Şirkətdəki üçüncü güc mərkəzi: Samir bəyin sürprizi

Şirkətdəki üçüncü güc mərkəzi: Samir bəyin sürprizi

Baxış sayı: 2. 155 dəfə baxılıb.

Şirkətdəki üçüncü güc mərkəzi: Samir bəyin sürprizi

Fəxri Ağayev yazır…

Səhər saat 07:29. Samir bəy ofisdədir. 

Artıq bir ildir ki, şirkətdədir.

Firma sahibi Novruz müəllim şirkətə gəlməsi üçün onunla uzun danışıqlar apardı. İlk görüşdə sahibkarın birinci cümləsi belə olmuşdu:

“Bezmişəm. Yorulmuşam. İşlər gedir sanki, amma hiss edirəm ki, geriləyirik. Şirkət ikiyə bölünüb, qruplaşmalar daim müharibə aparır. Hər rəhbər özünü bir xan kimi hiss edir. Sistem qurmaq lazımdır”. 

Möcüzəvi söz – sistem. Samir bəyi öncəki böyük şirkətlərdəki təcrübələrindən narahat edən bir neçə vacib məqam vardı. 

Birincisi, reformlar və sistemin qurulması uzunmüddətli işdir.

İkincisi, sahibkarın birbaşa şəxsi dəstəyi çox vacibdir.

Üçüncüsü, qarşı çıxanlar olacaq. Yaxınlardan, qohumlardan, yerlilərdən…

Onlardan bəziləri açıq və ya qapalı sabotaj edəcəklər. Kimisə işdən uzaqlaşdırmaq lazım olacaq. Qətiyyət vacibdir.

Dördüncüsü, işə peşəkarlar cəlb edilməlidir, çünki bu işlər xalaoğlu, xanımın qardaşının dostu və yaxşı oğlanlarla getməz – mütəxəssislər lazımdır.

Beşincisi, bu peşəkarlara sərbəstlik və məsuliyyətlə bərabər, həm də səlahiyyətlər verilməlidir. 

Buna hazırdırmı sahibkar?

Gözlədiyi cavabları alırdı – bəli, hazıram, amma insanları da dəyişərik, düzələrlər, yaxşı adamlardır, əslindlə qəlbləri pis deyil.

Samir bəyin təcrübəsi göstərirdi ki, insanlar dəyişmir – sadəcə maska taxır, amma altdan işlər görür və arxadan zərbələr vururlar.

Sistem qurulmağa başlayır və… 

Uzunmüddətli işə təsdiq verən sahibkar artıq 2-ci ayın sonunda səbirsizlik edir.

Sahibkarın şəxsi dəstəyi vacibdir – bunu öncədən təsdiq edən və söz verən sahibkar artıq qohumların təzyiqlərinə dözməyərək bəzi məqamlarda geriləməyə başlayır: “Müəllim, bəlkə hələlik filankəsə toxunmayaq? O biri işlərə baxaq. Hə?”.

Bu cümlədən sonra artıq geri dönüş başlayır.

Peşəkarlar cəlb edilməlidir – bu adamlara münasibb maaş verilməli və münasib iş şərtləri təmin edilməlidir. Peşəkar və özünə güvənən mütəxəssis özünü sübut etmək üçün həftədə yeddi gün işləməyəcək – o, beş gün axşam 18.00-a qədər işləyər, amma effektiv olar və nəticə verər.

Şou etməz – iş görər. Ümumi sözlər deməz – rəqəmlərlə danışır. Amma peşəkarın fəaliyyətinin nəticələri üçün zaman, münbit şərait və sərbəstlik lazımdır.

İki ay sonra isə köhnə komanda ilə mübarizədə enerji və güc itirən mütəsəssis artıq nəticə verə bilmir və bunu sahibkara ilk öncə elə ona maneə törədənlər deyirlər.

Sahibkar da sual verir: Niyə nəticə yoxdur?

Dəfələrlə görüşdülər, Novruz müəllim söz verirdi ki, dəstək verəcək, peşəkarlar üçün büdcə ayıracaq, sərbəstlik verəcək, köhnə komandanı dəstəkləməyəcək…

Köhnə komanda haqda danışanda Novruz müəllim hər dəfə öz təəccübünü qeyd edirdi – axı biz onlarla bu işə başladıq… İndi isə onlar işin gedişatının qarşısını alırlar.

Samir bəy bir il öncə təklifi qəbul etdi və işə başladı. 

Samir bəydən öncə şirkətdə iki güclü qruplaşma vardı – Novruz müəllimin tərəfindən olan insanlar və digər ortağının tərəfindən olanlar.

İki güc mərkəzi vardı şirkətdə və bütün işlər bu mübarizə arasında baş verirdi. Şirkətin mənfəəti, mənafeyi, gələcəyi hər mövzuda hansı qrupun güclü gələcəyindən asılı idi. Novruz müəllim bunu görür və aciz-aciz seyr edirdi.

Digər ortaq, dövlət məmuru olan Rasim bəy şirkətin fəaliyyətlərində aktiv olmasa da, onun  adamları kifayət qədər güclü idilər. Novruz müəllim də, Rasim müəllim də bu vəziyyətdən, didişmələrdən, qruplaşmalardan bezmişdilər.

Samir bəyin iş həyatı müharibəyə gedən zabitin həyatına çevrilmişdi. Hər gün işə səhər tezdən gələrkən hiss etdiyi gərginliklə bərabər həm də kimlərə qarşı hansı taktika işlədəcəyini, kimə nələri, necə, hansı formada deyəcəyini, kimin tələlərinin qarşısının alınması üçün hansı addımları atacağını düşünürdü. 

Keçən bir ili gözdən keçirdi – nələr etmişəm mən?

İlk olaraq hər kəslə dərindən tanış oldum və hər insanın şəxsi keyfiyyətlərini ən gözə görünməz hissələrinə qədər gördüm.

İkincisi, şirkətə ən vacib vəzifəyə bir peşəkarı gətirdim – HR müdiri, yəni, insan resursları rəhbəri Ruqiyyə xanımı.

Bəli, onu başqa şirkətdən çıxardım gətirdim və özümü buna görə də çox məsuliyyətli hiss edirəm.

Ruqiyyə xanımı niyə seçdim? Ona görə ki, peşəkar biliklərinə əlavə olaraq psixoloji olaraq güclüdür, səbirlidir, addım-addım məqsədlərinə doğru getməyi bacarır və ən əsası toqquşmalardan qorxmur.

İkinci nəticə o oldu ki, artıq üçüncü güc mərkəzi oldum şirkətdə. Məndən öncə Novruz müəllimin və Rasim müəllimin adamları olaraq iki güc mərkəzi vardı və hər birində də iki sahibkarın qohum-əqrəba, yerli, dost-tanışları var. İndi mən artıq üçüncü güc mərkəziyəm.

Bunun mənfi tərəfi də var – öncə bir-biri ilə mübarizə aparan iki qrup bu gün artıq mənə qarşı birləşiblər. Amma olsun, problem deyil.

Bu bir il ərzində çüncü nəticə o oldu ki, Novruz müəllim də, Rasim müəllim də öz komandalarının əsl iç üzlərini gördülər. O adamları yerlərindən tərpətmək üçün çox vacib üstünlüklər və ciddi zaman lazım idi…

Və Samir bəyin fikirləri yenə aylıq iclasa keçdi. Dekabr ayının ilk beş günündə iclasa qərar verilmişdi.

Aylıq iclaslar qruplar arasında müharibə meydanına çevrilirdi. Bu iclasda hər kəs üçün Samir bəyin sürprizləri var idi və hər iki sahibkar da bunları təsdiqləmişdi.