d0dd3a1f-18a0-4c2d-9b81-bd55d2f5d50e..jpg

Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa yönəldiləcək” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 483 dəfə baxılıb.

Samir Şərifov: “Əlavə gəlirlər və qənaət olunan vəsaitlər ilk növbədə Qarabağa
yönəldiləcək” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdikdən
sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, Qarabağ və
Şərqi Zəngəzur rayonlarının milli iqtisadiyyata reinteqrasiyası əsas prioritetə
çevrilib. Eyni zamanda qələbəni təmin etmiş hərbi qulluqçuların sosial
təminatının gücləndirilməsi, mənzillə təminatı istiqamətində davamlı fəaliyyət
həyata keçirilir.

Həm bu məsələlər, həm də dövlət borcu ilə bağlı “Report”un suallarını maliyyə
naziri Samir Şərifov cavablandırıb:

– Bu il Azərbaycanın dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpasına ötən illə müqayisədə təxminən 20% az – 3 milyard
825 milyard manat vəsait nəzərdə tutulub. Bu məbləğ sonradan artırıla bilərmi?
Qarabağ və Şərqi Zəngəzurdakı layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq
maliyyə institutlarından kredit cəlb olunması imkanlarını necə
qiymətləndirirsiniz?

– Məsələyə vəsaitin azaldılması kimi baxmağın tərəfdarı deyiləm. İlk növbədə
biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası
üçün maliyyələşmə səviyyəsini saxlayaq. Heç şübhəsiz ki, hər bir tədbirin
maliyyələşdirilməsi dövlətin maliyyə imkanları ilə bağlıdır. Biz imkan
yarandıqca layihələrə vəsait ayırırıq. Ötən ilə fikir versəniz görərsiniz ki,
ilkin olaraq həmin məqsədlər üçün büdcədən cəmi 3 milyard manat vəsait
ayrılmışdı. Lakin sonradan dövlətin maliyyə imkanları artdı və 2023-cü ilin
iyun ayında ölkə Prezidentinin təqdimatına əsasən, büdcəyə yenidən baxıldı.

Bunun da iki əsas səbəbi vardı. Birinci səbəb ölkənin müdafiə qabiliyyətinin
gücləndirilməsi idi. Digər səbəb isə işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası üzrə tədbirlərin
maliyyələşdirilməsi idi. Yenidən baxılma nəticəsində büdcədən bu məqsədlər üçün
əlavə 1,8 milyard manat ayrıldı. Onu da deyim ki, ötən il büdcənin icrası
zamanı əlavə olaraq həm Prezidentin ehtiyat fondundan, həm də büdcənin ehtiyat
fondundan vəsait ayrıldı. Beləliklə, ümumi məbləğ 5 milyard manatı üstələdi.
Cari ildə də bunu istisna etmək olmaz. 2024-cü ilin dövlət büdcəsində də
müəyyən vəsaitlər nəzərdə tutulub. Dövlətin maliyyə imkanlarından asılı olaraq,
əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin
pullar ilk növbədə qeyd etdiyiniz məqsədlərə yönəldiləcək.

Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını sırf
öz maliyyə imkanları hesabına həyata keçirir və bu proses davam edəcək. O ki,
qaldı bu layihələrə kreditlərin cəlb edilməsinə, bu istiqamətdə işlər aparıla
bilər. Bununla bağlı müəyyən niyyətlərimiz var. Ancaq hazırda bunlar sadəcə
müzakirə mövzusudur. Ona görə də, konkret bir şey demək mümkün deyil.

– Bu il mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz
xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin olunmasına bu il dövlət
büdcəsindən nə qədər vəsait ayrılacaq?

– Bildiyiniz kimi, bu məqsəd üçün hüquqi çərçivə mövcuddur. “Azərbaycan
Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb.
Həmin Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur. Komissiya
vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi qulluqçuların
növbəyə qəbul edilməsi məsələlərini həll edir, həm də növbədəki hərbi
qulluqçulara mənzillərin verilməsi məsələsini nəzərdən keçirir. Yəni bu proses
davamlı gedir. Həmin məqsəd üçün bu il büdcədə 35 milyon manat nəzərdə tutulub.

Bu gün hərbi qulluqçular mənzil məsələsinin həlli üçün güzəştli ipoteka
kreditləşməsi mexanizmindən yararlana bilirlər. Bu əsnada ötən ilin dekabrında
Prezidentİlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq
edilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanı xüsusilə qeyd etmək
istərdim. Sənədə əsasən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına
güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15%-ni dövlət
qarşılayacaq. Proqram 2024-2025-ci tədris ilindən başlayaraq təhsil alan
kursantlar üçün nəzərdə tutulur. Onlar 5 il zabit və yaxud gizir kimi həqiqi
hərbi xidmət keçdikdən sonra bu hüququ əldə edəcəklər.

– Azərbaycanda ümumi dövlət borcu, o cümlədən xarici borclanma ilə bağlı
vəziyyəti necə dəyərləndirirsiniz?

– Bildirmək istərdim ki, bu il yanvarın 1-nə dövriyyədə olan dövlət qiymətli
kağızlarının ümumi məbləği 6 milyard manatdan çoxdur. Ötən ilin nəticələrinə
görə Azərbaycanda ümum daxili məhsulun (ÜDM) dəyərinin 123 milyard manat təşkil
etdiyini nəzərə alsaq, bu, dövlət qiymətli kağızlarının ÜDM-dəki payının 5%-i
keçdiyi anlamına gəlir.

Bildiyiniz kimi, 2018-ci ildə dövlət qiymətli kağızları bazarında bir
canlanmağa baş verdi. Bu, həmin il ölkə Prezidentinin sərəncamı ilə “Dövlət
borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın qəbul
edilməsi ilə əlaqədar idi. Həmin strategiyada ilk olaraq nəzərdə tutulub ki,
xarici dövlət borcu tədricən daxili dövlət borcu ilə əvəz edilsin. Hesab edirəm
ki, bu proses uğurla davam edir. Nəticə etibarı ilə xarici dövlət borcunun
ümumi dövlət borcunda xüsusi çəkisi azalıb. Biz bunu artıq görürük. Xarici
dövlət borcunun və ümumiyyətlə dövlət borcunun ÜDM-yə müəyyən nisbət
göstəriciləri təqdim edilir. Hazırda onlar yenidən baxılmaqla 30% səviyyəsində
nəzərdə tutulur. Qeyd etmək istərdim ki, cari ilin əvvəlinə biz bu məhdudiyyəti
gözləmişik. Belə ki, ümumi dövlət borcumuzun ÜDM-yə olan nisbəti 21%-dən bir
qədər çoxdur. Nəzərdə tutulduğu kimi xarici dövlət borcumuz azalır. Artıq onun
ÜDM-yə nisbəti 10%-nin altındadır. Xarici dövlət borcumuz ötən il də mütləq
ifadədə azalıb. Yəni bu proseslər gedir.

– Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi
edəcək. Belə bir mötəbər tədbirin Azərbaycanda təşkil edilməsini necə
dəyərləndirisiniz? COP29-un maliyyələşmə mexanizmləri üzərində iş gedirmi?

– Azərbaycan artıq özünü böyük mötəbər beynəlxalq tədbirlərin keçirilmə məkanı
kimi doğruldub. Ölkəmizdə uğurla beynəlxalq miqyaslı həm siyasi, həm humanitar,
həm də ki, idman tədbirləri keçirilib. Bu mənada Azərbaycan dövləti dünyada
özünü etibarlı, mütərəqqi bir ev sahibi kimi tanıdıb. Bu baxımdan heç şübhəsiz
ki, COP29 da uğurla Azərbaycanda həyata keçiriləcək.

Qeyd olunduğu kimi, bu, ölkəmiz üçün böyük bir uğurdur ki, bütün dünya
ölkələri bu tədbirin Azərbaycanda keçirilməsinə səs verdilər. Bunun maliyyə
tərəfi ilə əlaqədar xüsusi işlər aparılır. Dövlət büdcəsindən müəyyən vəsaitlər
ayrılacaq. Həmin vəsaitlərin məbləği barədə hələ ki, hər hansı bir fikir
söyləyə bilməyəcəyəm. Çünki bununla əlaqədar təşkilat komitəsi, onun nəzdində
yaradılan əməliyyat şirkəti müvafiq hesablamalar aparır. Dövlətin maliyyə
vəsaiti ayırmasına ehtiyac yaranacaqsa şübhəsiz ki, bu işlər təmin ediləcək. Ev
sahibi olaraq müəyyən xərclər bizim payımıza düşür, iştirakçıların bura
gəlib-getməsi, burada qalması, tədbirdə iştirakı isə onların öz hesabına olacaq.

Source link