6a63a390-cc1c-4adf-93c9-f0061686af30..jpg

Separatçıların daha bir sabiq rəhbəri David Babayan saxlanıldı

Baxış sayı: 404 dəfə baxılıb.

Separatçıların daha bir sabiq rəhbəri David Babayan saxlanıldı

Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar
hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə,
müharibə və digər ağır cinayətlər törədilməsi faktları üzrə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə Azərbaycan
Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin
istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, istintaqla
müəyyən edilib ki, 2013-23-cü illərdə separatçı qurumun “prezidenti aparatının
rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi,
xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi
vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş
Babayan David Klimoviçin həm 44 günlük Vətən müharibəsi dövründə, həm
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinin
təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında
qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında
milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini
əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də,
Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin
yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə
almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi
təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və
düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri
təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə,
maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi
münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1,
32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10
(silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),
117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr
vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə),
283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər
maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin
qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə
orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə
qeyd olunan maddələr üzrə ittiham elan edilib.

Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd
rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi
qulluqçusu, 2015-18-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində
işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş
qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixinin
qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq
humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir
düşmüş azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir
götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində
çoxsaylı işgəncələr vermələrinə və həmin il noyabrın 19-dək onu əsirlikdə
saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsi barədə qərar qəbul edilib və həmin il noyabrın 14-də barəsində müvafiq
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi
Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Cari il sentyabrın 29-da L.Mnatsakanyan “Laçın” sərhəd-buraxılış məntəqəsindən
Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim
olunub və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə
qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına
etap olunub.

Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat
tədbirləri davam etdirilir.

Source link