e8fbcb94-d32c-4e89-a84c-89004ee95f2e..jpg

Sarayda balet, Şuşada “Leyli və Məcnun”: Teatrlar yeni mövsümdə nə ilə sevindirəcəklər? – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

Sarayda balet, Şuşada “Leyli və Məcnun”: Teatrlar yeni mövsümdə nə ilə
sevindirəcəklər? – FOTO

Teatrlarda artıq yeni mövsüm başlamaq üzrədir. Bu mədəniyyət ocaqlarının
bəziləri artıq öz proqramları ilə əlaqədar hazırlıq işləri aparırlar.

Maraqlıdır, teatrlar yeni mövsümə necə hazırlaşırlar? Tamaşaçılar teatrda
hansı yeniliklərin şahidi olacaqlar? Premyeralar gözlənilirmi?

Teatr rəsmiləri Cixisyolu.com-ın suallarını cavablandırmağa çalışıblar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı yeni mövsümün
“Qarabağnamə” tamaşası ilə sentyabrın 15-də açılacağını bildirib:

“Teatrın bağlanış və açılış mərasimi ənənəvi olaraq, bu tamaşa ilə olur.
Teatrın yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq. Yeni
yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun
“Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında
hazırlanacaq eyniadlı tamaşalardır. “Sənsiz” tamaşası görkəmli teatr rejissoru,
Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə
də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər
salınacaq”.

C.Zeynallı əlavə edib ki, tamaşaların premyeralarının 2023-cü ilin
sentyabr-dekabr aylarında olacağı planlaşdırılır:

“Tamaşaların premyeralarının bu ilin sonunadək baş tutması planlaşdırılır.
İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları
əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması
ilə tamaşaçıların ixtiyarına veriləcək.

Akademik Milli Dram Teatrı gələcəyə yeni hədəfləri, məqsəd və strategiyası ilə
gedir. Teatrın hədəfləri dəqiq, məqsədi böyükdür. Azərbaycan və dünya
dramaturgiyasının ən məşhur əsərləri bizim səhnəmizdə həqiqi sənət hadisəsinə
çevriləcək.

Hər şeydən əvvəl Azərbaycan dövlətinin teatr sənətinə olan böyük etimadını
doğrultmaq, mədəniyyət sərhədlərimizi daha da genişləndirmək, dünyanın ən böyük
teatr festivallarında ölkəmizi layiqincə təmsil etmək məramı bizim üçün
prioritetdir. Texnoloji inqilab dövründə formalaşan tamaşaçının zövqünü
oxşamaq, yeni aktyor, rejissor, dramaturq nəsli yetişdirmək, əsərləri yeni
baxış, yeni yozumla təqdim etmək, müasir teatr meyillərini əsas tutmaq, keçmişə
böyük ehtiram, dəyərli sənətkarlarımızın həyatlarının əlamətdar hadisələrini
qeyd etmək və s. bizim strategiyamızın ana xəttidir”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova
teatrın 114-cü mövsümə hazırlaşdığını qeyd edib:

“Teatrın 114-cü mövsümünün açılışı sentyabrın 15-də ulu öndər Heydər Əliyevin
100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə
bir zirvəsən!” tamaşası ilə olacaq. Tamaşanın bədii rəhbəri teatrın direktoru
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev,
ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın
baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi
Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri
Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri,
həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər. İlk dəfə
ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən
bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub.
Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış
edəcək”.

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Nizamiqızı yeni
mövsümün sentyabrın 15-də – Bilik günündə başlayacığını bildirib:

“Azərbaycan Dövlət Kukla Teatrı da özünün 92-ci teatr mövsümünə start verir.
Bu münasibətlə kollektivin geniştərkibli toplantısı keçirilib. Bu mövsümdə də
maraqlı layihə və yeni yaradıcı ideyalar realizə olunacaq.

Sentyabrın 15-də balacalar teatrın yeni səhnə nümunəsini – “Melisa” adlı
(rejissor S. Haqverdiyeva) maraqlı tamaşanı izləyəcəklər. İlin sonunadək daha
iki tamaşa da hazırlanacaq. Beynəlxalq festivallarda iştirakımız nəzərdə
tutulub”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə,
teatrın açılış mərasimi sentyabrın 18-də baş tutacaq:

“Teatr mövsümünün açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir
Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Arif Məlikovun “Məhəbbət
əfsanəsi” baletinin premyerası ilə baş tutacaq. Eyni zamanda sentyabrın 18-də
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şuşa şəhərində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də
Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasında “Arşın mal alan” musiqili
komediyası nümayiş olunacaq.

Oktyabrın 1-də Həştərxan Dövlət Opera və Balet Teatrının baş rejissoru Aleksey
Smirnovun quruluşunda Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının
premyerası keçiriləcək. Tamaşa da Opera studiyasında keçiriləcək”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf yeni
mövsümdən danışıb:

“Sentyabrın 1-də ümumi iclas oldu. Kollektiv ilə yeni mövsümdə ilk görüş idi.
Çoxlu müzakirə oldu. Bu mövsümdə maraqlı tamaşalar, qastrol səfərlər baş
tutacaq. Teatr yeni tamaşalar, qastrol səfərlər, böyük və uşaq tamaşaları ilə
yeni mövsümə başlayacaq. Sentyabrın 15-dən sonra yeni mövsümə start veriləcək”.

Azərbaycan Dövlət Rus Dram Teatrından bildirilib ki, oktyabr ayında
premyeralar olacaq:

“Sentyabrın 16-da teatr mövsümü açılır. Mirzə Fətəli Axundzadənin “Hekayəti
Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası ilə
açılış olacaq. Sentyabrın 19-20-də Lənkəran rayonuna səfərimiz olacaq.
Oktyabrın ortalarında premyera olacaq. Yeni il üçün uşaq tamaşaları təqdim
olunacaq”.

Nəzrin Vahid

Source link