Pensilvaniya universitetinin Skot Halpernin başçılıq etdiyi tədqiqat qrupu elektron siqaretlərin siqareti tərgitməyə kömək etmədiyini müəyyən edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda məqalə “New England Journal of Medicine” jurnalında dərc olunub.
Tədqiqatçılar öyrənib ki, siqareti tərgitmək üçün ən yaxşı vasitə həmin şəxsin pul mükafatı ilə şirnikləndirilməsidir.
Tədqiqatda altı minə yaxın siqaret çəkən şəxs iştirak edib. Könüllülər siqareti tərgitmə metodları əsasında bir neçə qrupa bölünüb.
Birinci qrupda olan insanlara sağlam həyat tərzinin faydaları ilə bağlı motivasiya verilib. İkinci qrupda olan insanlara nikotin plastırları və müxtəlif əczaçılıq preparatları təqdim olunub.
Üçüncü qrupda olan könüllülərə elektron siqaretlər verilib. Son iki qrupda yer alan şəxslərə isə nikotin plastırı və digər metodlarla yanaşı, siqareti tərgitməyə görə 600 dollar mükafat təqdim olunub.
Şərtə görə, onlar altı ay ərzində siqaretə yaxın durmamalı olublar. Əks təqdirdə testin sonunda bu mükafatdan məhrum ediliblər.
Məlum olub ki, iştirakçılara adi yardımın təklif olunduğu qruplarda testin sonuna yalnız könüllülərdən 0,1 faizi siqaret çəkməyi tərgitib. Digər qruplarda bu göstərici 0,5-3 faiz civarında dəyişib. Ən yaxşı nəticə isə pul mükafatı olan qrupda qeydə alınıb.