“İlk matçdakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. “Qarabağ”ın güclü olduğunu başa düşürük. Evdə oynayırlar. Rəqib topa nəzarət etməyi xoşlayır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimizi də öyrənmişik.
ÇıxışYolu.Com xəbər verir, bunu Moldovanın “Şerif” komandasının baş məşqçisi Qoran Sabliç “Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
39 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Biz ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən komandaya qarşı oynayacağıq. “Qarabağ” Avropada özünü göstərmiş komandadır. Bu cür rəqibə qarşı tam açıla bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü tərəfləri var. Hər şeyi sabah görəcəyik. Oyundan aslılıdır. Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.
Ötən mövsüm “Şerif”in baş məşqçisi olmuş, indi “Neftçi”yə rəhbərlik edən Roberto Bordindən məsləhət almamışam. “Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur. “Neftçi” ilə matça da baxmışıq. Səhvləri tapıb, istifadə etməyə çalışacağıq.
Öz futbolumuzu oynamalıyıq. “Qarabağ” kimi prestijli komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı fubolçular çoxdur. Məqsədimiz qrupa düşməkdir.
Qarşımıza Avropa Liqasının qrupuna düşmək tapşırığı qoyulmayıb. Belə bir məsələ yoxdur. Qrupa düşməsək, qorxulu heç nə yoxdur. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük. Təbii ki, hər kəs qrupa düşmək istəyir”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com