Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Samux
rayonunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Samux və ətraf bölgələrdən
olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət
göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Həmçinin tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes
ictimaiyyətinə təqdim edilib. Bu ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir.
Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və
Göygöldən sonra sayca 4-cü ofisdir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda
sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün imkanlar, KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov isə agentliyin dəstək və xidmətləri, KOB dostu
mexanizmi barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına dair fikir və
təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, KOBİA-nın
sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub.
Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində yerləşən KOB
dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış
şəraitlə tanış olublar.