Şimali Koreya yeni raket sınağına hazırlaşır?

Baxış sayı: 4. 295 dəfə baxılıb.

Şimali Koreyanın peykdən çəkilmiş yeni şəkilləri ölkə rəhbərliyinin söküləcəyini vəd etdiyi Tonqçanq raket buraxılış meydançasında yenidənqurma işləri apardığını əks etdirir.

Bu barədə BBC məlumat yayıb.

Maraqlıdır ki, şəkillər ABŞ və KXDR liderləri arasında Vyetnamda yarımçıq qalmış nüvə danışıqlarından iki gün sonra əldə olunub.

Tonqçanq “kosmodrom”undan əvvəllər süni peyklərin buraxılışı və mühərrik sınaqları üçün istifadə olunub. KXDR rəhbərliyi qeyd olunan meydançada heç vaxt ballistik raket buraxılışı həyata keçirmədiyini əmin edir.

Onun sökülməsi ilə bağlı işlər ötən il başlasa da, ABŞ-Şimali Koreya dialoqunun “daşa dirənməsindən” sonra söküntü işləri dayandırılıb.

Qeyd edək ki, KXDR rəhbərliyi ilk Tramp-Kim Çen In görüşündə Pxenyan və Vaşinqton arasında qarşılıqlı etibar körpüsü qurmaq üçün sözügedən kosmodromu sökməyi vəd etmişdi.