f1afd651-870d-42c0-a1de-c058e881beec..jpg

Sığorta şirkətlərinin yaratdığı problemlər: Kim haqlıdır? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

Sığorta şirkətlərinin yaratdığı problemlər: Kim haqlıdır? – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçikmühərrikli avtomobil sahiblərinin sığorta ilə bağlı yaşadıqları
problemlər bitmək bilmir. Sürücülər bildirirlər ki, sığorta şirkətləri bu tip
avtomobillərin sığortasına həvəs göstərmirlər. Müxtəlif maneələr yaradırlar.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Narazı qalanlar məhkəməyə müraciət etsinlər”

Fərdi fəaliyyət göstərən sığortaçı Sadiq Qulamov düşünür ki, avtomobil
sahibləri özləri bu məsələdə israr etmirlər: “Nə sığorta şirkətlərinin, nə də
dövlətin müəyyən etdiyi qiymətlərdə problem mövcud deyil. Sadəcə, sığorta
şirkəti hesablayır, bir qiymət təyin edir, amma bu müştərini qane etmir.
Müştərilər narazıdırlarsa, məhkəməyə müraciət edib istədikləri məbləği ala
bilirlər. Sadəcə, zərərçəkənlər laqeydlik göstərirlər”.

Həmin limit bərpa olunur

Sığorta eksperti İlkin Nəcəfov deyib ki, şirkətləri də anlamaq lazımdır:
“Sığorta şirkətləri xeyriyyə yox, kommersiya təşkilatlarıdır. Qarşılarında
tələb var ki, həm də pul qazanmalıdırlar. Sığorta şirkətlərinin müraciət edən
sığortaçıya ödəniş etməmək kimi hüquqları yoxdur. Avtomobil sahibləri istənilən
sığorta şirkətinə yaxınlaşıb icbari sığorta ilə bağlı müraciət edə bilərlər.
Şirkətlər isə imtina edə bilmədikləri üçün işi yubadırlar”.

İ.Nəcəfov bildirib ki, icbari sığorta qaydalarına əsasən, hər gün qəza
törətsən də, sığorta şirkəti o zərəri ödəməlidir: “Həmin limit bərpa olunur.
Yəni bir dəfə ödənildiyi sıfırlanmır. Bu gün bizdə elə sığorta şirkətləri var
ki, könüllü şəkildə avtomobillərin icbari sığortasından imtina ediblər. Bir
sıra şirkətlər də bu sıraya qoşulmağı düşünürlər. Hətta satışları dayandıranlar
da mövcuddur. Bu da onu göstərir ki, icbari sığorta sahəsindəki toksik
faktorlar sığorta şirkətlərinin maliyyə təhlükəsizliyi, həmçinin fəaliyyəti
üçün təhdiddir. Bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta
şirkətləri qərara gəldilər ki, maliyyə sığortasına gələn pulla ümumi icbari
sığortaya dəyən zərəri müəyyən qədər kompensasiya etsinlər. Həmçinin, sığorta
haqlarının qaldırılması ilə dəyən zərər ödənilsin. Lakin bunun da nəticəsi
olmadı”.

Taksilərdə qəzaların sayı çox olur

Ekspert qeyd edib ki, ən çox problem taksilərdə olduğu üçün bu istiqamətdə
müəyyən addımların atılması planlaşdırılır: “Keçən ilin oktyabr ayından
FİN-koda görə bonus-malus hesablanan zaman artıq sürülən yer, sürücünün yaşı,
zərərin dərəcəsi, maşının ili, verilən etibarnamələr – hamısı nəzərə alınır.
Mərkəzi Bank tənzimləmə ilə bağlı düşünürdü ki, taksilər üçün risk əsaslı ayrı
bir kateqoriya yaratsın. Yəni taksi fəaliyyəti olduğu üçün optimal əmsal tətbiq
edilsin. Bu, ona görədir ki, nəqliyyat vasitəsi nə qədər çox sürülürsə, hadisə
törətmək ehtimalı da o qədər yüksəkdir. Taksilərdə davamlı qəzaların sayı çox
olur. Həmin maşınların çoxuna dəyən zərər 1000 manat ətrafındadır. 10 faiz
hallarda tam zərər ola bilir”.

Günah taksi şirkətlərindədir

İ.Nəcəfovun fikrincə, bu məsələdə taksi sürücüləri də günahkar deyillər:
“Taksilərlə bağlı bunu da nəzərə almalıyıq ki, şirkətlər taksi sürücülərinin
qarşısına şərt qoyur ki, 25 gediş etməlisən. Ona görə sürücülər yatmırlar,
dincəlmirlər. Belə olan halda qəza riski də artır. Burada əsas günahkar
maşınları alıb taksi parkı yaradan şirkətlərdir. Çünki onlar həm maşınları, həm
də sürücüləri həddindən artıq istismar edirlər”.

Sığorta şirkətləri də narazıdır

Müsahibimizin sözlərinə görə, sığorta şirkətləri də taksi kimi istifadə olunan
avtomobilləri sığortalamaqdan yayınırlar: “Ehtimal ki, Mərkəzi Bank taksi
fəaliyyəti ilə bağlı tənzimləyici əlavələr edəcək. Onların sığorta qiyməti daha
da artacaq. Amma burada bəzi məqamlar var. Məsələn, hadisə baş verdikdə həmin
avtomobilin taksi olub-olmadığını müəyyənləşdirməklə bağlı boşluqlar mövcuddur.
Çünki bəzi taksi sürücüləri kasko sığortası etdirirlər, ondan sonra isə taksi
kimi fəaliyyət göstərirlər. Bu halda sığorta şirkətləri şərt qoyurlar ki, maşın
taksi fəaliyyəti üçün istifadə olunsa, sığortanı ödəməkdən imtina edəcəklər.
Hadisə olur, taksinin heç bir yerdə qeydiyyatı yoxdur, sığorta şirkətindən
fəaliyyətini gizlədir, bu da çətinliklər yaradır. O cümlədən sığorta edən vaxt
avtomobilin hansısa taksi şirkətinin balansında olub-olmamasını
müəyyənləşdirəcək kriteriyalar hələ ki, mövcud deyil. Bununla bağlı da dövlət
tənzimləməsinə ehtiyac var”.

Çıxış yolu taksilərin sayını azaltmaqdır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin baş
müəllimi Bulud Bağırov da düşünür ki, bu sahədə ən böyük problem taksi kimi
istifadə olunan avtomobillərlə bağlı yaşanır: “Hüquqi cəhətdən sığorta
şirkətlərinin etdiyi hərəkət qanunsuzdur. Fikrimcə, onlar
cəzalandırılmalıdırlar. Avtomobil sahibləri isə yaşından asılı olmayaraq,
təlimdən keçməlidir. Çünki sürücülərin əksəriyyəti sürücülük vəsiqəsini
müxtəlif yollarla əldə edirlər. Təlim keçsələr, ən azından yol hərəkəti
qaydalarını bilərlər. Hər gün qəzalarla qarşılaşırıq. Qəzaların 70-80 faizini
törədən taksilərdir”.

B.Bağırovun fikrincə, çıxış yolu taksilərin sayını azaltmaqdır: “Hazırda
bazarda ən azı 20-30 taksi şirkəti mövcuddur. Azaltmaq üçün ya onların
qarşısında müəyyən şərtlər qoyulmalı, ya da Bakının rayonları üzrə bölünməli,
taksi parkları yaradılmalıdır”.

Source link