477db3f0-c63a-48f4-8acd-5ea38417cd5f..jpg

Sığorta şirkətləri üçün iflas riski: Bazarda durum necə olacaq? – ARAŞDIRMA

Baxış sayı: 640 dəfə baxılıb.

Sığorta şirkətləri üçün iflas riski: Bazarda durum necə olacaq? – ARAŞDIRMA

2022-ci ilin 11 ayının nəticələrinə görə, avtomobillərin icbari sığortası üzrə
102,2 milyon manata yaxın sığorta haqqı yığılıb. Eyni dövr üçün sığorta
ödənişinin məbləği 82,3 milyon manat olub. Buraya İcbari Sığorta Bürosuna
ödənilən 5 faizlik ödənişi və digər xərcləri də gəldikdə, avtomobillərin icbari
sığortası üzrə şirkətlərin zərərliliyinin 100 faizi keçdiyi bildirilir. Proses
belə davam edərsə, kiçik və orta sığorta şirkətlərinin avtomobillərin icbari
sığortasından könüllü qaydada imtina edəcəyi də proqnozlaşdırılır.

Hazırda avtomobil sığortası ilə bağlı gündəmdə olan bir məsələ də var. Bu da
kiçik həcmli avtomobillərin sığortalanması ilə bağlıdır. Belə ki, sığorta
şirkətləri əvvəllər kiçik həcmli avtomobillərin sığortasından imtina edirdilər.
Səbəb də o idi ki, bu avtomobillərin sığortası onlara maliyyə cəhətdən sərf
etmir. Yəni kiçik mühərrikli avtomobillər üçün müştərilərdən daha az pul
aldıqlarını, daha çox ödədiklərini deyirlər.

Mərkəzi Bank ötən il bununla bağlı sığorta şirkətlərinə tapşırıq verdi, kiçik
həcmli avtomobilləri sığortalamaqdan boyun qaçıran şirkətlərin cərimələnəcəyini
bildirdi. Yəni Mərkəzi Bank işin üzərinə daha ciddi şəkildə düşüb və
avtomobillərin icbari sığortasını həyata keçirən şirkətlər müştərilərə “yox”
deyə bilməyəcəklər.

Sığorta şirkətləri ötən ili avtomobil sığortası ilə bağlı maliyyə cəhətdən çox
da uğurlu başa vurmayıblar. Növbəti ildə də “sərf etməyən” işi görməli olsalar,
bu bazarda durum necə olacaq?

“Kaspi”

qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Sığorta eksperti Hikmət Allahverdinin sözlərinə görə, avtomobillərin icbari
sığortası ilə bağlı yeni hesablamalarda artıq malus məntiqi ciddi istifadə
edilməyə başladı ki, bu da hadisə törətmiş sürücülər üçün sığorta haqqını
nəzərəçarpacaq dərəcədə artırıb. Yəni ötən il hadisə törətmiş sürücü növbəti il
sığorta etdirəndə, daha çox məbləğ ödəməli olur. Amma ekspert bu dəyişikliyin
problemi köklü həll etmədiyini düşünür.

H.Allahverdi bildirdi ki, Mərkəzi Bankın kiçik həcmli mühərrikə sahib
avtomobil sahiblərinin “icbari sığorta” əldə etmələrini təmin etmək məqsədilə
almış olduğu qərar problemin qısa müddətdə həlli yolunda yaxşı rol oynasa da,
bir müddət sonra problemin yeni formada təzahürü qaçılmazdır: “Belə ki, bu
qərarla demək olar ki, sığorta vasitəçiləri oyundankənar vəziyyətə salındı.
Sığorta şirkətlərinin onlayn şəkildə bu məhsulun satışını həyata keçirmələri
“zərərli portfel”in bir neçə məşhur şirkətə axmasını təmin edəcək. İlk baxışda
bu axından kənarda qalan şirkətlər üçün müsbət görünsə də, onların da “icbari
sığorta” sata bilmədikləri müştərilərə könüllü sığorta satma ehtimalları ciddi
şəkildə azalacaq. Bu da sektorun ən çox satılan avtomobil sığortası (icbari və
könüllü) növündə bu şirkətlər üçün pay itkisi deməkdir”.

H.Allahverdi sığorta şirkətlərinin özlərinin bu sığorta növündən könüllü
imtina etməsinin o qədər asan olmadığını deyir: “Çünki bu sığorta növü sektorun
hərəkətverici qüvvəsidir. Müştəriyə “YOX” deyib, digər növlərin satışını da
sual altına salmamaq üçün şirkətlər bu məhsulu öz “vitrin”lərində saxlamaqda
maraqlıdırlar. Kiçik və orta sığorta şirkətləri bu bazardan pay almaq üçün
əvvəllər olduğu kimi agentlərə ciddi komisyonlar vəd etməklə çıxmaq
istəyəcəklərsə, bu da yenidən ötən ilin sonlarında müşahidə etdiyimiz problemi
təkrarlayacaq. Bu baxımdan nəzarətedicinin üzərinə böyük yük düşür və düşünürəm
ki, son qərarlar keçici xarakter daşıyır, problemin fərqindədirlər və ümid
edirəm ki, həlli üçün də qərarları olacaqdır”.

Ekspert qeyd etdi ki, “İcbari avto” sığorta haqlarının hesablanması qaydasında
avtomobilin istifadə tərzinin meyar kimi götürülməsi problemin həllində ciddi
rol oynaya bilər: “Taksi kimi fəaliyyət göstərənlərin qeydiyyatının şəffaf
olmaması, vahid platformada toplanmaması bunu hələ ki mümkünsüz edir, amma
həmişə mümkün olmayacağını da demək olmaz. Görünən odur ki, sığorta şirkətləri
yeni məhsullar, xüsusilə könüllü sığortalar üzərində işləyib və satışını təşkil
etməsələr, regionlarda aktivləşməsələr, onları asan olmayan dövr gözləyir”.

Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) ünvanldığımız sorğuya cavab
olaraq bildirildi ki, bütövlükdə sığorta bazarında, o cümlədən avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avtoicbari)
sahəsində davamlı olaraq monitorinqlər həyata keçirilir. “Monitorinq zamanı
bütün sığorta sinifləri və sığortaçılar üzrə statistik məlumatlar dərin və
hərtərəfli şəkildə təhlil edilərək zərərlilik səviyyələri, onların inkişaf
meylləri, habelə onlara təsir edən müxtəlif amillər nəzərdən keçirilir. Həyata
keçirilən təhlil və qiymətləndirmələrin nəticələrindən asılı olaraq, sığorta
bazarının inkişaf perspektivləri və istiqamətləri nəzərə alınmaqla Mərkəzi Bank
tərəfindən müvafiq qərarlar qəbul edilir”, – deyə Mərkəzi Bankdan bildirildi.

Source link