e98cfe46-a234-4202-9a14-ea0803874cdc.jpg

“Sarı köhlənlər” niyə dünyanın ən qiymətli at cinsidir?

Baxış sayı: 242 dəfə baxılıb.

Baku TV-də Azərbaycanın rəmzlərindən biri olan Qarabağ atları haqqında “Qızılı
miras” adlı araşdırma materialı yayımlanıb.

Araşdırmada dünya şöhrətli “Sarı köhlənlər”in keçmişdən bu günə qədər olan
tarixinə nəzər salınıb.

Həmçinin mütəxəssislər Qarabağ atlarını digər at cinslərindən fərqləndirən
xüsusiyyətlərə, o cümlədən onların üstün keyfiyyətlərinə, bu atların qızılı
rənginin özəlliyinə aydınlıq gətiriblər. Qarabağ atları üzrə mütəxəssis Yaşar
Quluzadə bildirib ki, adıçəkilən atların öz xüsusiyyətləri, bədən ölçüləri,
özlərinə xas rəngləri var. Bu özəlliklərlə Qarabağ atlarını rahatlıqla ayırd
etmək mümkündür.

Müasir Qarabağ atları 144-154 santimetr hündürlüyə, orta uzunluqda boyuna,
kiçik başa, dərin və geniş sinəyə, yaxşı inkişaf etmiş əzələlərə sahibdir. Bu
cinsə aid olan atlar dəqiq və sürətli hərəkətləri, ahəngdar bədən quruluşları
ilə seçilir. Məhz bunun sayəsində folklorda Qarabağ cinsindən olan atları ahu
və ya ceyrana bənzədiblər. Bəzi ərəb mənbələrində 8-ci əsrdə Azərbaycan
ərazisində qızılı atların geniş yayıldığı haqda məlumatlar var. Yazılı
mənbələrdə o da qeyd olunur ki, ərəb istilaçıları Azərbaycandan 60 min qızılı
atı Ərəbistana aparıblar.

Qarabağ atının adı ilə bağlı maraqlı bir məqam da var. Sovet dövründən qalma
fikir belədir ki, sözügedən atlar Qarabağ xanları tərəfindən əhlilləşdirilərək
yetişdirilib. Buna görə də adı Qarabağ atıdır. Bu zaman belə təəssürat yaranır
ki, sanki sözügedən cins 250 il bundan əvvəl ortaya çıxıb. Lakin bu kökündən
yanlış fikirdir.

Tarixçi Paşa Həsənli bildirib ki, Rusiya Azərbaycanın şimal ərazilərini işğal
edəndən sonra Sankt-Peterburqda, Parisdə və başqa Avropa şəhərlərində sərgilərə
bu atları aparmaq istəyiblər:

“Proses Qarabağ xanlığının ərazisində baş verdiyinə görə və məhz bu xanlığın
ərazisindən Avropa şəhərlərinə atlar aparıldığı üçün ruslar tərəfindən “Qarabağ
atı” adı formalaşdırılıb. Amma rus və məşhur digər müəlliflərin hər biri
19-20-ci əsr yazılarında Qarabağ atları barədə yazanda mütləq şəkildə qeyd
edirlər ki, həmin atlar vətənlərində “köhlən” adlandırılır. Xalq arasında isə
onlara “sarılar” deyirlər”.

Ətraflı süjetdə:

“Sarı köhlənlər” niyə dünyanın ən qiymətli at cinsidir?
“Sarı köhlənlər” niyə dünyanın ən qiymətli at cinsidir?

Source link