Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir.
Bunu ÇıxışYolu.Com-açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək:
“Zəlzələ barədə insanlara ilkin məlumat ərazidə qeydə alınan siqnallar əsasında verilir.
Hazırda isə əməkdaşlarımız Zaqatalada yer səthinin üstündə zəlzələnin hansı fəsadlar yaratdığını və yerdə onun hiss olunma dərəcəsi ilə bağlı araşdırma aparırlar.
Eyni zamanda geofizika və maqnit sahəsinin ölçüləri aparılır. Zaqatala ərazisində baş verən zəlzələdən sonra bir sutka ərzində 100 afterşok qeydə alınıb.
Ötən gün ərzində isə iki afterşok baş verib. Afterşokun olması müsbət haldır. Çünki onlar baş verdikcə, zəlzələ ocaqları azalır. Ehtimal ki, afterşokların olması davam edəcək”.
Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımından aktiv zonada yerləşir:
“Respublika üzrə Xəzər Dənizi hövzəsi, Şəki, Zaqatala, Gəncə, Daşkəsən və Cənubda Talış dağlıq hissədə zəlzələnin baş verməsində aktivlik var. Bu o demək deyil ki, həmin ərazilərdə yaşayan insanlarda qorxu yaşasın ki, yaşadığı ərazidə zəlzələ ola bilər.
Sadəcə olaraq bölgəmiz aktivdir və insanlar bunu bilməlidir”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com