“Subaylar” rubrikasının bugünkü qonağı tanınmış aparıcı Samir Bayramlıdır.
ÇıxışYolu.Com Samir Bayramlının müsahibəsini təqdim edir:
– Samir, uzun müddətdir ekranlardan kənardasınız. Sizi yenidən ekranda nə vaxt görəcəyik?
– Hiss edirəm ki, vaxtdır. Öhdəmə düşəni edib, cavab gözləyirəm. Bir az kənara çəkilib, yenidən qayıtmaq lazımdır. Kanal loqosu kimi sifətin ekranda qalmalı deyil (gülür).
– Sizcə, kimin sifəti kanal loqosu kimi efirdə qalıb?
– Bu söz mənim deyil. Kamilə Babayevanındır. O, ailə həyatı qurub, kənara çəkiləndə ünvanlanan suala belə cavab vermişdi. Xoşuma gəlmişdi.
– İndiyədək imtina etdiyiniz hansısa proyekt olub?
– Bəli, olub.
– Peşman olmamısınız ki?
– Yox, olmamışam. Həmin verilişlərdən biri də hazırda yayımlanır. Hətta başqa kanaldan da aparıcı transferi oldu. Verilişdən mənə təklif gələndə dedim ki, mənlik deyil, o etapı 10 il öncə keçib bitirmişəm.
– Kənardan özündənrazı görünürsünüz. Bunun səbəbi nədir?
– Özümdən razı deyiləm, özgüvənim var. Bunlar ayrı-ayrı şeylərdir. Özündənrazılar boş adamlardır. Özgüvəni olanlar isə özünü bilənlərdir. Özündənrazılar sizə heç vaxt heç nə öyrədə bilməz. Özgüvəni olanlar isə sərhəddini və həddini bilənlərdir.
– Özgüvənli olmağınıza görə nələr itirmisiniz?
– Çox şey. Mən də kanal loqosu kimi hər gün efirdə ola bilərdim. Kiməsə xahiş edib, şirinlik edib, torba tikib, xaraktersizlik edib ekrandan düşməzdim. Amma özgüvənim buna imkan vermir. Şükür ki, pis yerdə deyiləm. Özümə hörmətim var, bu yetərlidir.
– Son zamanlar həmkarlarınız bir-birinin ardınca toy etdi. Siz nə vaxt evlilər karvanına qoşulmağı düşünürsünüz?
– O söhbət artıq yığışdırılmalıdır. Kimsə 17 yaşında, kimsə 27 yaşında evlənir. Adamlar var deyirlər ki, vaxtın keçir. Niyə qardaş? Xarab oluram? Xarab olacam, təbii ki, amma 70 yaşında (gülür).
– Hazırda həyatınızda kimsə yoxdur?
– Yox, siz dediyiniz tərəfdən yoxdur.
– Hansı tərəfdən var?
– Subay adamam, necə olmalıdır?
– Belə çıxır ki, evlənilməli qızlara yox, əylənilməli qızlara üstünlük verirsiniz?
– Elə bir bölgü var. Amma bölmək istəmirəm, çünki hər kəsə hörmət etmək lazımdır. Düzdür, heç kim istəmədən soyunmur. Hamı əylənmək istəyir. Kimsə bir nəfərlə, kimsə bir neçə nəfərlə. Bu, hər kəsin öz seçimdir.
– Bəs Samirin seçdiyi qadın necə olmalıdır?
– Özünəməxsus zövqü olmalıdır. İnkubator cücəsi kimi hamıya oxşamamalıdır. Özünə hörməti olsun, mütləq olan budur.
– Keçək bir az açıq suallara…Bakirliyinizi nə vaxt itirmisiniz?
– No comment (gülür). Faiq Ağayev demiş, növbəti sual.
– Hamı qaçır bu sualdan…
– Qaçmıram, sadəcə, bir sual öncə mədəniyyətdən, zövqdən danışırıq, sonra bu məsələ çıxır, etik deyil. Deyərlər, qardaş, sənin neçə üzün var?
– Bəs bakirə olmayan qızla evlənərsiniz?
– Yox, evlənmərəm. Ancaq bu seçimi edən hər bir insana hörmət edir, dəstəkləyirəm. Elə bir mövzu olanda əks fikirli olan bütün insanların qarşısında dayanıram. Ürəkdir, sevə bilər, kiminsə başına hansısa hadisə gələ bilər.
Heç kim bilmir, başına nə gələcək. Heç kəsi qınamaq olmaz. Belə bir şey olanda hamı ilə mübahisə edib, ağzını yuman mənəm. İnsandır. Hörmətlə yanaşmaq lazımdır.
Heç kimin həyatına qarışmaq lazım deyil. Onları müzakirə edənlərin başları özlərinə qarışsa, görərlər ki, özlərindən maraqlı adam yoxdur. Kiminsə haqqında fikir bildirə bilərsiniz, ancaq onun haqqına girə bilmərsiniz.
– İntim təkliflər ən çox kimlərdən gəlir?
– Sayını itirmişəm. O qədər təkliflər olur ki…
– Yaş kateqoriyası necədir?
– Həmişə öz yaşıma uyğun adamlar olub. Bir dəfə dedilər ki, qızların çoxu səndən çəkinir. Fikirləşirlər ki, onlara sərt cavab verərəm.
Siz də deyirsiniz axı, “yekəxana”san. Sözü demək istəyib, deməyən o qədər adam var ki…
– Bəs o cəsarəti toplayıb təklif edənlərə cavabınız necə olur?
– Baxır, kimdir. Bəzi şeyləri yaş keçdikcə dərk edirsən. 20-25 yaşımda fikirləşirdimsə, indi “mümkün deyil” deyirəm. Mən hər şeyi seçən adamam.
– Bizim kişilər bir az xəyalpərəst olurlar. Siz necə, xəyal etmisiniz ki, nə vaxtsa filan dünya ulduzu, məsələn, Monika Belluçi ilə sevgili olardınız?
– Monika Belluçi xasiyyətcə çox murdar adamdır. Çünki bütün dünyanın “Bəli, sən gözəlsən” fikrini beyninə yeridib. “Hamı səni arzulayır”, “Sən seks simvolusan” kimi ifadələr onda qudurğanlıq yaradıb.
Burnu kilometrlərlə yuxarı qalxıb və dözülməz adam olub. Nə oldu, dünyada bir kişi çıxmadı Monikanı daim yanında saxlaya bilsin? Ağıllı qadın başqa şeydir.
Viktoria Bekham dünyanın ən çirkin qadınlarındandır, ancaq dünyanın ən yaraşıqlı kişilərindən birini – Devid Bekhamı 20 ildir yanında saxlayır. Necə saxlayır?
Gözəllik lazımdır, harasa qədər gedir. Qocalanda da gözəlləşən adamlar var – Sertap Erener kimi. 50-dən çox yaşı var. Cavanlıqda çirkin idi, qocaldıqca gözəlləşib.
Onu da deyim ki, çox gözəl qadınlar bədbəxt olurlar. O qədər çərçivədə olurlar ki, istədiklərini edə bilmirlər. O qədər maskalanırlar ki, sonda maska simalarına çevrilir. Monikanın simasına diqqətlə baxsanız, simasında “afiristlik” görərsiniz.
“Onsuz da kimi istəsəm, əldə edə bilərəm. Qoy bunu da sındırım, bunu da alçaldım” kimi fikirləri formalaşıb və murdarlaşıb. Bir də ki, gözəlin üzündə plov yemirlər… Əsas qəlbdir.
– Ayda neçə dəfə?
– Sizin sualınız 75 başlıdır (gülür). Gündə üç dəfə yemək yeyirəm, bir dəfə çimirəm. Həftədə dörd dəfə idmana gedirəm.
– Bu, sualdan yayınma taktikasıdır?
– Bu, əslində, ağıldır (gülür).
– Biz qızlardan danışdığımıza görə, sual da bu yöndədir…
– Biz həm də psixologiyadan danışdıq. Ümumiyyətlə, kimin ki, yanında çoxlu qızlar var, onlar boşdur. Kimsə sakitdirsə, ən peşəkarı da odur. 22 yaşına qədər heyvani ağılla və hisslərləsən, sonra ağlın başına gəlir.
Bəzi adamlarda bu, 25-27 yaşına qədər çatır. Müəyyən müddət sonra anlayırsan ki, hər adamla, hər yerdə sevişmək olmaz.
Sualınıza gəldikdə, ayda bir dəfə maşını yudurduram. Ona görə də mənə pinti deyirlər. Özüm təmiz oluram. Maşınımsa pinti (gülür).
– Sualdan yaxşı yayındınız…
– Bizim işimiz danışmaqdır. Bunun təhsilini qırmızı diplomla bitirmişəm. Bu barədə mənə “gələ” bilməzsiniz (gülür).
Çəkilişdə göstərdiyi köməyə görə “Highboost Lounge & Restaurant”a təşəkkürlər.
.
FOTO: Araz Bağırov
www.ÇıxışYolu.Com