cb28fa92-62e6-4ec9-8699-a9a9baa97796..jpg

“Separatçı rejim erməni sakinlərlə görüşlərə əngəl olmamalıdır” – ŞƏRH + FOTO

Baxış sayı: 819 dəfə baxılıb.

“Separatçı rejim erməni sakinlərlə görüşlərə əngəl olmamalıdır” – ŞƏRH + FOTO

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazın sülh və
əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir.
Ermənistanla sülh sazişinin imzalanması təklifi də məhz bu məqsədə xidmət edir.
Azərbaycan Vətən müharibəsində Ermənistanı məğlub etsə də, sülh sazişi
imzalamaq təklifi dövlətimizin xoş niyyətinin göstəricisidir. Lakin məğlub
Ermənistan hələ də qeyri-konstruktivliyini nümayiş etdirir. Son vaxtlar bölgədə
ermənilərin törətdikləri təxribatlar bunu təsdiqləyir”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım
deyib. Deputat bildirib ki, erməni tərəfi bölgədə təxribatlarını davam
etdirməyə çalışır:

“Son günlər Azərbaycan Müdafiə Nazirliyi və XİN separatçıların Rusiya
sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına məhz sülhməramlıların
müşayiəti ilə silah-sursat, mina daşımasının qəbuledilməz olduğu haqqında
dəfələrlə xəbərdarlıq edib. Əfsuslar olsun ki, nə Ermənistan, nə də
sülhməramlılar bu xəbərdarlıqlardan nəticə çıxarmayaraq öz əməllərini davam
etdiriblər. Bu səbəbdən də martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın
yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün
istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silah-sursat
daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların
törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata
keçirib. Nəzarət tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Şuşa
yaxınlığında bəzi torpaq yollarını nəzarətə götürüb. Hansı ki, bu yollarla
Qarabağdakı erməni separatçılar silahlandırılırdı. Artıq həmin yollar şanlı
ordumuzun nəzarətindədir”.

Millət vəkilinin sözlərinə görə, həm Ermənistan, həm də Qarabağın erməni
separatçıları anlamalıdırlar ki, hansısa təxribatlarla heç nəyə nail ola
bilməyəcəklər. Qalib və güclü Azərbaycan onların bütün təxribatlarına bundan
sonra da qətiyyətlə cavab verəcək:

“Qarabağda yaşayan erməni sakinlərimiz separatçı rejimin əlində alət
olmamalıdırlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Yeri
gəlmişkən, Azərbaycan Prezidentinin Administrasiyası martın 1-də Xocalı
şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı
olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin
Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə
aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha
təklif edib. Dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları
hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya
olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk
addımın atılması önəmlidir. Doğrudur, bu elə də asan məsələ deyil. Çünki
Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayıb. Bu illər ərzində
minlərlə şəhid vermişik, çox ağrılı-acılı günlər yaşamışıq. Amma Azərbaycan
sülhsevər dövlət, xalqımız da sülhsevər xalqdır. Ermənistanla əsas fərqimiz də
məhz bundadır. Separatçı rejim erməni sakinlərlə görüşlərə əngəl olmamalıdır.
Əks halda, yenə də lazımi dərslərini alacaqlar”.

Aysel Aslan

Source link