“Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı kanallar yaratdı,
cəzasını aldı – MƏHKƏMƏ İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Sabirabad rayonu, Zalqarağac kəndində yaşayan şəxs “Telegram”
sosial şəbəkəsində “Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı
kanallar yaradaraq pornoqrafik materiallar paylaşıb.
Cixisyolu.com-ın məlumatına əsasən, şəxs (məhkəmə sənədlərində adı açıqlanmır) qeyd
edilən pornoqrafik xarakterli videogörüntüləri, şəkilləri gəlir əldə etmək üçün
yayma və reklam məqsədilə qanunsuz hazırlayıb.
O, 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddət ərzində qeyd edilən
kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş
izləyici kütləsinə nümayiş etdirib.
Habelə pornoqrafik xarakterli video materiallar və şəkillərlə müxtəlif
məbləğlərlə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul
vəsaitlərini bank kartına mədaxil edib.
Baxış zamanı müəyyən olunub ki, adıçəkilən kanallarda paylaşılan hər bir
pornoqrafik xarakterli videoların başlığında izləyicilərin diqqətini cəlb edən
və cinsi ehtirası sağlam olmayan şəkildə oyadan müxtəlif məzmunda reklam
xarakterli elanlar yazılıb.
Bundan başqa, müəyyən olunub ki, təqsirləndirilən şəxs tərəfindən idarə edilən
pornoqrafik xarakterli videoların reklam edildiyi kanallarda həmin məzmunlu
videolar insanlanlara müəyyən ödəniş qarşılığında, 10 manata təklif edilib.
Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə törətdiyi əməllərdən 400 manat
məbləğində qeyri-qanuni gəlir əldə edib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan olunmuş ittiham
üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, faktiki olaraq
Sabirabad şəhərində Zalqarağac kəndində ailəsi ilə birlikdə yaşayır.
“2023-cü ilin fevral ayının ortalarında kənddə tanışlarım ilə söhbət edərkən
onların mənə deməsindən məlum oldu ki, “Telegram”dan istifadə etməklə pul
qazanmaq olur. Mən də “Telegram”dan pulu necə qazanmağın mümkün olmasını
araşdırdım. Qərara gəldim ki, “Telegram” sosial şəbəkəsində kanal alım və orada
pornoqrafik xarakterli materiallar paylaşım və həmin səhifələrin reklamlarından
qazanc əldə edim”,-deyə o, ifadəsində göstərib.
Bununla belə, o, pornoqrafik xarakterli videoların paylaşılmasının qanunsuz
olduğunu və cinayət sayıldığını bilməyib.
“Bilsəydim, bu işlə məşğul olmazdım. Törətdiyim əmələ görə peşmanam”, – deyə
ifadəsində göstərib.
Məhkəmə istintaqı zamanı iş materiallarında olan tələbnamədən görünüb ki,
təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.
İş materiallarında olan Sabirabad RİH-in Çöl Beşdəli İƏD üzrə nümayəndəliyi
tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı
ərazi üzrə müsbət xarakterizə olunur.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə
(pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) nəzərdə tutulmuş
cinayət əməllərini törətməkdə təqsirli bilinib.
O, iki il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq
hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Aqil Vəlili