Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti
Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət
edib.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə 2022-ci il noyabrın 11-də keçirilən Türk Dövlətləri Təşkilatının
Səmərqənd Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi dövləti statusunu
əldə etdiyini deyən Prezident Ersin Tatar zəngin Türk tarixi, mədəniyyəti,
ədəbiyyatı və musiqisindən söz açaraq, ölkəsinin və xalqının Türk dünyasının
bir parçası olduğunu vurğulayıb.
O, Şimali Kipr Türk Respublikasının tezliklə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun fəaliyyət göstərdiyi ölkələr sırasında yer alacağına ümid
etdiyini bildirərək, bu vasitə ilə təşkilatla birgə müxtəlif layihələrə imza
atılacağını qeyd edib.
Söhbət zamanı Fondun prezidenti Günay Əfəndiyeva ortaq soy-kök, adət-ənənə,
dil, folklor, din kimi amillərin Türk dövlətləri arasındakı dostluq və
qardaşlıq əlaqələrinin təməlində dayandığını, Türk dünyasının birgə gələcəyi
üçün möhkəm zəmin yaratdığını bildirib. Günay Əfəndiyeva çoxəsrlik Türk mədəni
irsinin qorunması və nəsillərdən nəsillərə ötürülməsi istiqamətində Fondun
genişmiqyaslı fəaliyyəti və beynəlxalq layihələri haqqında məlumat verib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlığın
perspektivlərinin müzakirəsi ilə davam edib.