Siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair layihə
III oxunuşdan keçib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclis siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına
dair sənədi III oxunuşda təsdiqləyib.
“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III
oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini
tapıb.
Dəyişikliklə aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün
43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların
əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Layihədə qeyd edilib ki, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş,
tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi
üçün 16 manat olacaq.
Hazırda isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar)
tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manatdır.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin
hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.
Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan
denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan
denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və
tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak
materiallarının hər litri üçün 4 manatdan 4,8 manata çatdırılır.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda
qəbul edilib.