Sevgilisi və atasını maşında yaxaladı, ömürlük məhkuma çevrildi – CİNAYƏT İŞİ
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kişi xəyanətə uğradığını zənn edərək sevgilisini və onun atasını qətlə yetirib.
Belə ki, Rəsul (Adlar şərtidir) və Ülkər ortaq dostlarının məclisində tanış
olub, daha sonradan bir-birilərini bəyənib və seviblər. Ülkər gözəllik
salonlarının birində işləyir və kirayə mənzildə yaşayırdı. Rəsul isə bir neçə
ildir ki, kiçik bizneslə məşğul olurdu və şəxsi evi var idi.
Rəsul demək olar ki, hər gün telefonda Ülkərin sosial şəbəkə hesabındakı
fotolarına baxır, ağlına xəyanət, yalan və olmazın fikirlər gəlirdi. Rəsulun
xasiyyətcə qısqanc olması Ülkərə məlum olsa da, onun barəsində nə düşündüyündən
xəbərsiz idi.
Hadisə baş verən gün Rəsul bütün işlərini atıb Ülkəri görmək üçün onun
işlədiyi yerə getmək qərarına gəlir. Rəsul avtomobili ilə Ülkərin iş yerinə
doğru yollanarkən onu yoxlamaq üçün zəng etmək, sanki heç nə baş verməyib kimi
sınamaq fikrinə düşür və bununla da hər şeyi ifşa etmək istəyir.
Ülkər Rəsuldan gizlətsə də, çox vacib bir görüşə gedirdi. Amma eyni zamanda
bilmirdi ki, Rəsul artıq onun yalan dediyini bilir və hər addımını maşınla
izləyir.
Şəhərin mərkəzindəki kafelərdən birini işlədən atasının yanına gələn Ülkər bir
vaxtlar ona hədiyyə üçün söz verdiyi evi görmək istədiyini deyir. Daha sonra
onlar birlikdə evə baxmağa gedirlər.
Beləliklə, Rəsul Vəfadar və Ülkərin restorandan çıxıb maşına minməsini görən
zaman sanki dəliyə dönür və əsəblərinə hakim ola bilmir. Düşüncələrində artıq
yad bir kişi ilə onu aldadan Ülkər formalaşmışdı.
Vəfadar Ülkəri ona bir ata olaraq söz verdiyi mənzili göstərməyə apararkən
Rəsul küçə-küçə, məhəllə-məhəllə onları izləyirdi. Ülkərə arabir zəng edir,
onunla əlaqəsiz söhbətlər edir, gərginliyini daha çox nifrətə çevirir,
ağlasığmaz hərəkətlərini etmək üçün uyğun zamanı gözləyirdi.
O an gəlib çatır, Rəsul öz avtomobilini Vəfadarın və Ülkərin əyləşdiyi
avtomobilə çırpır. Bu vaxt Vəfadar avtomobili saxlasa da, həm Vəfadar, həm də
Ülkər xəsarət alırlar.
Rəsul Vəfadarın avtomobilini vurduqdan sonra əvvəldən üzərində gətirdiyi
bıçağı götürərək Ülkərə tərəf gedir və ard-arda həm ona, həm də atasına bir
neçə zərbə endirərək hər ikisini qətlə yetirir. Daha sonra hadisə yerindən
qaçır. Üstündən bir müddət keçdikdən sonra isə könüllü olaraq hüquq-mühafizə
orqanlarına təslim olur.
Ətraflı Baku TV-nin süjetində: