e53df457-6cf0-4f02-b282-bf4e347566ca..jpg

Sanki yaxşılıq etmək üçün doğulmuşdu… – ANIM + FOTO

Baxış sayı: 609 dəfə baxılıb.

Sanki yaxşılıq etmək üçün doğulmuşdu… – ANIM + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum, həm də
vəfatı tarixi fevral ayına təsadüf edir. O, dünyadan köçən günə qədər
yaradıcılığına davam etdi. Tələbələri onu musiqi ilə yaşayan sənətkar kimi
xatırlayırlar.

Milli musiqimizi onun bəstələdiyi mahnılar, təsniflər, rənglər olmadan
təsəvvür etmək mümkün deyil. Mahnılarını ürəklə oxuyan xanəndələri özü də
sevirdi. Onlar üçün mahnılar da yazırdı. “Vətən yaxşıdır” təsnifi şəhidimiz
Xudayar Yusifzadənin ifasında səslənəndə “Bir tərəfdən təsnifin dillər əzbəri
olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox
kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi”, – deyə ağsaqqal
təmkini ilə hisslərini dilə gətirmişdi.

Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum (5 fevral),
həm də vəfatı tarixi (25 fevral) fevral ayına təsadüf edir. Sənət yoldaşları
deyirlər ki, xanəndə hələ sağlığında “əmi”, “ustad”, “müəllim” hörmətini
ünvanına əbədiləşdirib.

“Kaspi”

qəzeti görkəmli xanəndəni məhz o sənət adamları ilə anıb:

“Həmişə yeri görünür…”

“Onun haqqında saatlarla danışsam yorulmaram”, – deyən Xalq artisti Mənsum
İbrahimov mərhum xanəndə ilə tanışlığının tarixçəsini xatırlayır: “Asəf
Zeynallı adına Musiqi Məktəbinə qəbul olan gündən Əlibaba müəllimlə tanışlığım
başlayıb. Mən onun sinfinə də gedirdim, səsimdən xoşu gəlirdi. Sonra mən
müsabiqə qalibi oldum və yaxşı münasibətimiz yarandı. Ümumiyyətlə, Əlibaba
müəllimin gənclərə xüsusi qayğısı vardı, yaxşı ifaçıları sevirdi. Gənclərdən öz
məsləhətini heç vaxt əsirgəmirdi. O, sanki yaxşılıq etmək üçün doğulmuşdu.
2005-ci ildən bəri Muğam Televiziya müsabiqələri başladı. Canlı efirlərdə,
bölgələrdə birlikdə olduq. Əlibaba müəllimdən sonra bir neçə müsabiqə
keçirilib. Hər dəfə iştirak edəndə “Əlibaba müəllimin yeri görünür” deyirəm.
Müdrik məsləhətləri, uşaqları ərkyana danlamağı, baməzə sözləri, səlis qəzəl
deməsi ilə həmişə xatirimizdədir”.

M.İbrahimov ustad xanəndəni həm də mahnı və təsniflərin gözəl bəstəkarı kimi
yada salır: “Əlibaba müəllim qəzəliyyatı gözəl bilirdi. Çox istedadlı adam idi.
Onun bəstələdiyi 100-dən çox mahnı var, əksəriyyəti də vətənpərvərliklə
bağlıdır. Şəhidimiz Xudayarın dilində səslənən təsnifi sonradan “Xudayar
təsnifi” kimi məşhurlaşdı və xalqımız tərəfindən sevildi. Dünyasını
dəyişməmişdən 3-4 il əvvəl mənim üçün də bir mahnı yazdı və “Sənin səsinə bir
mahnı yazmışam”, – deyə efirdən müraciət etdi. “Sənsizləmiş dəli könlüm”
mahnısını hazırladım, çox bəyəndi. Əlibaba müəllim dünyadan köçən günə qədər
yaradıcılığı davam etdi. O, musiqi ilə yaşayırdı”.

M.İbrahimov deyir ki, Əlibaba müəllim dünyasını dəyişməmişdən iki il əvvəl
Muğam Mərkəzində onun əsərlərindən ibarət “Gəncləşən muğam” adlı konsert təşkil
edilib. Gənc ifaçılar qocaman xanəndənin mahnılarını oxuyub. Özü də baxıb
kövrəlib: “Mənə zəng edərək “Muğamımız etibarlı əllərdədir” dedi. Əlibaba
müəllim sənətimiz üçün əbədi qalacaq mahnılar qoyub getdi. İndi o mahnılar
dillər əzbəridir. Təkcə mən yox, bütün xanəndələrimiz onun repertuarına
müraciət edir, bəstələdiyi mahnıları şövqlə oxuyurlar”.

“Gözümüzün qarşısına muğamın sütunu gəlir”

“Əlibaba Məmmədov deyəndə gözümüzün qarşısına muğamın sütunu gəlir”, – deyə
Xalq artisti Səkinə İsmayılova xatirələrini bölüşür: “Onunla uzun illər
çiyin-çiyinə Muğam Televiziya Müsabiqəsində gəncləri seçmişik. Onun
lətifələrini, xatirələrini eşitmişik. Mənə böyük diqqəti və qayğısı vardı. Son
illərdə heç kəsi qəbul etmirdi. Bir gün “Sizi görmək istəyirəm”, – deyə zəng
edəndə “Bilirsən ki, sənin xətrini çox istəyirəm, gəl” dedi. Tələbələrim və
musiqiçilərimlə birgə kiçik bir məclis düzəltdik, dedik, güldük, oxuduq.
Əlibaba müəllimin mahnılarından ifa etdik. Mən Əlibaba müəllimin bir mahnısını
oxudum. Dedi “Bu mahnı heç özümün yadımda deyil”. Gənc yaşlarımdan onun
mahnılarının aşiqi idim. Sağ olsun Birinci xanım Mehriban Əliyeva, Əlibaba
müəllimin bəstələdiyi 100-dən artıq mahnını notları ilə birlikdə bir kitab
şəklində ərsəyə gətirtdi və bizə xatirə qaldı.

Sonda S.İsmayılova ustad xanəndə ilə bağlı bir xatirəsini də bölüşür: “Bir
neçə il əvvəl Azərbaycanın tanınmış adamlarının əllərinin heykəlini
hazırlayırdılar. Layihə rəhbəri mənə zəng edərək “Əlibaba müəllimlə əlaqə
saxlayırıq, amma razılıq vermir”, – deyə kömək istədi. Mən Əlibaba müəllimi
razı saldım. Sevinirəm ki, həmin yadigar heykəllər içərisində həm böyük
xanəndənin, həm də mənim əlimin heykəli var”.

Öz mahnılarının ən gözəl ifaçısı

Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov el məclislərində
Əlibaba Məmmədovun mahnı və təsniflərinin böyük şövqlə ifa olunmasına toxunur:

“Əlibaba Məmmədovun ifasını uşaq yaşlarından eşidib sevmişik. Öz mahnılarının
ən gözəl ifaçısı da elə özü idi. Səsinə uyğun yazdığı mahnılar onu hamıdan
fərqləndirirdi. 1973-cü ildə mən Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil
olanda Əlibaba müəllim o zaman gənc müəllimlərdən idi. Həm də “Humayun”
ansamblını yaratmışdı. Gənc tələbələri də həmin ansamblda onunla bərabər çıxış
edirdilər. Tale elə gətirdi ki, mən 2013-cü ildə Muğam Televiziya Müsabiqəsinə
münsif kimi dəvət olunanda Əlibaba müəllim münsiflər heyətinin ağsaqqalı idi.
Bakı ətrafına, bölgələrə bərabər səfərlərimiz zamanı hər yerdə onun necə
sevildiyinin şahidi olurduq. Əlibaba müəllimi dinləmək adama zövq verirdi.
Həyatı boyu ustadları görmüşdü. Seyid Şuşinskinin tələbəsi olmuşdu. Qurban
Pirimovdan, Bəhram Mansurovdan, Mütəllim Mütəllimovdan söhbət açırdı. Əbülfət
Əliyevlə, Qulu Əsgərovla dostluq etmişdi, onların içərisində özü də bir
bənzərsiz inci idi. Həyatda kim onunla təmasda olmuşdusa, bu, onun bəxtinin
gözəlliyi idi”.

“Bu, biz gənclər üçün böyük dəyər idi”

Əməkdar artist Təyyar Bayramov “Muğam müsabiqələrindən yolu keçən hər bir
ifaçıya Əlibaba müəllim böyük diqqət yetirib”, – deyə ustadı xatırlayır:

“Mənə müsabiqədən qabaq qulaq asmışdı. “Çox gözəl səsin var” dedi. Həqiqətən
də o müsabiqələr gözəl səsləri ortaya çıxardı. Əlibaba müəllim hansı səhvi
deyirdisə, hansı tövsiyəni verirdisə, məsləhətlərinə əməl edirdik”. T.Bayramov
ustad xanəndənin bir neçə mahnısını ifa etdiyini deyir: “Mahnılarda yenilik
edəndə “Sən yaxşı yanaşarsan”, – deyə müsbət rəyini də almışam. Mənim üçün
“Azərbaycan” adlı bir mahnı yazmışdı. Əlibaba müəllim mənə və sənət dostlarıma
həmişə xoş sözlərini deyirdi. Bu, biz gənclər üçün böyük dəyər idi. “Siz
muğamlarımızın layiqli davamçılarısınız” deməklə çiynimizə böyük bir yük
qoyurdu”.

Source link