək heç də asan deyil. Sizdə bu
istək necə yarandı?

– Meyxananı mən çoxdan deyirdim. Sadəcə, efirlərdə işıqlandırmağa icazə
vermirdim. O zamanlar bəstəkar Faiq Sücəddinovla mahnılar üzərində işləyirdik.
Həmin ərəfədə məni efirlərə meyxanaya görə çağırmaları düz olmazdı. Faiq
Sücəddinov məndən üz döndərərdi.

Mən ilk dəfə 1994-cü ildə Ağasəlim, Nizami Rəmzi, Molla Məmmədlə meyxana
demişəm. Təsadüfən “toylar kraliçası” olandan sonra “De, gəlsin” verilişinə
dəvət etdilər. Anidən oldu.

– Həmkarınız Oqtay ilə deyişməniz hər kəs tərəfindən maraqla qarşılandı. Daha
sonra aranızda qalmaqallar yaşandı. İndi münasibətiniz necədir?

– Oqtayla bir neçə yeni duetimiz var. Üzərində işləyirik. Biz Oqtayla daim
küsülü olmamışıq. Ailələrimizin də yaxşı münasibəti var. Bir ara Oqtay
başısoyuqluq etdi, mənsə Rusiyada oldum. Hər ikimizin istəyi ilə sonradan
yenidən bir araya gəldik. Gözəl işlərimiz var. Oqtay yaradıcı adamdır. Onunla
işləməyə dəyər. Ortaya qoyduğumuz məhsullar düşündürücü olur. Digər cütlüklər
kimi ağlımıza gələni oxusaq, həftəyə on mahnı yazardıq. Biz ucuzluğa getmirik.
Az olsun, saz olsun. Başa düşən qiymət verir.

Oqtayla meyxana deyəndən sonra meyxananı bir çoxlarına sevdirdik. Digər
duetlərə də yol açdıq. Ən çətin bizim vaxtımızda idi. Hətta o vaxtlar meyxananı
sevməyən xanımlar da sevdilər.

– Namiq Qaraçuxurlu verilişlərin birində meyxanada qadınların azlığından
şikayətlənib. Sırf istifadə edilən nalayiq ifadələrə görə xanımların meyxanadan
uzaqlaşdığını deyib. Siz nə düşünürsünüz?

– Məndən başqa meyxana deyən qadın yoxdur. Zarina, Mətanət və Aynuru
deyirsinizsə, onlar bədahətən deməyi bacarmırlar. Əvvəlcədən yazılanları
deyirlər. Mən dəfələrlə təklif etmişəm ki, gəlin bədahətən deyişək. Lakin onlar
qaçıblar. Deyiblər ki, biz meyxanaçı deyilik. Halbuki, özlərini meyxanaçı kimi
təqdim edirlər. Mən istərdim ki, bədahətən meyxana deyən xanım olsun.
Deyişmələrimiz olsun. Bunu çox istərdim.

O ki qaldı nalayiq ifadələrə, meyxana söyüş deyil. Söyüşlər kişilər arasında
olur. Mən olan məclisdə söyüş olmurdu. Bizdə zarafat olub. Kobud, nalayiq
ifadələr olmayıb.

Uzaqlaşmağa gələndə isə kişilərlə xanımların deyişməsi çox vaxt alınmır. Çünki
tonallıq düz gəlmir. Hər zaman əziyyət çəkirik. Səslər həmahəng olmalıdır ki,
düz gəlsin. Söyüşə görə deyil, məncə, tonallıq səbəbindəndir. Kişilər çox
sürətli deyişirlər. Ağızlarından hər cür söz çıxa bilər. Qadın olanda özlərini
yığışdırırlar.

– Meyxana aləminin hazırkı vəziyyəti sizi qane edirmi?

– Xeyr. Yaşlı meyxana ustadlarını çıxmaq şərti ilə bir çox meyxanaçılar
əzbərçidirlər. Belə pul qazanılar. Meyxananı gözdən salırlar. Ona görə hamı
qaçır. Toylarda meyxananı istəmirlər.

Əslində, toyun dadı-duzu meyxanadır. Bakı kəndləridir ki, sənətə qiymət
verirlər. Adət və ənənələr qalıb.

– Samirə xanım, sizi məclislərə meyxana deməyə dəvət edirlərmi?

– Məclislərə çağırırlar. Lakin qaçıram. Çox getmirəm. Dostlarımız müraciət
edəndə etiraz etmirəm.

– Yaxşı meyxanaçının məziyyətləri nədir?

– Meyxana demək asan deyil. Meyxana deyən adam ilk növbədə Azərbaycan dilinin
qrammatikasını və ədəbiyyatı yaxşı bilməlidir. Bu, önəmli şərtdir. İkinci məqam
isə hər şeydən məlumatlı olmalıdır. Hər bir şeyi bilməlidir. Haradan nə
desələr, cavabını verməlisən. Orada vəznlər, bölgülər var. Bunların hamısını
üst-üstə gətirmək üçün savad olmalıdır. Kiminsə yazdığını əzbərləyib demək
meyxana deyil.

– Ailə üzvləriniz meyxana deməyinizə qarşı çıxıblarmı?

– Bəli, qarşı çıxıblar. Mən bir şeyə başlayıramsa, məsuliyyətli oluram. Heç
kəs məni ondan uzaqlaşdıra bilmir. Deyiblər ki, çətin olacaq. Adı vayqanlıdır.
Mən seçimimi etdim. Daim dəstək olublar. Mənimlə fəxr edirlər. Mən meyxanada
ilkəm. Yüz illər də keçsə, Azərbaycan tarixində mənim adım qalacaq. Olsam da,
olmasam da. Haqq dünyasına getsəm də, adım, izim qalacaq.

– Meyxana aləmində olduğunuz üçün heç peşman olmusunuzmu?

– Peşman olmuşam. Həm də çox olmuşam. Düzdür, meyxananı çox sevirəm. Lakin
meyxana müğənnilik fəaliyyətimi arxa planda qoyub. Bir çoxları məni ali savadlı
müğənni yox, meyxanaçı kimi tanıyıb, seviblər.

Mənim dəstək olduğum çox müğənni olub. Maşallah, hamısı irəlidədir. Heç
birindən də təmənna güdməmişəm.

– Sizcə, meyxanaya münasibət dəyişilibmi? Nə qədər “söz sənətidir” deyilsə də,
bir qədər sanki qəribə münasibət var.

– Meyxana Azərbaycana məxsusdur. Mənfur düşmənlərimiz hər şeyimizi mənimsəyə
bilirlər. Təkcə buna əl ata bilmirlər. Meyxana sırf Azərbaycana məxsusdur.
Lakin əfsuslar olsun ki, biz özümüz-özümüzü baltalayırıq. Özümüzdə olan Allah
vergisini dəyərləndirmirik. Mənə dəfələrlə deyiblər ki, sən qonşu ölkələrdən
olsaydın, heykəlini qoyardılar. Analoqu olmayan bir şeydir. Azərbaycanda dəyər
verilmir. Öləndən sonra diqqət heç kəsə lazım deyil. Enerji doluyam. Yaşlı
deyiləm. Yaradıcı ruhdan düşməmişəm. Lakin ruh verilməlidir. Mən də köhnələrlə
barışıram ki, nə var, bəsdir.

– Yaradıcılığınızda nə kimi yeniliklər var?

– Yeniliklər olacaq. Qızımla mənim bir neçə duetimiz var. Davam edirik. Sonra
bu yaxınlarda qeyri-adi layihəmiz olacaq. Hazırda açıqlamaq istəmirəm. Sözü
deyən kimi qabaqlayacaqlar. Gələn həftələrdə işıq üzü görəcək.

– Samirə xanım, oğlunuzun səhhətində problemlər var idi. İndi vəziyyəti
necədir?

– Allaha şükür, yaxşıdır. Rusiyadadır. Orada müalicə alır. Bununla yanaşı,
restoranda menecer kimi fəaliyyət göstərir. Orada da yıxılıb. Qolu sınıb. Tam
sağalmayıb. İnşallah, yaxşı olacaq. Buna inanıram.

Nəzrin Vahid

Source link