Sertifikatlaşdırma ilə məşğul olan qurumların fəaliyyətində nöqsanlar aşkar
edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin apardığı araşdırmalarla “Azgidasert” MMC-nin xarici ölkədə
akkreditasiya olunaraq ölkə ərazisində müxtəlif qida mallarının
sertifikatlaşdırılması fəaliyyətini həyata keçirdiyi, lakin qanunvericiliyin
tələblərini pozaraq ölkədə akkreditasiya olunmadan fəaliyyət göstərdiyi müəyyən
edilib.
Bu barədə Dövlət Xidməti xəbər verir.
Məlumata görə, aşkar edilmiş nöqsanla əlaqədar olaraq qurum barəsində inzibati
xəta barədə protokol tərtib edilib və sifarişçiyə verilmiş uyğunluq
sertifikatının ləğv edilməsinə dair müvafiq göstərişlər verilib. Lakin Dövlət
Xidmətinin göstərişləri yerinə yetirilmədiyindən qurum barəsində inzibati xəta
haqqında protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, Dövlət Xidmətinin protokolları qanuni hesab edilib
və qurum barəsində cərimə şəklində inzibati tənbeh tədbiri görülüb. Məhkəmənin
qərarı ilə “Azgidasert”in qanunsuz tərtib etdiyi uyğunluq sertifikatının ləğvi
təmin edilib.
Bundan əlavə, “Certus” MMC-nin təqdim etdiyi uyğunluq sertifikatlarının düzgün
tərtib edilmədiyi və uyğunsuzluqların olması ilə bağlı şübhəli halları Dövlət
Xidməti müəyyən edib. Belə ki, sertifikatlaşdırılmış məhsulun standartının
tələblərində yoxlanılmalı olan bir neçə göstəricinin (parametrin) nəzərdə
tutulmasına baxmayaraq, yalnız bir göstərici üzrə laboratoriya sınağının
aparıldığı və sertifikatın verildiyi aşkar olunub.
Nöqsan aşkar edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsi barədə müvafiq
göstərişin verilməsinə baxmayaraq, təyin olunmuş müddət ərzində “Certus” Dövlət
Xidmətinin yazılı tələblərini yerinə yetirməyib. Nəticə etibarilə, “Certus”a
erilmiş akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb.
Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumları öz fəaliyyətlərində
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun,
akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin
tələblərinə əməl etməyə çağırıb. Həmin qanuna əsasən, qida və qeyri-qida
mallarının standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun
qiymətləndirilməsini akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar
həyata keçirir və bu barədə uyğunluq sertifikatı verir. Bundan əlavə, təsis
edilmiş uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda,
Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə
tutulmayıbsa, akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq
ölkədə akkreditasiya olunmalıdır.