Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat
alacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu “Tamam o zaman” bəstəsi
plagiat çıxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən bəstə
aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin
“Gülüb getdi” mahnısının plagiatıdır.
Qeyd edək ki, Tahir Əkbər “Gülüb getdi”ni 1987-ci ildə bəstələyib. Sibel Can
isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən
həmin ifanı səsləndirib.
Maraqlıdır, mərhum bəstəkar Tahir Əkbərin ailəsi Sibel Candan təzminat
alacaqmı?
Mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər Bizim.Media-ya açıqlamasında heç
bir quruma müraciət etmək fikrində olmadıqlarını deyib:
“Həmin mahnını dinlədim, bütün nəqarət hissəsi oğurlanıb. Heç bir quruma
müraciət etmək fikrində deyiləm. Bilirəm ki, şikayət etsək belə, Müəllif
Hüquqları Agentliyindən heç bir reaksiya olmayacaq. Ona görə ki, bundan əvvəl
də türkiyəli kanon ifaçısı Halil Karadumanın “Rüyalarda buluşuruz” mahnısı
Tahir Əkbərin “Əzizim” bəstəsinin notbanot plagiatı idi.
Tahir müəllim “Əzizim” mahnısını 1989-cu ildə ərsəyə gətirib və Nisə Qasımova
onu ifa edib. Tahir müəllim hələ sağ idi, bu məsələ ilə bağlı hətta Türkiyə
səfirliyi ilə görüşdü, notlarını göstərdi, səfirin həyat yoldaşı Məltəm xanım
öz ölkəsinə zəng etdi ki, türk xalqına dələduzluq etmək olmaz. Bununla bağlı
Müəllif Hüquqları Agentliyinə də müraciət etdik, lakin heç kim reaksiya
vermədi. Üstəlik bizə deyildi ki, Azərbaycanda bu mahnı Tahir Əkbərin adına
olsun, Türkiyədə də onların…”
Aybəniz Əkbər qeyd edib ki, Tahir Əkbər sıradan bəstəkar olmayıb, Azərbaycanı
bir neçə dəfə xaricdə təmsil edib:
“2008-ci ildə Briliant Dadaşovanın ifasında Tahir Əkbərin “Amin” bəstəsi qızıl
diskə salınıb. Avropanın 20 ölkəsində səslənib. Bundan başqa, onun “El oğlu,
hay ver” əsəri Şanxayda keçirilən yarışmada 30 ölkə içində Azərbaycana
birincilik gətirib. Kim harada istəyir, Tahir müəllimin əsərlərindən istifadə
edir və az qala deyirlər ki, “biz yazmışıq”.
Qeyd etdiyim kimi, Sibel Canın mahnısının Tahir Əkbərin bəstəsinin plagiatlığı
ilə bağlı heç bir quruma müraciət etmək istəmirəm. Tahir Əkbər beyin əməliyyatı
keçirmişdi və əsəbdən öldü. Mənim bir qızım var və tez ölmək istəmirəm”.
Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik. Qurumdan
hələ ki sorğumuza cavab verilməyib.