Sergey Skripka: “Brodı-Plotsk” boru kəmərinin tikintisi Rusiya-Ukrayna
müharibəsindən sonra başlaya bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xəzər hövzəsi ölkələrinin neft məhsullarının Avropa bazarına tədarükü üçün
nəzərdə tutulan “Brodı-Plotsk” boru kəmərinin tikintisi yalnız Rusiya-Ukrayna
müharibəsindən sonra başlaya bilər”.
Bunu “Report”a açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin
baş direktoru Sergey Skripka bildirib.
Onun sözlərinə görə, artıq bu, Ukraynanın bərpası Proqramına daxil edilib:
“Təbii ki, bu layihənin reallaşdırılmasında yaranan fasilə məcburi olub.
“Sarmatiya”nın səhmdarlarından və iştirakçı dövlətlərdən heç biri bu layihədən
imtina etməyib və etmir. Bizim təsisçilər şirkətin fəaliyyətinin davam
etdirilməsi üçün dəstək göstərirlər. Bu da müvafiq qərar qəbul edilsə,
Rusiya-Ukrayna müharibəsindən sonra bu layihənin reallaşması mərhələsinə
başlamağa imkan verəcək”.
O qeyd edib ki, artıq indidən bu proqramın hansı illəri əhatə edəcəyini
söyləmək çox çətindir:
“Ancaq ümid edirik ki, bu layihə müharibə bitdikdən sonra reallaşdırılacaq.
Ancaq sevindirici haldır ki, bizim layihə Ukraynanın bərpası Proqramına daxil
edilib. Məhz bundan sonra beynəlxalq donorlar, həmçinin Avropa İttifaqı
tərəfindən maliyyə dəstəyi almaq mümkün olacaq”.
S.Skripka deyib ki, hazırda müəssisənin əsas işi boru kəmərinin tikintisi üçün
ayrılmış ərazinin xüsusilə saxlamaqdır:
“Polşada boru kəmərinin tikintisi intensiv aparılır. Bununla bağlı ildə bir
neçə dəfə “Sarmatia” boru kəmərinin keçdiyi ərazilərin də daxil olduğu
marşrutun dəyişdirilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir və bu
ərazinin qorunub saxlanması üçün çalışır. Bu da layihənin gələcəkdə
reallaşdırılmasına imkanlar verəcək”.
Qeyd edək ki, 20 iyun 2023-cü ildə Avropa Komissiyası Ukraynanın bərpası,
yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün yeni mexanizmin
yaradılmasını təklif edib. Ukraynaya Dəstək Mexanizmi 2024-2027-ci illər üçün
Ukraynaya əlaqələndirilmiş və proqnozlaşdırıla bilən dəstək verəcək
ixtisaslaşmış maliyyə alətinə çevriləcək.
Xatırladaq ki, Odessa Brodı-Adamova Zastava (Plotsk) neft kəmərinin tikintisi
layihəsi Polşanın Baş naziri Donald Tusk ilə Ukraynanın Baş naziri Denis Şmıqal
arasında yanvarın 22-də Polşa hökuməti başçısının Kiyevə rəsmi səfəri
çərçivəsində baş tutan görüşün müzakirə mövzularından biri olub.
Ukrayna hökuməti başçısının sözlərinə görə, Ukrayna və Polşa enerji sahəsində
əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Ukraynanın Baş naziri iki ölkənin
neft nəqli sistemlərini birləşdirəcək yeni boru kəmərinin tikintisi üzrə işə
başlamağa hazır olduğunu açıqlayıb. O, həmçinin vurğulayıb ki, Brodı-Adamova
Zastava kəməri Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində yeni
neft nəqli marşrutunun bir hissəsi ola bilər.
Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas
iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32% ), Gürcüstanın
Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın
“Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow
Naftowych Przyjazn S.A.” (28,79%) və Litvanın “AB Klaipedos Nafta” (1%)
şirkətləridir.
Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin
çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması
nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına
çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km
təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi
isə Polşa ərazisində inşa ediləcək.