Silahlı Qüvvələrə yığılan vəsait hara gedir? – RƏSMİ MÜNASİBƏT

Silahlı Qüvvələrə yığılan vəsait hara gedir? – RƏSMİ MÜNASİBƏT

Baxış sayı: 8. 508 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata əsasən, 2018-ci ilin 1 mart tarixinədək fonda 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Maraqlıdır, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılan fonda ayrılan vəsait hansı məqsədlər üçün istifadə edilir?

Ümumiyyətlə, bu fondun vəzifəsi, iş strukturu nədən ibarətdir və hansı hüquqlara malikdir? 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azpress.news-ın sorğusuna cavab olaraq bildirilib ki, yaradılan fondun əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir:

“Bakı şəhərində yerləşən fondun sərəncamçısı Azərbaycan Respublikasının prezidentidir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

Əsas vəzifəsi Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək, könüllülük əsasında vəsait cəlb edilməsi üçün KİV-lərdə təbliğatın aparılmasından ibarətdir.

Fond hüquqi şəxs kimi öz məqsəd-vəzifəsinə müvafiq şəkildə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada bir sıra hüquqlara malikdir. Bunlar məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, hüquqi və fiziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq, Azərbaycan Respublikasının banklarında milli və xarici valyutada hesablar açmaq, ölkə daxilində və xaricdə sövdələşmələr aparmaq, həmçinin sərgilərdə, seminarlarda və digər tədbirlərdə iştirak etmək, daşınar və daşınmaz əmlak satın almaq və icarəyə götürməkdir”.

Fonda ayrılan vəsaitin hansı məqsədlər üçün istifadə edildiyi məsələsinə gəldikdə, Müdafiə Nazirliyindən qeyd ediblər ki, fondun bütün xərcləri Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi xərclər proqramı çərçivəsində və pul vəsaitlərinin verilməsi, köçürülməsi isə Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamı əsasında fondun icraçı direktoru tərəfindən həyata keçirilir: 

“Yaradılan fondun vəsaiti hərbi texnika, silah və sursatların alınması, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması, hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması kimi məqsədlər üçün istifadə olunur.

Bu tədbirlər həyata keçirildikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fondun fəaliyyətinin əsas istiqamətlərini, uzunmüddətli proqramlarını və onların gəlir və xərclər proqramlarını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir”.

.
www.ÇıxışYolu.Com