40366a2e-9dc9-47d0-926b-4ccbc517dfa9.webp

Sevgilisinə görə falçıların səhifəsini oğurlayan gənc 36 mindən çox “PUL QAZANDI”

Baxış sayı: 104 dəfə baxılıb.

Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Babək rayonunun Güznüt kəndində
yaşayan 25 yaşlı Abbas Məmmədlinin falçılara məxsus iki səhifənin parolunu
sındıraraq ələ keçirməsi məlum olub.

Müəyyən edilib ki, Abbas Naxçıvanda Yasəmən (şərti) adlı qızla tanış olub.
Lakin bir neçə gün sonra həmin qız Abbasdan ayrılıb. Qızın baxıcı səhifələrinə
yazdığını bilən Abbas bundan sonra falçılara məxsus səhifələri ələ keçirərək,
falçı “Nailə” və “Bahar” adı ilə onunla yazışmağa başlayıb. Bu yolla o,
Yasəməni özünə yönləndirib və münasibətini bərpa edib. Həmçinin Abbas qızı
aldadaraq bəzi şəxslərin sağalması, ölməmələri, işlərin düzəldilməsi,
xoşbəxtlik yolları və s. adlarla ondan hissə-hissə 36 250 manat pul alıb.

Qızın atası evdə saxladığı pulların yoxa çıxdığını görəndən sonra hər şeyin
üstü açılıb və polisə müraciət edilib. Yasəmən pulları falçılara verdiyini
bildirib. Polis isə falçıların adı ilə yazan şəxsin əslində Abbas olmasını
müəyyən edərək onu saxlayıb. Gənc oğlan barəsində Cinayət Məcəlləsinin
178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.

Həbs ediləcəyini görən Abbas pulların böyük hissəsini, yəni 30 min manatını
polis idarəsində və məhkəmədə qızın ailəsinə qaytarıb. O, yerdə qalan 6 250
manat pulu da hər ay 1000 manat olmaqla qaytarmağa söz verib.

Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas
Məmmədli 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun ayağına elektron qolbaq taxılıb və Naxçıvan hüdudlarını tərk etməsi
qadağan olunub.

Source link