Samir Nuriyev Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb – FOTO
Aprelin 8-də Prezident Administrasiyasının rəhbəri, işğaldan azad edilmiş
ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı
Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Fransa
Şirkətlər Hərəkatı – “MEDEF International” təşkilatının baş icraçı direktoru
Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd
olunub.
Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi
səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi
qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan
azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma
işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili
maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb.
Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə
görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.
Fransanın görüşdə iştirak edən “Airbus”, “Alstom”, “Suez”, “Thales”, “Egis”,
“Oberthur Cash Protection”, “Arverne Group” və digər qabaqcıl şirkətlərinin
nümayəndələri tərəfindən Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin
dərinləşməsinə, yeni sahələr əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq
ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən
bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin iştirak
etmək niyyəti ifadə olunub.