Si Cinpinin həmlələri, ABŞ-nin səyləri: Regionda qeyri-kafi vəziyyət yarana
bilər – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 13-də Tayvanda prezident və qanunverici orqana seçkilər keçiriləcək
ki, bu da ABŞ ilə Çin arasında daha böyük güc rəqabətinə təsir göstərəcək.
Çünki bu seçkilər Şərqi Asiyada daha geniş təhlükəsizlik vəziyyətinin
konturlarını cızmaq üçün ABŞ ilə Çinin yarış meydançasına toplar atır.
Çin Tayvanı öz suveren nəzarətinə birləşdirmək, ABŞ isə həmin subyekti Pekinin
idarəetməsindən kənarda tutmaq məntiqi ilə həmin toplara zərbə endirmək
prinsiplərindən əl çəkməyiblər.
Böyük ehtimalla Pekin və Vaşinqton seçkinin nəticələri üçün fərqli oyun
təlimatları hazırlayıblar, lakin Çin böyük bir şövq və həvəslə Tayvanın mümkün
birləşdirilməsi üçün ata biləcəyi addımları prioritetləşdirir.
Bunu göstərən əlamətlər:
– Çinin hərbi və müdafiə sənayesindəki yüksəkvəzifəli məmurlarının işlərindən
uzaqlaşdırılması, yeni müdafiə naziri təyin edilməsi (admiral Dun Çzyun) Çin
Sədri Si Cinpinin Tayvanla əlaqədar səylərinin tərkib hissəsidir,
– Si Cinpin Yeni illə bağlı bəyanatlarında Çin mərkəzli beynəlxalq nizam
yaratmaq vizyonunu təkrarlayıb.
Seçki ərəfəsində Şimali Koreya ilə Cənubi Koreya arasındakı hərbi eskalasiya
riskinin çoxalması Çinə sərfəlidir, çünki Vaşinqtonun başı Seula dəstək olmaq
işinə qarışır.
Görünə bilər ki, Şimali Koreyanın Cənubi Koreyaya qarşı güc nümayişi Pekinlə
Pxenyan arasındakı gizli bir razılaşmanı həyata keçirən keçiddir.
Başqa bir tərəfdən, Rusiya Şimali Koreyanın raketlərindən Ukrayna
müharibəsində istifadə edir və bu nöqtədə Moskvanın da qarşılıq olaraq Pxenyana
dəstəkləri qabarır.
Deməli, Tayvandakı seçkilər fonunda Çin, Rusiya və Şimali Koreya bir ox
üzərində, ABŞ, Cənubi Koreya və Yaponiya isə fərqli ox üzərində dayanaraq
nəticələr düzəltməyə çalışırlar.
Bu o deməkdir ki, Tayvanın gələcək hüquqi strukturu ilə bağlı fərqli
yanaşmalar dərin geosiyasi mətləbləri üzə çıxaracaq və Çin ada ilə əlaqəli
səylərini artıracaq.
Çünki Si Cinpinin rəsmi açıqlamaları, üstəgəl onun ABŞ Prezidenti Co Baydenlə
görüşündə Tayvanla bağlı qətiyyətli bəyanatlar səsləndirməsi barədə dərc olunan
məlumatlar Pekinin səylərinin koordinatlarını düşünməyə imkan verir.
Deməli, yaxın gələcəkdə ABŞ ilə Çin rəqabətli münasibətlərini Tayvandakı seçki
və onun geosiyasi nəticələri fonunda davam etdirəcəklər.
Lakin ABŞ başa düşür ki, Şərqi Asiyadakı çəkindirmə qabiliyyəti qeyri-kafi
vəziyyətə düşə bilər və bu, Vaşinqtonun Çin qarşısında qlobal geosiyasi itki
ilə üzləşməsi riski ilə əlaqəlidir.
Belə bir şəraitdə ABŞ-nin regionda sülh və təhlükəsizlik yastığını necə
bərkidəcəyi suallar doğura bilər.
ABŞ-nin Çinə qarşı təkmilləşdirilmiş çəkindirmə qabiliyyəti yarada bilməsi
üçün resursları az deyil, ancaq Pekinin kontur həmlələri fonunda o, bir qədər
zəifləyə bilər.
Aqşin Kərimov