Seçki Türkiyəsi: AKP və CHP-nin gözü “Səadət”də, DSP-nin gözü “mandat”da

Seçki Türkiyəsi: AKP və CHP-nin gözü “Səadət”də, DSP-nin gözü “mandat”da

Baxış sayı: 4. 614 dəfə baxılıb.

Türkiyədə qarşıdan gələn 2019-cu il seçkiləri (prezident, parlament və bələdiyyə seçkiləri – red.) yaxınlaşdıqca, siyasət meydanında hər gün maraqlı və çeşidlər hadisələr yaşanmaqdadır.

Seçkilərdə necə iştirak etməklə, seçkilərə təkbaşına, ittifaq və ya blok halında getməklə bağlı bir-birini əvəzləyən və bəzən izlənilməsi siyasi ekspertlər, media mənsubları tərəfindən belə çox çətin olan siyasi proseslər gerçəkləşməkdədir.

Konkret qeyd etməli olsaq, 2016-cı ilin 15 iyul hadisələrindən – FETÖ-çülərin dövləti çevrilişi cəhdindən sonra, xüsusilə məlum Konstitusiya dəyişiklikləri dövründən qeyri-rəsmi müttəfiqlik münasibətlərində olan hakim AKP ilə həmin hadisələrə qədər hakimiyyətə müxalif mövqedə dayanan ikinci müxalifət partiyası sayılan MHP arasında son aylar bu ittifaqın rəsmiləşdirilməsi, hər üç seçkiyə birgə gedilməsi istiqamətində önəmli addımlar atılmaqdadır.

MHP BBP-nin “Cümhur ittifaqın”a qatılmasına imkan verəcəkmi?

Seçki ittifaqı yönündə AKP lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP lideri Dövlət Baxçalının bağlı qapılar arxasında görüşməsindən sonra bu ittifaqın rəsmiləşdirilməsi ilə bağlı hər iki partiya rəsmilərindən (millət vəkillərindən – red.) ibarət komissiya yaradılıb və həmin komissiyanın hazırladığı, hər iki partiya liderinin də razılığını aldığı seçki ittifaqları ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) – hələlik müvafiq komissiya səviyyəsində – müzakirələrə təqdim olunub.

Elə bu yerdəcə qeyd edək ki, seçki ittifaqlarının leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi “ana müxalifət” partiyası olan CHP və qısa zaman kəsiyində yaranmasına rəğmən, Türkiyədə siyasi populyarlıq qazanan “İYİ PARTİ” tərəfindən kəskin etirazla qarşılanıb.

AKP və MHP-nin birgə iştirakını nəzərdə tutan ittifaqın adı da artıq məlum olub.  Bugünlərdə, daha doğrusu, partiyanın TBMM-dəki qrup toplantısında Ərdoğan həmin ittifaqın “Cümhur ittifaqı” adlandırılmasını məsləhət bilib, onun bu təklifi MHP tərəfindən də müsbət qarşılanıb.

Hələlik “Cümhur ittifaqı” rəsmən təsis olunmasa da, ona digər partiyaların qoşulması yönündə müzakirələr getməkdə, təkliflər edilməkdədir.

Türkiyədə sağçı və qatı milliyyətçi partiya sayılan və bir zamanlar MHP tərkibində olan Böyük Birlik Partiyasının (BBP) “Cümhur ittifaqına” isti münasibət bəslədiyi, ona qoşulmaq fikrində olduğu bildirilir. Bunu həmin partiyanın lideri Mustafa Destici də istisna etmir və həmin ittifaqa qoşulacaqlarının ilkin siqnallarını verməkdədir. 

Lakin MHP BBP-nin müəyyən şərtlər daxilində məlum ittifaqa qəbul olunması şərtini irəli sürür.  Yəni, BBP-çilərin parlament seçkilərinə ayrıca partiya namizədləri kimi yox, AKP-nin namizədləri kimi, “böyük birlikçilər”in adlarının AKP-nin siyahılarına daxil edilməsi şərti ilə seçkilərə qatılmasını məqbul sayır.

Ərdoğandan “Səadət”ə müttəfiqlik-birlik çağırışı: “Bir yerdə olmalıyıq”

Bir zamanlar Ərdoğanla və AKP ilə çox yaxın olan Səadət Partiyasının “Cümhur ittifaqına” qoşula biləcəyi yönündə fikirlər, təkliflər, ehtimallar səslənir. Xüsusilə də, son günlər bu məsələ gündəmi daha çox məşğul etməkdədir. 

“Səadətçi”lər və onun lideri Temel Karamollaoğlu hər nə qədər qədər “seçkilərə qədər kimsə ittifaq, müttəfiqlik məsələləri ilə bağlı qapımızı çalmasın” desə də, bağlı qapılar arxasında bu yöndə danışıqlar aparılmaqdadır.

Təsadüfi deyil ki, AKP-nin tanınmış simalarından olan Mustafa Şentop dünən axşam saatlarında Səadət Partiyasına gəlib və iki saatdan artıq davam edən müzakirələr reallaşdırılıb. Ancaq bu görüşdə nə qərara gəlindiyi ilə bağlı hələlik heç bir açıqlama yoxdur.

Qeyd edək ki, “Səadət”in “Cümhur ittifaqına” qoşulması yönündə ilk təklif BBP-dən gəlib. M. Destici bildirib ki, əgər “Səadət” bu ittifaqda yer alarsa, prezident seçkilərində ikinci tura ehtiyac qalmayacaq, ittifaqın namizədi – bu şəxsin isə Ərdoğan olacağı şəksizdir – elə birinci turdaca seçkilərin qalibi olacaq”.

Bu yöndə digər bir təklif Ərdoğandan gəlib. O, Afrika ölkələrinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən, “Səadət”ə çağırış etməyi unutmayıb, onları məlum ittifaqa qoşulmağa səsləyib, “biz bütünləşməliyik, bir yerdə olmalıyıq”- deyə, vurğulayıb.

Ancaq görünən odur ki,  “Səadət”çilərin seçkilərlə, ittifaq məsələsi ilə bağlı birmənal mövqeyi, yekun qərarları yoxdur.

Partiyanın seçkilərə təkbaşına, öz namizədi ilə gedə biləcəyi də söylənilir, “Cümhur ittifaqı”nda yera alacağı da, Meral Akşənərin cəbhəsində olacağı da.

Gül nə “hə”, nə də “xeyr” deyir, amma…

T. Karamollaoğlu bir neçə dəfə çıxışlarında açıq şəkildə AKP-nin iki qurucusundan biri olan və artıq Ərdoğanla yolları ayrılan eks-prezident Abdullah Gülün namizədliyini irəli sürəcəklərini və ya adıçəkilən şəxsin özünün namizədliyini elan edəcəyi təqdirdə, birmənalı şəkildə onu dəstəkləyəcəklərini açıqlayıb.

Siyasi proseslərlə, gələcək siyasi həyatı, xüsusilə, seçkilərdə iştirakı ilə bağlı fikir bildirməyə tələsməyən Gül isə bu məsələdə susqunluq nümayiş etdirir, nə “hə”, nə “xeyr” cavabı verir…

“Gül namizəd olsun”

A. Güllə bağlı maraqlı və çoxlarında təəccüb doğuracaq daha bir siyasi davranış yaşanıb. CHP-nin tanınmış simalarından olan millət vəkili Dursun Çiçək dünənki açıqlamasında “Səadət”ə səslənib və onları sabiq prezidenti namizəd kimi irəli sürməyə çağırıb, “Biz istəyirik ki, “Səadət” özü öz namizədi ilə seçkilərə qatılsın və bu namizəd sayın Abdullah Gül olsun”, – deyib.

Bu yerdə xatırladaq ki, müxalifətin əsas və aparıcı partiyalarından olan CHP ilə “İYİ PARTİ” ilkin mərhələdə müxalif partiyaların özlərinin öz namizədləri ilə seçkilərə qatılması, ikinci tur olacağı təqdirdə, bütün fikir və əqidə ayrılıqlarını bir kənara qoyub, ikinci tura çıxan namizədi – Ərdoğan istisna olunmaqla – dəstəkləməyi təklif edib.

Bir gündə iki mövqe sərgiləməyə məcbur olan Engin Özkoç

Dünən CHP-li millət vəkili Engin Özkoç partiyasının rəsmi mövqeyi ilə tərs düşən bir mövqe sərgiləyib, yəni, müxalifətin seçkilərə ilk başdanca tək namizədlə getməsi təklifini səsləndirib.

Sonra həm partiyasından, həm də “İYİ PARTİ”dən gələn etirazlar səbəbindən Özkoç gün ərzində ikinci dəfə açıqlama verməyə məcbur olub və fikrinin yanlış anlaşıldığını söyləyərək, seçkilərə ilk mərhələdə hər partiyanın öz namizədi ilə getməsini məqbul saydığını açıqlayıb.

“Seçki ittifaqları”, “vahid namizəd” məsələsi ilə bağlı müzakirələr davam edərkən, erkən seçkilər  barədə müzakirələr aparılır.

“Erkən seçkilər olacaqmı” sualını cavablandıran hakim AKP-nin tanınmış simalarından olan Bəkir Bozdağ “Biz buna yox, yox, yox deyirik. Erkən seçkilər məsələsi ortada, masada yoxdur. Seçkilər vaxtında keçiriləcək”, – deyib.

“İYİ PARTİ”dən olan milıət vəkili İsmail Ok isə “Biz də erkən seçkilər var, var, var deyirik. Çünki erkən seçkilərə getmənin işartıları ortadadır, görünməkdədir”, – deyə vurğulayıb.

“İYİ PARTİ”dən söz düşmüşkən, bu partiyanın seçkilərə qatılacağı və öz liderləri, sabiq daxili işlər naziri və eks vitse-spiker xanım Akşənəri namizəd kimi irəli sürəcəyi birmənalıdır.

Qeyd edək ki, M. Akşənərin digər müxalif namizədlərlə müqayisədə daha şanslı olduğu söylənilir.

Bunu Türkiyədə keçirilən son anket sorğuları da göstərir. Müxalifətin sonda Akşənərin namizədliyi üzərində dayanacağı ehtimalları daha yüksəkdir. Xanım Akşənərin bugünlərdə 12 partiya təmsilçisi ilə görüşü bu ehtimalları daha da qüvvətləndirir.

CHP-nin isə “səadətçi”lər kimi seçkilərlə, ələlxüsus, prezident seçkiləri ilə bağlı aydın və konkret mövqeləri hələlik yoxdur.

Partiyanın Kamal Kılıcdaroğlunu namizəd irəli sürəcəyi söylənilir, Akşənərə və ya digər müxalif namizədə, o cümlədən, Gülə dəstək verə biləcəyi də…

Bir zamanlar Türkiyənin nüfuzlu partiyalarından, koalisiya ortaqlarından olan Demokratik Sol Partiyasında (DSP) maraqlı və ziddiyyətli hadisələr yaşanmaqdadır. 

Belə ki, partiyanın lideri Önder Aksakal bugünlərdə mətbuata açıqlamasında hansı ittifaq onlara daha çox millət vəkili yeri vəd edərsə, onlara qoşula biləcəklərini bəyan edib.

O, “Əgər bizə “Cümhur ittifaqı” 10 millət vəkili yeri vəd edərsə, onlara, ya da digər seçki bloku daha çox, məsələn, 30 yer vəd edərsə, o zaman onlara qoşula bilərik”, – deyib. 

Onun bu mövqeyi həm partiyasında, həm siyasi dairələrdə, həm də müxalif düşərgə və mediada böyük reaksiya doğurub. DSP liderinin bu təklifini əksəriyyət “siyasi əxlaqdan kənar” təklif kimi dəyərləndirib.

Ən sərt etiraz isə DSP-dən gəlib. Daha doğrusu, sabiq nazir, DSP-nin ən çəkili şəxslərindən sayılan Hikmet Sami Türk bu təklifdən sonra partiyada qalmasının və DSP-də siyasi fəaliyyət göstərməsinin mümkünsüzlüyünü ifadə edərək, istefa verdiyini açıqlayıb.

Sami Türkdən başqa, digər tanınmış DSP-çilərin də istefa verəcəkləri və Akşənər cəbhəsində yer alacaqları gözlənilir.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com