7471f269-eed7-47d7-8663-f86236200b8f..jpg

Seksoloq: “Bakının yarısı bir-birini zorlasın?” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 467 dəfə baxılıb.

Seksoloq: “Bakının yarısı bir-birini zorlasın?” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əgər adam subaydırsa, seks ehtiyacını ödəyə bilmirsə (masturbasiya və ya
digər formada), düzgün fantaziya qura bilmir. Bu da ona gətirib çıxarır ki, ilk
fürsətdə öz ağlındakı fantaziyaları kiməsə yükləyir. Təəssüf ki, bunun qurbanı
əksər hallarda öz yaxınındakı insanlar əmiarvadı, qardaşqızı, qardaşarvadı və
digər obrazlar olur”.

Bunu Cixisyolu.com-a müsahibəsində klinik psixoloq-seksoloq, Amerika Psixoloqlar
Assosiasiyasının üzvüTəhmasib Cavadzadə deyib. Onunla müsahibəni təqdim edirik:

– Son vaxtlar ölkədə biabırçı hadisələrin sayı artıb. Xəbərlərdən də öyrənmiş
olarsınız: əmi öz qardaşı qızını qaçırıb, yetkinlik yaşına çatmayan qız 32
yaşında kişiylə nişanlanıb, yeddi nəfər 16 yaşlı qızı zorlayıb, 53 yaşlı kişi
15 yaşlı qızı qaçırıb. Bu ədəbsiz hallar niyə artıb?

– Təəssüf ki, belə hallar yaşanır. Amma sizə deyim ki, bu hallara daha çox
regionlarda rast gəlinir. Çünki orada ərazi kiçik, adam sayı azdır. Bu
zehniyyətdə olan insanlar düşünürlər ki, əldə edə biləcəkləri qadın, qız sayı
çox məhduddur. Seks barəsində maarifləndirmə isə demək olar ki, yoxdur. Bu
əməlləri törədən insanlarda seksual problemləri var. Əgər adam subaydırsa, seks
ehtiyacını ödəyə bilmirsə (masturbasiya və ya digər formada), düzgün fantaziya
qura bilmir. Bu da ona gətirib çıxarır ki, ağlında qura bildiyi fantaziyaları
ilk fürsətdə kiməsə yükləyir. Təəssüf ki, bu da əksər hallarda öz yaxınları
yəni əmiarvadı, qardaşqızı, qardaşarvadı və digər obrazlara proyeksiya olunur.
O insan elə düşünür ki, onu məhz o qadın xoşbəxt edər. Belə absurd yanaşma bu
cür halların ortaya çıxmasına səbəb olur. Seks həyatını və ya xoşbəxtliyini bir
qadına (və ya kişiyə) bağlamaq doğru deyil.

Yox, əgər bu kimi hadisələri törədən şəxs evlidirsə, deməli, həyat yoldaşı ilə
intim münasibətləri normal deyil. Seks ehtiyacı toplanır və şüurlu düşünə
bilmədiyi üçün səhv yollara əl atır. Bir çox insanlar seksual zorakılığa məruz
qalırlar. Bu niyə olur? Çünki seks “aclığı” var. Cəzaçəkmə müəssisələrində
seksual zorakılığa görə saxlanılan şəxslər var ki, onlarla vaxtında müvafiq
maarifləndirmə işi aparılmayıb. Yaşından asılı olmadan gizli-gizli pornoqrafiya
izləyirlər, sonra gördüklərini yaşamaq üçün hədəf axtarırlar. Heç kim onlara
izah etmir ki, ehtiyacını ödəmək üçün başqa birisi mütləq deyil. Bunun üçün
“masturbasiya” deyilən anlayış var. Bu səbəblərdəndir ki, yetkinlik yaşına
çatmayan uşaqlar evdə tək qalanda bəzən öz qohumları, qardaşları, bacıları və
s. ilə ya nələrsə edir, ya da etməyə cəhd göstərirlər.

– Yetkinlik yaşına çatmayan iki nəfəri təklikdə qoymaq olmaz, bunu deməyə
çalışırsınız?

– Bəli, olmaz. Hətta iki oğlanı – məsələn, 12 və 16 yaşlıları evdə tək qoymaq
olmaz. Lap qohum da olsalar, düzgün deyil. Çünki biri yaşının uşaq çağında, o
biri isə orqanizminin seks ehtiyaclarının inkişaf etdiyi dövrdədir. Elə bil ki,
oğrunun qarşısına dolu pulqabı qoyursan. Bu onu şirnikləndirir. Bəlkə də, oğru
heç o pula toxunmayacaq, islah olub, amma bütün hallarda bu, zəmin yaratmaq
kimi bir şeydir. Bu fikir bəzilərini qıcıqlandıra bilər, amma seks
maarifləndirilməsi olmadığı müddətcə insanlar bu kimi incə nüansları
görməyəcəklər.

Yüzlərlə insan var ki, evlənir, boşanır, xoşbəxtliyini tapa bilmir. Bu
xoşbəxtlik, əslində, axtardığı seks həyatıdır. Ona görə də qardaşı arvadına,
qardaşı qızına, qonşu qızına meyil edənlər olur.

– Kişiləri qadınlara qarşı seksual zorakılığa təhrik edən daha hansı səbəblər
var? Açıq-saçıq geyim deməyin, çünki regionlarda belə halların daha çox
olduğunu dediniz. Rayonlarda isə əksəriyyət açıq-saçıq geyinmir…

– Qadınlar çox vaxt açıq-saçıq geyinəndə də, baxımlı olanda da bunu digər
qadınlarla rəqabət mühitində edirlər. Yəni bu fikri elə qadınlar özləri mənə
etiraf ediblər. Təəssüf ki, bəzi kişilər bu açıq-saçıqlığı öz üzərinə alırlar.
Amma məsələn, kənd yerində qadın bir qədər fərqli geyinib özünü kişiyə xoş
göstərmək istəyirsə, deməli, qadının problemi var. Bir növ, qadın nə isə
istəyir, amma onu tapa bilmir. Burada müxtəlif səbəblər ola bilər, konsultasiya
etmədən demək olmaz. Bəlkə, qadın seks ehtiyaclarını ödəyə bilmir, bəlkə, əri
ilə seks onun təmin etmir, bəlkə, yoldaşı başqa qadınları xoşbəxt etdiyi qədər
onu xoşbəxt etmir… Hər zaman qadın və ya kişi günahkardır kimi iddia etmək
olmaz. Hər iki tərəfin müəyyən problemləri ola bilir ki, yekunda vəziyyət belə
xoşagəlməz hal alır. Əgər bir nəfər ayrılır, boşanırsa, səhv tək bir tərəfdə
ola bilməz. Xəyanət varsa belə, günah hər iki tərəfin payına düşür.

Bunu geyimlə bağlamaq ümumiyyətlə düzgün deyil, onda gərək Bakının yarısı o
biri yarısını zorlasın? Şəhərdə qışın soyuğunda da, yayın istisində də qısa,
açıq-saçıq geyinən xanımlar var. Heç üşümürlər. Kişilər isə, yazıqlar, qış günü
şalvarın altından 100 dənə geyim geyinirlər, yenə də soyuqdan donurlar. Qız
kapron corabda gəzəndə üşümür, o kapronda nəsə sirr var (gülür).

Yəni bu fikirlə yanaşmaq olmaz. İnsanların azyaşlılara, öz qohumlarındakı
qız-gəlinlərə meyil etməsi natamamlıq kompleksi də ola bilər, psixoloji problem
də, səthi düşüncə də. Çünki qısa geyinən bir xanıma şəhvət hissi ilə yanaşan
kişi səthi düşünür. Onda sabah küçədə yox, elə evin içində bacısı, qohumu da
qısa geyinib gəzsə, ona da gözü düşəcək? Bu, səthi düşüncənin nəticəsidir.

– Bir neçə həftə öncə 12 yaşlı qız 32 yaşlı oğlanla nişanlanıb, 40 yaşlı
kişiyə ərə verilən 17 yaşlı qız isə başqası ilə qaçıb. Bu, pedofiliya sayılır?
Kişilər qızı, nəvəsi yaşında uşaqlara niyə tamah salırlar?

– Pedofiliya bu deyil. O vaxt insanı pedofil adlandırmaq olar ki, onun daim
azyaşlılardan xoşu gəlsin. Məsələn, 30 yaşlı kişi 15 yaşlı qız ilə evlənir.
Onunla üç il evli qalır və 18 yaşından sonra boşayır, yenidən gedib 15 yaşlı
qız alır. Çünki o, seks partnyorunu uşaq kimi görmək istəyir, bu, xəstəlikdir.
Onun partnyorunun əzaları, bədəni qadınlaşdıqca gözündən düşür.

Birinin 30 yaşı var, 25 yaşlı xanımla evlənirsə, bu, pedofiliya deyil.
Pedofilin qurbanı mütləq yetkinlik yaşına çatmamış şəxs olur. Nənə-babalarımız
da belə baxanda 12-16 yaşında ailə qurublar. Elə regionlar var ki, orada qızlar
əvvəllər 13 yaşında ərə verilirdilər. Amma daha kişilər onları alıb, 18 yaşdan
sonra boşamırdılar. Evlilik ömür boyu davam edirdi. Oğlanın 20, qızın 15 yaşı
olsa, onların beş il gözləyib ailə qurmaları normaldır. Beş il sonra oğlanın 25
yaşı olur, qızın isə 20 yaşı. Buna haradasa normal evlilik kimi baxmaq olar.
Amma 32 yaşlı, 40 yaşlı adamın 15 yaşlı qızla nişanlanıb onun yetkinlik yaşına
çatmasını gözləməsini anlamaq olmaz. Qız tapılmır sizə, uşağı gözləyirsiniz? Bu
nə məntiqsiz hərəkətlərdir? Psixologiyada da bu, normal davranış hesab olunmur.

– Bəs psixologiyaya görə, evlilik üçün kişi və qadın arasında ideal yaş fərqi
nə qədər olmalıdır?

– Evlilik psixologiyasında yaş ortalaması üç və altı il götürülür. Bu, hər iki
tərəf üçün keçərlidir. Yəni kişi, qadın partnyorundan üç və ya altı yaş kiçik,
ya da böyük ola bilər. 10 yaş fərq artıq həyəcan təbilidir, risklidir. 10 yaş
artıq “qırmızı işıq”dır və yaxşı hesab edilmir.

10 yaş fərqi o zaman istisna hesab edilə bilər ki, 35 yaşlı qadın o qədər
baxımlı olsun ki, 25 yaşında görünsün. Amma sabah kişinin 40 yaşı olanda
qadının 50 yaşı olacaq. Bu zaman depressiya, klimaks dövrü və s. seks həyatının
dayanması deməkdir. Nəticə, gec də olsa, eyni uğursuzluğa aparıb çıxarır. Hətta
təcrübələrdə özündən 20 yaş böyük qadınlara aşiq olan kişilər var. Bu da
uğursuz evlilikdir, çünki onlar artıq özlərinə ana qayğısı istəyirlər, qadın,
seks həyatı yox. Qız özündən 20 yaş böyük kişini istəyirsə, onun da mütləq
atası ilə problemli münasibəti var. Özünün əskik tərəflərini, ata qayğısını o
kişidən almaq istəyir. Obraz olaraq da diqqət etsəniz, insanlar xarici
görünüşcə ana və ya atalarına bənzər şəxsləri seçirlər.

– Qızlarla oğlanların arasında fərqli anlaşılan nüanslar var. Oğlanlar həyat
yoldaşı kimi seçdikləri qızları sevməyə belə qıymır, başqa qadınlara üz
tuturlar. Qızlar isə bunu ya xəyanət sayır, ya da oğlanın problemi olduğunu
deyirlər. Bu yanaşma nə dərəcədə doğrudur?

– Necə yəni qıymamaq? Səhv inanclardır. Bəzən özümüzə qəribə mental dəyərlər
qoyuruq. Hərdən bu, çox ağır olsa da, ona riayət etməyə çalışırıq. İnsan insanı
sevirsə, onunla gələcək düşünürsə, qıymamaq nə deməkdir? Təbii ki, bu,
gələcəkdə onların ailə həyatında da problem yaradacaq. Seks ailə həyatında çox
önəmli məqamdır, amma o, hər şeyi həll etmir. Bəzən ailədə tərəflər bir-birinin
şəxsiyyətini təhqir edir, alçaldırlar. Bu zaman qadın sabah o kişidən seks
tələb edirsə, kişi ona yaxın durmursa, haqlıdır. Ya da əksinə, kişi döydüyü,
xəsarət yetirdiyi qadından seks tələb edirsə, qadın da ona yaxın durmursa, bu
da normaldır. Ona görə də ailə anlayışı dərin və çoxşaxəlidir.

– Umu-küsünü ən tez unudan kim olur? Partnyoruna yenidən ehtirasla yaxınlaşan
kişi olur, yoxsa qadın?

– Hər şey yataqda həll olunmur, əvvəlcə bunu diqqətdə saxlamaq lazımdır. Amma
onu da unutmayaq ki, kişilər qadınlar kimi deyillər. Kişinin qadına qarşı
ehtirası öldüsə, istəyi qırıldısa, onun bərpa olması zaman alır. Qadın isə
onsuz da, sevilməyi, göz önündə olub, nazının çəkilməsini istəyir. Onların
sevgisini yenidən qazanmaq asandır. Kişi və qadın bir-birinə lazım olan
diqqəti, qayğını vermir deyə qarşılıqlı soyuqluq yaranır. İstəklərini
bir-birinə deməkdən çəkinirlər.

Bəzən də olur ki, seksdə qadın, yaxud kişi üstün olmaq istəyir. İdarəçilik
istəyi də balansı pozur. Seks həyatı zədələndisə, bu, özünü ağlınıza gəlməyəcək
mövzularda büruzə verəcək. Bu gün boşanmaların sürətlə artmasının səbəbi də
budur. Qadınlar “kişidən çox kişi var”, kişilər də “qadından çox qadın var”
düşüncəsi ilə yanaşdıqları üçün problem həll olunmaq əvəzinə, ailə dağılır. Bu
problem anasının razılığı olmadan evlənən kişilərdə tam başqa cür olur. Ana
dəfələrlə vurğulayır ki, “boşan, boşan, başqa qız alacağam sənə”.

– Seks həyatını ən çox nə zədələyir?

– Birmənalı – qadınların deyinməyi. Bu deyingənlik kişilərin seks istəyini
öldürür. Qadın təbiəti qəbuledicidir. Bir narazılıq olanda unutmur, amma tez
keçir üzərindən. Kişi isə elə deyil. İşdən evə yorğun gələn kişi qadının “bunu
niyə aldın, onu niyə almadın, oraya niyə getmədik, bu niyə belə olub,
filankəsin kişisi belə, o birinin arvadı belə…” kimi dır-dırındansa, bir xoş
söz, sığal istəyir. Amma təəssüf hissi ilə deməliyəm ki, qadın deyingənliyindən
ehtiraslanan kişilər də var. Amma bu, çox nadir rastlanan haldır. Kişilərin
əksəriyyəti həyat yoldaşları ilə evlənən zaman onların baxımlı, təmiz, gözəl,
ətirli olduqlarına, sakit təbiətli olmalarına diqqət edirlər. Evlilikdən sonra
isə qadın özünə baxmır, səliqəsiz, deyingən olur. Bu da, bir növ, kişilərin
seks fantaziyalarını öldürür. Heç bir kişi qadını ilə sevişmək istəyərkən onu
deyingən halda təsəvvür etməz. Avtomatik olaraq kişi onunla yatağa girmək
istəmir və bəhanələr başlayır – başım ağrıyır, yorğunam, imkan ver, dincəlim və
s.

– Uğurlu evlilik modeli, sizə görə, necədir? Evlilikdən öncə tərəflər
gələcəkdə ailənin təməlinin möhkəm olması üçün bir-biri ilə eyni evi, həyatı
bölüşməlidirlərmi?

– Biz hər zaman bunu deyirik, amma hər kəs bu fikrə gülür. ABŞ təcrübəsinə
diqqət edin. Orada cütlüklərin uşaqları onların toyunda iştirak edirlər.
İnsanlar əvvəlcə tanış olur, bir-birləri ilə eşq yaşayırlar. Bir neçə ay sonra
birlikdə yaşamağa qərar verirlər. Dost, tanış, ailələr də bunu bilir və normal
qarşlayırlar. Üç il, beş il birlikdə yaşadıqdan sonra evlilik təklifi edirlər.
Ona görə də ailələr daha möhkəm və uzunömürlü olur.

Azərbaycanda isə qız ilə oğlan tanış olanda dörd tərəfə baxırlar ki, aman,
tanış-biliş görər, biabır olaram. Bir neçə ay ərzində nişanı, toyu
sürətləndirib evlənirlər. Aləmə car çəkirlər ki, qızımız ya oğlumuz evləndi.
Amma cütlük bir-birini tanımır. Bir neçə ay birlikdə yaşadıqdan sonra tərəflər
başlayırlar şikayətlənməyə. O deyir, bunu bəyənmədim, o biri deyir, sən niyə
belə elədin? Nəticədə ailə dağılır və boşanmaların sayı artır. Mən bu
modellərin heç birinin nə düzgün, nə də yanlış olduğunu demirəm. Nəticə eyni
yerə çıxır. Hər iki modeldə önəmli olan bir-birini tanımaqdır. ABŞ-də birlikdə
yaşayıb tanıyırlar. Bizim mentalitet, dəyərlər ayrıdır, bunu çox insan qəbul
etməz. Amma tez evlənib, mənasız səbəblərdən boşanmalar da gərək deyil. Həm
insanların həyatı məhv olur, həm də statistika artır.

– Bəzən natamamlıq kompleksi insanları tibbi açıqlaması olmayan, cinsi orqanın
ölçüsünə təsir etdiyi iddia olunan gellərə, dərmanlara üz tutmağa sövq edir.
Elə bir dərman vasitəsi varmı ki, cinsiyyət orqanının ölçülərində dəyişiklik
yarada bilsin?

– Əlbəttə ki, xeyr, bunlar hamısı marketinq fırıldağıdır. Siz barmağınıza gel
vurub onun uzunluğunu artıra bilərsiniz? Bütün gün dəmirdən sallanın, boyunuz
uzana bilər? Cinsiyyət orqanı da belədir. 20-30 yaşdan sonra artıq cinsiyyət
orqanı inkişaf edə bilməz. Bu, mümkün deyil. Başa düşmək lazımdır ki, kişilərdə
cinsiyyət orqanının ölçüsü yeddi-səkkiz santimetrdən çoxdursa, normaldır. Övlad
sahibi olmaq da olar, yataqda qadına həzz yaşatmaq da. Pulgir bir androloqun
fəndinə düşən adamlar var. Vəd verir ki, gəl kəsim-doğrayım, uzadacağam. Bunun
elmi izahı var. Prosedur belədir ki, cinsiyyət orqanının formasını saxlayan
vətərlər var. Cinsiyyət orqanını düz saxlayan o vətərlərdir. Cərrahi
əməliyyatla həmin vətərləri kəsirlər və cinsiyyət orqanı aşağı doğru sallanmış
halda qalır. Vizual olaraq, cinsiyyət orqanı ereksiya vəziyyətində olmadığı
halda daha uzun görünür. Ehtiras anında da əvvəl cinsiyyət orqanı qalxıb düz
qalırdısa, artıq belə bir vizual görünüş olmur. Tək fərq budur və düşünürəm ki,
çox mənasız prosedurdur. Normal həkimlər bunu pasiyentə izah edir və yola
salırlar.

Elə pasiyentlər var ki, cinsiyyət orqanının ölçüsü 12 sm-dir, istəyir ki, 15
sm olsun. Niyə? Tərəflər başa düşməlidirlər ki, cinsiyyət orqanının ölçüsü yox,
ondan düzgün istifadə və həzz ala bilmək əhəmiyyətlidir. Vaginanın dərinliyi
8-10 sm olursa, sənin 12 sm və daha uzun cinsiyyət orqanın kimə lazımdır?
Vaginanın cəmi bir santimetri həssaslıq duyur.

– Bəs cinsiyyət orqanı hansı ölçüdə patologiya hesab edilir?

– Kişilərdə yeddi sm-dən kiçik cinsiyyət orqanı patologiya hesab edilir.
Estetik olaraq bu kimi hallarda cinsiyyət orqanını nisbətən qalınlaşdıra
bilirlər. Bu da kişinin öz piyindən götürülür və cinsiyyət orqanının müvafiq
hissələrinə yeridilir. Lakin bu da ömürlük deyil. Altı aydan bir gedib bu
prosesi təkrarlamaq lazımdır ki, cinsiyyət orqanı elə qalın olsun. Mənasız iş
olduğunu yenidən vurğulamaq istəyirəm.

Normadan, yəni yeddi sm-dən az, mikropenis adlanır, patologiya hesab edilir.
Normal penis ölçüləri səkkiz-doqquz sm-dən başlayır. Tam norma 10-14 arası,
normadan çox ölçü isə 15-16 sm hesab edilir. Mən sosial şəbəkə hesabımda bu
barədə videolar paylaşıram, mənə çoxsaylı suallar gəlir. İnanın ki, maariflənmə
səviyyəsi o qədər aşağıdır ki, insanlar suallarına anonim olaraq cavab almaq
istəyirlər.

– Sosial şəbəkədə qadınlara aid bir neçə məşhur səhifə var. Onlardan birində
belə bir sual qarşıma çıxdı: “Niyə bəzi qadınlar küçədə yanından keçən xoş
görünüşlü kişilərin cinsiyyət orqanına, kişilər isə vizual olaraq bəyəndikləri
qızların ombasına baxırlar?” Sizcə, niyə?

– Seks “aclığı”ndan. Qadın öz ərinin, sevgilisinin, yaşadığı kişinin cinsiyyət
orqanını yox sayırsa, yəni “bloka atıbsa”, başqa kişilərə baxmağa başlayır. Həm
kişilərə, həm də qadınlara bir-birinin cinsiyyət orqanı çox maraqlıdır. Bunu
kim danırsa, demək ki, səmimi deyil. Bəziləri sinəyə, bəziləri ombaya, bəziləri
penisə və s. baxır, amma nəhayətdə maraq var ki, baxır. Qadın ailə qurduqdan
sonra həyat yoldaşı ilə seks fantaziyaları yaşamaq istəyir. Kişi isə buna
etiraz edir və “sən nə edirsən?”, “bunları haradan öyrənmisən?” və s. kimi
absurd fikirlər deyərək qadını utandırır. Qadın artıq düşünür ki, halal həyat
yoldaşı ilə normal intim həyat yaşamaq istədiyi üçün yoldaşı ona pozğun gözü
ilə baxır. Bu fikir qadın üçün çox ağırdır. Bundan sonra o qadın əri ilə seks
istəməyəcək, sadəcə, ailə qanunları kimi kişinin seks ehtiyacını qarşılamasına
etiraz etməyəcək. Amma özü həyat yoldaşı kimi o kişini beynində “bloka atacaq”.

Həyat yoldaşı olan cütlüklər bilməlidirlər ki, onlar ruhən, cismən, bədənin
bütün əzaları ilə bir-birinə aiddirlər. Niyə yaşamaq istədiklərinizi öz həyat
yoldaşınızla deyil, kənar şəxslərlə reallaşdırmağa çalışırsınız? Heç kim
inciməsin, öz həyat yoldaşından seks ehtiyaclarını ödəməsini istəyən qadın
pozğun deyil. Kişi bu şərtlərdə qadını pozğun adlandıra bilməz, haqqı yoxdur.

Bir nəfər mənə deyirdi ki, bakirə qızla ailə qurmuşam. Amma onunla seks mənə
həzz vermir, pul qarşılığında qadınların yanına gedirəm. Ona ilk sualım bu
oldu: “Yoldaşını seks dərslərinə göndərmisən?” Sualım onu qəzəbləndirdi. Dedim,
bəs sənin kənarda-bucaqda hansısa təcrübələrin var, o qızın seks həyatı
olmayıb. O hər şeyi səninlə öyrənir də. Nə gözləyirsən həyat yoldaşından? Axı
sən bu qadınla evlənmisən. Necə olur, sən qadının bədənindən həzz ala bilirsən,
qadına imkan vermirsən? Bu fikirləri qəbullanmaqda çətinlik yaşayan insanlar
bizə müraciət edirlər. Biz onların seks həyatındakı yanlışlıqları izah edir və
o balansı bərpa etmələrinə kömək edirik.

Seksdə yeganə sərhəd xəsarət yetirmək, döymək, söymək, incitməkdir. Amma elə
insan var ki, o bundan həzz alır, bu zaman sərhəd sayılmır. Ümumilikdə, bu,
“qırmızı sərhəd” olsa da, tərəflər bu vəziyyətdən məmnundurlarsa, o, qadağan
edilmir.

– Siz çox vaxt çıxışlarınızda uşaqlara cinsi tərbiyə verilmədiyi üçün onların
cinsi tərbiyəsiz olduqlarını deyirdiniz. Heç olub ki, yetkinlik yaşına
çatmayanlar sizin paylaşımlarınızla bağlı nə isə soruşsunlar?

– Valideynlər uşaqları bəlli bir yaşdan sonra maarifləndirməlidirlər. Onlara
cinsi orqanlar barədə zəruri informasiyanı verib, nə olar, nə olmaz –
öyrətməlidirlər. Lakin bizim ölkədə bu məqam hər zaman diqqətdən qaçır.
Məktəbdə belə, son sinifdə insan orqanizmi, anatomiyası keçilən zaman ya
qızlar, ya da oğlanlar dərsə girmirdilər.

Evdə valideynlərindən soruşmağa qorxurlar. Mənə 13-15 yaşlı xeyli yeniyetmə
yazır, masturbasiya barədə sual verirlər. Onlara izah edirəm ki, filan şeyi
belə elə, filan şeyi ümumiyyətlə eləmə. Çünki masturbasiya özü də düzgün
olmadıqda gələcəkdə kişidə problemlər yarada bilər. Bunu valideyn etməlidir,
təəssüf ki, etmir.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Source link