Serb məşqçi Kosovo ilə oyuna komanda çıxarmadı, qovuldu

Baxış sayı: 2. 301 dəfə baxılıb.

Serb məşqçi Kosovo ilə oyuna komanda çıxarmadı, qovuldu

Futbol üzrə Monteneqro millisinin baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Monteneqro Futbol Assosiasiyasının saytının xəbərinə görə, 66 yaşlı serbiyalı məşqçi dünən qapalı qapılar arxasında keçirilmiş və 1:1 hesabı ilə başa çatmış Kosovo ilə seçmə mərhələ oyununa komandanı çıxarmaqdan imtina etdiyi üçün vəzifəsindən azad olunub.

Belə ki, həmin qurumun İcraiyyə Komitəsinin çıxardığı qərarda 2016-cı ilin yanvarından komandanı çalışdıran Tumbakoviçin hərəkəti xoşagəlməyən sürpriz və müqaviləsində nəzərdə tutulmuş peşəkar öhdəliklərin pozulması kimi əsaslandırılıb. Komanda Miodraq Cudoviç – Draqoye Lekoviç məşqçilər tandeminə tapşırılıb.

Bundan başqa, Monteneqro millisinin Serbiya doğumlu futbolçuları – Filip Stoykoviç və Mirko İvaniç də Kosovo ilə oyuna çıxmaqdan imtina etdiyindən, komandadan qovulub.

Qeyd edək ki, 90 faizi etnik albanlar olan Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqil olduğunu bəyan edib. ABŞ və əksər Avropa İttifaqı ölkələri bu ölkənin müstəqilliyini tanıyıb.

Serbiya, Çin, Rusiya və beş Avropa İttifaqı ölkəsi Kosovonun müstəqilliyini tanımayıb. Azərbaycan da Kosovonu tanımayan ölkələr arasındadır.

Səbuhi MUSAYEV