Sevgili olan idmançılar soyğunçuluğun qarşısını aldılar

Baxış sayı: 2. 107 dəfə baxılıb.

Sevgili olan idmançılar soyğunçuluğun qarşısını aldılar

İngiltərənin peşəkar qadın kikboksçusu İman Barlou boksçu sevgilisi Sten Stannardla birgə İspaniyanın Malyorka şəhərində məzuniyyətdə olarkən uşaqlı adamı soyğunçulardan xilas ediblər.

Bu barədə “The Sun” yazır.

İki naməlum şəxs cütlüyün yaşadığı mehmanxananın yaxınlığında turisti divara sıxışdıraraq, onun 25 min funt (51,4 min manat – red.) dəyərində olan qol saatını oğurlamaq istəyib. İdmançı xanımın sözlərinə görə, cinayətkarlar skuterlə yaxınlaşıblar. Onlardan biri adamın əllərini tutduğu halda, digəri bahalı saatı çıxarmağa çalışıb.

Baş verənləri görən kiksboksçu Barlou onlara yaxınlaşıb və soyğunçulardan birini vuraraq yerə sərib. Saatı oğurlayıb qaçmağa çalışan digər cinayətkar isə boksçu Stannardın bir zərbəsi ilə zərərsizləşdirilib. 

İdmançılar polis gələnədək on dəqiqə ərzində soyğunçuları saxlayıblar.

Barlou hadisənin nə dərəcədə təhlükəli olduğunu sonradan anladığını bildirib. Oğrular bıcaq və tapança ilə silahlanmış ola bilərdilər. İdmançı qız həmin an bu barədə düşünmədiyini və sadəcə hisslərinə tabe olduğunu deyib.

Qız əlavə edib ki, adada istirahət edən turistin ailəsi cütlüyə təşəkkürünü bildirərək ona 50 avro (96,4 manat – red.) bağışlayıb.