67078c44-c4e7-47ee-85e9-095bf28b3be2..jpg

Sara Maykl: “Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyası üzərində işləyirik”

Baxış sayı: 840 dəfə baxılıb.

Sara Maykl: “Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyası üzərində
işləyirik”

“Dünya Bankı ilə Azərbaycan hökuməti arasında növbəti beş ili əhatə edəcək
yeni əməkdaşlıq strategiyası hazırlanır”.

Bu barədə “Report”a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl
deyib.

“Hazırda Azərbaycan hökuməti ilə birlikdə yeni 5 illik proqramın
hazırlamasının başlanğıc mərhələsindəyik. Əvvəlki proqram başa çatmaq üzrədir,
indi hökumətlə növbəti proqrama daxil ediləcək istiqamətləri müzakirə edirik”,
– o deyib.

S.Mayklın sözlərinə görə, Dünya Bankı hazırda Azərbaycanda həyata keçirilən 3
layihəyə investisiya yatırır.

“Layihələrdən biri regional əlaqələrin təmin edilməsinə, digəri Azərbaycanda
məşğulluğun dəstəklənməsinə, üçüncüsü isə məhkəmə xidmətlərinin
modernləşdirilməsinə yönəlib”, – o deyib.

S.Maykl qeyd edib ki, hər üç layihə üzrə investisiyaların həcmi 215 milyon ABŞ
dolları təşkil edir.

“Bu layihələr icra prosesindədir. Onların 2024-cü ildə və daha sonra başa
çatdırılması gözlənilir”, – Dünya Bankının nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, Dünya Bankı investisiyalarla yanaşı, Azərbaycana texniki
yardım göstərir, potensialın artırılması üzrə birgə iş aparır.

“Biz həmçinin təhsilə dəstək, rəqəmsal sektor, energetika, bərpa olunan enerji
mənbələri sahəsində də işləyirik”, – o vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52
layihəni maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli
kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon
ABŞ dolları həcmində vəsait ayırıb.

Source link