d2bff104-ae7f-450a-a500-af76540d9543..jpg

Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?

Baxış sayı: 577 dəfə baxılıb.

Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbin anti-Azərbaycan dairələrinin tapşırığı ilə 7 fevral növbədənkənar
prezident seçkisində təxribat hazırlayan şəbəkənin planları baş tutmadı.
Azərbaycan xalqı seçki məntəqələrinə axın edərək, ona Zəfəri yaşadan lideri –
İlham Əliyevi 92 faizlik mütləq səs çoxluğu ilə yenidən Prezident seçdi və
təxribat planlarını pozdu, bu planları quranları və icraçılarını məyus etdi.

Seçkidən öncə məlum idi ki, Qərbdə Azərbaycana qarşı olan dairələr fevralın
7-də səsvermə prosesini pozmağa və “saxtakarlıq” görüntüləri yaradaraq,
seçkinin legitimliyini şübhə altına almağa hazırlaşır. Bu təxribat planının
icrası Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM), “Toplum Tv”nin redaktoru Xədicə İsmayıl
və komandası, “Azadlıq” qəzeti, AXCP dəstəsi, “Azadlıq radiosu”, eləcə də LGBT
üzvlərindən ibarət böyük şəbəkəyə həvalə olunmuşdu.

Təxribat planı iki mərhələ şəkilində icra edilməli idi:

Birincisi, səsvermə prosesində neqativ halları və pozuntuları foto və
videolentə almaq, bunu faktlaşdırmaq;

İkincisi, seçki məntəqələrində qarşıdurmaya getmək, hay-küy salmaq, süni
problemlər yaratmaq və bütün bunları “seçki pozuntusu” kimi sənədləşdirmək.

Səsvermə prosesinin pozulmasına hesablanan planın əsas məqsədi də seçkilərlə
bağlı mənfi rəyin yaradılması və Qərbin anti-Azərbaycan strukturlarının
hazırlayacağı hesabatlara daxil edilməsi idi. Planın böyük hissəsinin icrası
SMDTM rəhbəri A.Məmmədliyə həvalə olunmuşdu. Çünki 2001-ci ildən “seçki
eksperti” kimi fəaliyyətə başlayan A.Məmmədlinin əsas missiyası Azərbaycanda
bütün seçkilərlə bağlı Qərb dairələrinin istəklərinə uyğun olan və rəsmi Bakıya
qarşı təzyiq aləti kimi istifadə edilən “hesabatların” hazırlanması, seçkinin
“beynəlxalq standartlara uyğun keçirilmədiyi” rəyinin yaradılması olub.

A.Məmmədlinin fəaliyyət tarixçəsinə nəzər yetirdikdə də onun Azərbaycandakı
seçkilərdə Qərb dairələrinin istifadə etdiyi “əsas şəxs” olduğu aydın görünür.
A.Məmmədli 2001-ci ilin 24 iyul tarixində Seçkilərin Monitorinq Mərkəzini (SMM)
təsis edib. 2001-2008-ci illər ərzində referendum, parlament, bələdiyyə və
prezident seçkiləri daxil olmaqla ölkədə keçirilən bütün seçki prosesi haqqında
mənfi hesabatlar hazırlayıb. Bununla yanaşı, SMM-nin seçki keçirilməyən
dövrlərdə əsas işi müxtəlif layihələr adı altında şəbəkə qurmaq olub. Bu iş
təkcə paytaxtda yox, bölgələrdə də həyata keçirilib. Xüsusilə 2005-ci ildən
başlayaraq, Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad,
Şəki və Naxçıvanda “filial” və “nümayəndəliklər” yaradılıb. Bu “filialların”
işi bölgələrdə özlərinə bağlı şəxsləri yetişdirmək, xüsusilə gənclərdən ibarət
qruplar yaratmaq idi və seçki dövründə bu gəncləri məntəqələrə göndərir,
onlardan “lazım olan faktların” toplanması üçün istifadə edirdilər.

2008-ci ildə SMM-nin dövlət qeydiyyatı qrantların qeyri-şəffaf xərclənməsi,
vergidən yayınmaq və digər qanunsuz fəaliyyətlərə görə ləğv edildi. Çünki
A.Məmmədli SMM adı altında aldığı qrantları hüquqi şəxs kimi yox, fiziki şəxs
kimi sənədləşdirir və bununla vergidən yayınırdı. SMM-nin dövlət qeydiyyatının
ləğvindən sonra A.Məmmədli SMDTM-ni yaradaraq eyni işi davam etdirməyə başladı.
Lakin SMDTM dövlət qeydiyyatında olmadığı üçün qrantların əldə edilməsi və
vergidən yayınmaq çətinləşmişdi.

A.Məmmədli iki fənd işlətdi:

– 2008-2013-cü illərdə xarici donor təşkilatlarından layihələri SMDTM-nin
adına alır, layihə üçün ayrılan qrant isə onun “fiziki şəxs” kimi bank hesabına
köçürülürdü: bu illər ərzində A.Məmmədlinin bank hesabına 480 min manat pul
daxil olub;

– 2013-cü il prezident seçkisi ərəfəsində isə A.Məmmədli Könüllülərin
Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika
Məktəbi (DJM) ilə “birləşdi” və qrant layihələrini bu təşkilatların üzərindən
icra etməyə başladı.

A.Məmmədlinin bu fəndlərdən istifadə etməsi 2013-cü ildə qrant layihələrinin
alınması ilə bağlı dəyişiklik edilən qanunun tələblərindən yayınmaq məqsədi
daşıyırdı və bir müddət buna nail oldu da. SMDTM-nin əsas donorları ABŞ
Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ),
Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” Fondu, ABŞ səfirliyi,
eləcə də digər Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri olub. A.Məmmədlinin
rəhbərlik etdiyi SMDTM-nin Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi
hesabatlar Avropa strukturlarının istinad etdiyi “əsas mənbə” rolunu oynayıb,
hətta ABŞ Dövlət Departamenti belə açıqlamalarında bu “hesabatlara” istinad
edib.

A.Məmmədlinin rəhbəri olduğu SMDTM-nin fəaliyyətində diqqətçəkən məqamlardan
biri də təşkilatın “beynəlxalq nüfuzlu QHT-yə çevrilməsi” istiqamətində atılan
addımlar idi. Misal üçün, SMDTM ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının
tədbirlərinin “fəxri qonağı” olub. O cümlədən, Seçkilərin Monitorinqi
Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa
Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində
müxtəlif ölkələrdə keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Azərbaycanda dövlət qeydiyyatında belə olmayan bir təşkilata dünyanın müxtəlif
ölkələrində keçirilən seçkilərin monitorinqinin həvalə edilməsi təsadüfi ola
bilməz. Məqsəd qrantların məhz SMDTM-yə ayrılmasının əhəmiyyətli olduğunu
göstərmək və təşkilatın Azərbaycandakı seçkilərlə bağlı hazırladığı
hesabatların beynəlxalq ictimai rəydə legitim kimi qəbul edilməsidir. Hər halda
ABŞ Dövlət Departamenti də daxil olmaqla, Avropa təşkilatları siravi QHT-yə
yox, “beynəlxalq nüfuzlu” təşkilata istinad edə bilərlər.

2013-cü il prezident seçkisində A.Məmmədli və rəhbərlik etdiyi SMDTM yenə
“alternativ mənbə” kimi istifadə olundu. Həmin vaxt Qərbin sifarişilə
hesabatların hazırlanması üçün ona 276 min ABŞ dolları maliyyə yardımı ayrıldı.
Bu pullar ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) xətti ilə verilmişdi.
Görünür, 2012-ci ildə Azərbaycanda “Facebook inqilabı” adlanan iğtişaş planının
icrası üçün 2 milyon dollar xərcləyən NDİ baş tutmayan cəhdini seçkilər
üzərindən davam etdirmək qərarına gəlmişdi. A.Məmmədli seçkilərin gözdən
salınması məqsədilə ayrılan 276 min dollar vəsaiti Könüllülərin Beynəlxalq
Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM)
təşkilatlarının vasitəsilə əldə edib. Çünki 2013-cü ilin 11 mart tarixində
qrantların qeydiyyatı ilə bağlı qanunda edilən dəyişikliklər ona aldığı
qrantları nə “fiziki şəxs” kimi, nə də dövlət qeydiyyatı olmayan SMDTM
vasitəsilə əldə etməyə imkan vermirdi. A.Məmmədli 2013-cü il prezident seçkisi
ilə bağlı mənfi hesabatlar hazırlayaraq aldığı tapşırıqları “yüksək səviyyədə
icra etdi”. Lakin qanun pozuntularına yol verdiyi üçün məhkəmə qarşısına
çıxmalı oldu və 2014-cü ildə həbs edildi. 2016-cı ildə Prezidentin əfv
sərəncamı ilə azadlığa buraxılan A.Məmmədli yenidən öz missiyasının icrasına
başladı.

SMDTM-nin dövlət qeydiyyatı olmasa da, 2018-ci il prezident, 2019-cu il
bələdiyyə və 2020-ci il parlament seçkilərində bu təşkilat adından mənfi
hesabatların hazırlanması həyata keçirilib. Qrantların əldə edilməsi üçün isə
fərqli mexanizmlərdən istifdə olunub:

Qərb ölkələrinin səfirliklərindən nağd şəkildə alınması, LGBT hüquqlarının
qorunması, yaxud gender bərabərliyi kimi layihələrdən və ya fərqli
təşkilatların adından istifadə edilməsi və s;

2016-cı ildən sonra SMDTM-nin əsas maliyyəsi də “İnsan Haqları Evi” Fondu
vasitəsilə həyata keçirdiyi layihələr üzərindən əldə edilib. Misal üçün,
“COVID-19 pandemiyası ilə mübarizə dövründə Azərbaycan hökumətinin qərarları və
insan hüquqlarına münasibətlə bağlı da hesabatlar”, “seçki hüququ, müraciət
hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığının tədrisi, vətəndaşların
dövlət idarəçiliyində iştirakı, yerli və mərkəzi idarə orqanlarının
hesabatlılığının artırılması və siyasi azadlıqların müdafiəsinə dair
proqramlar” icra edilib.

2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkisində hazırlanan
təxribat planının icrasının əsasən A.Məmmədliyə həvalə olunması da onun
Azərbaycandakı seçkilə bağlı mənfi hesabatların hazırlanması sahəsində 23 illik
təcrübəsi xüsusi rol oynayıb. Hələ seçki prosesi başlamamışdan öncə A.Məmmədli
seçkinin legitimliyini şübhə altına alan çıxışlara start verib. Misal üçün, o,
4 yanvar 2024-cü il tarixində “Toplum Tv”də X.İsmayılın verilişində seçkilərin
“saxtalaşdırılacağı”, seçici aktivliyinin “az olacağı” və s. iddiaları gündəmə
gətirir, o cümlədən, ölkədə seçki mühitinin olmadığı, namizədlərin təşviqat
kampaniyasının paritet şəkildə aparılmayacağına dair “proqnozlar” irəli
sürürdü. Bütün bunlar seçki günü hazırlanan təxribat planının tərkib hissəsi
idi.

Məlumatlara görə, A.Məmmədli Qərbdəki dairələrə seçki günü əksər məntəqələrdə
müşahidə aparmaq üçün 500 nəfərlik qrup yaradacağına dair vəd edib və bu
məqsədlə 350 min manat vəsait əldə edib. Bu vəsaitin bir hissəsi müşahidəçi
qrupların yaradılması, onlara təlimlərin keçilməsi və seçki günü bütün bölgələr
üzrə məntəqələrə göndərilməsi üçün nəzərdə tutulub. Digər hissəsi isə “seçki
saxtakarığı” haqqında foto və video görüntülərin hazırlanması və tirajlanması
işinə sərf olunmalı idi. Məntəqələrdə olan “müşahidəçilər” qarşılaşdıqları
pozuntuları videolentə almalı, belə pozuntular tapmadıqları halda qarşıdurma
yaradaraq, səsvermə prosesini pozmalı və həmin anların görüntülərini çəkərək,
“mərkəzə” göndərməli idi. “Mərkəz” olaraq, SMDTM-nin ofisi və “Tolum Tv”nin
redaksiyası seçilib.

SMDTM-nin dövlət qeydiyyatı olmasa da, aylıq 1500 manat icarə ilə ofisinin
fəaliyyət göstərdiyi barədə məlumatlar var. Ofisdə 10-a yaxın əməkdaş –
koordinatorlar, sosial media menecerləri, videogörüntülərin hazırlanmasını
həyata keçirən montaj qrupu və digərləri fəaliyyət göstərir. Seçki günü bu
qrupun işi daxil olan görüntülərin “saxtakarlıq edildiyi” formasına salınması
və tirajlanması olub. “Toplum Tv”də X.İsmayılın rəhbərlik etdiyi qrupa isə
“jurnalist” kimi məntəqələrdə çəkilişlər aparmaq, o cümlədən, seçki prosesini
işıqlandıran medianın fəaliyyətinə “maneələrin” yaradıldığına dair faktların
toplanması işi tapşırılıb.

SMDTM-də A.Məmmədlinin hazırladığı “müşahidəçilər”, “Toplum Tv”də X.İsmayılın
hazırladığı “jurnalistlər” və AXCP-də təlimatlandırılan partiyanın gənclər
təşkilatının üzvlərindən ibarət təxribat qrupu seçki günü “saxtakarlıq
faktları”nın tapılması, eləcə də süni pozuntu hallarının yaradılması üçün
əllərindən gələni etdi, lakin cəhdləri iflasa uğradı. Məlumatlara görə,
seçkidən bir neçə gün öncə təxribat qrupu arasında narazılıqlar, fikir
ayrılıqları yaranıb. Buna səbəb A.Məmmədlinin “500 nəfərlik qrupun yaradılması”
vədi ilə donor təşkilatlarından aldığı 350 min manat vəsaitin böyük hissəsini
mənimsəməsi, cəmi 15-20 nəfərlik qrup yaradaraq “müşahidəçilərə” 40-50 manat
civarında “əməkhaqqı” verməsi olub. Xüsusilə cəbhəçilərin əksəriyyəti vəsaitin
azlığına görə prosesdə iştirakdan imtina ediblər.

X.İsmayılın “jurnalist” dəstəsindən də son anda ayrılanlar olub. Onların
yerini doldurmaq üçün təcili şəkildə cəlb edilən yeni “əməkdaşlar” isə işi
öncədən hazırlanan plana uyğun qura bilməyiblər. “Toplum Tv”nin canlı efirində
jurnalistlərdən birinin getdiyi seçki məntəqələrində hər şeyin qanunauyğun
olduğu, medianın fəaliyyətinə maneələrin yaradılmadığını, əksinə çəkiliş üçün
bütün şəraitin yaradıldığı haqda etirafları da təcili cəlb edilən
“əməkdaşların” təcrübəsizliyindən qaynaqlanır.

A.Məmmədlinin yaratdığı “15-20 nəfərlik müşahidəçi” qrupunda LGBT üzvləri də
təmsil olunurdu. Onların əsas işi seçki məntəqələrində hay-küy salmaq, məntəqə
sədrləri ilə qarşıdurma yaratmaq və bütün bunları “pozuntu faktı” kimi
göstərmək olub. LGBT üzvləri Əli Məlikov, Rza Abbaszadə, Rəşad Nəbiyev, Cavid
Nəbiyev (bu şəxs Almaniyada həmcinsi ilə evlənib), “Makalooo” ləqəbli İsmayıl
adlı şəxs prosesdə daha aktiv iştirak edənlərdir. 23 saylı Nəsimi-Səbail seçki
dairəsi 13 saylı məntəqəsində müşahidəçi kimi qeydiyyatdan keçən bu LGBT
üzvləri məntəqədə qarşıdurma yaradaraq bunu “Azadlıq radiosu”, “Amerikanın
səsi”, “BBC Azərbaycanca” və “Meydan TV”nin efirində “seçki pozuntusu” faktı
kimi təqdim ediblər.

LGBT üzvlərinin seçki təxribatı qrupuna daxil edilməsi iki səbəbdən irəli
gəlir:

A.Məmmədli ayrılan qrantın böyük hissəsini mənimsəyərək, hazırladıqları
“müşahidəçilərə” daha az vəsait verdiyi üçün seçkiyə bir neçə gün qalmış
qrupdan çıxanların yerini doldurmaq;

Cinsi azlıqlar vasitəsilə daha çox hay-küy salmaq, məntəqələrdə qarşıdurma
yaratmaq.

Lakin bütün cəhdlərinə baxmayaraq, Qərbin təxribat şəbəkəsinin seçki günü
hazırladıqları plan alt-üst oldu. Birincisi, səsvermə prosesində qanun
pozuntusu, yaxud hansısa neqativ hal yaşanmadı və təxribatçı qrup məntəqələrdən
“əliboş” ayrılmaq məcburiyyətində qaldı: seçkilər demokratik prinsiplərə və
beynəlxalq standartlara uyğun şəkildə tam şəffaf keçirildi;

İkincisi, süni şəkildə qarşıdurma yaratmaq və “seçki saxtakarlığı” iddiası ilə
“faktlar” toplamaq cəhdləri alınmadı: məntəqələrdə təşkil etdikləri
“saxtakarlıq oyun”ları ifşa edildi;

Üçüncüsü, foto və videogörüntüləri montaj edərək, “seçki saxtakarlığı”
haqqında hazırladıqları “faktlar” da ictimai rəydə inandırıcı olmadı, hətta
təxribat planının sifarişçiləri də bu qondarma “faktları” qəbul etmir.

Planlaşdırılan təxribatın baş tutmaması Qərbin məlum şəbəkəsini məyus edib.
Artıq sosial şəbəkələrdə bunu dilə gətirirlər, xüsusilə SMDTM-nin cəmi 105
məntəqədə müşahidə apararaq, yekun rəy verməsinin qəbuledilməz olduğu barədə
müzakirələr gedir, planın baş tutmamasına görə bir-birini ittiham edirlər. Və
zaman keçdikcə bu qarşıdurmanın genişlənəcəyi gözləntisi var, çünki
A.Məmmədlinin təxribat planı üçün ayrılan vəsaiti şəbəkənin digər “rəhbərləri”
ilə bölüşdürməməsi ciddi narazılıq yaradıb.

7 fevral seçkisi Qərbin Azərbaycandakı şəbəkəsini ifşa etdi və aydın oldu ki,
artıq ölkədə bu şəbəkəyə inam azalıb, onların fəaliyyət imkanları böyük ölçüdə
məhdudlaşıb, xüsusilə gənclər onlar üzərindən pullar qazanan bu şəbəkəni baykot
edir. 7 fevral seçkisi həm də Azərbaycan xalqının onun iradəsinə müdaxilə etmək
istəyən qüvvələrə bir daha yerini göstərdiyi təqvim olaraq tarixə keçdi.

Source link