Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir
Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı
Sankt-Peterburq şəhərində ucaldılacaq.
Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
“Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı
2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu
vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq
işləri aparacağıq”, – qubernator bildirib.
Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında
təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol
oynayıb. Məhz bu zaman o, “Arşın mal alan” musiqili komediyasını yazıb.
Mənbə: TASS